Təbii ki, Salome Zurabişvilinin səsi o xorla uzlaşa bilməzdi
Azərbaycandakı bütün uşaqlar kimi mən də ötən əsrin 65-70-ci illərində “Gürcüstan” deyəndə öncə “Dinamo” Tbilisi futbol komandasının ustalığı, sonra isə “Orero” (“Orera”) vokal- instrumental ansamblının uğurları haqqında düşünürdüm. Müəllimlərimiz deyirdilər ki, dünyada ən mükəmməl xor nümunələrini məhz gürcülər yaratmışlar. O da yadımdadır ki, Azərbaycanın ən məşhur sənət adamlarından olan Vaqif Mustafazadə 1964-cü ildə Tbilisiyə yollanmış, “Orera” vokal-instrumental ansamblında işləmişdi. Gürcülər onu bu ansambla musiqi rəhbəri dəvət etmişdilər və Vaqif də özünü doğrultmuşdu.
Qərəz, XX əsrin üçüncü onilliyində gürcülərin əsrlərdən bəri formalaşdırdıqları mükəmməl xor nümunələrinə yad səslər, xaric ( bəli, həm də xarici) notlar, anti - Gürcüstan taktlar, Qafqaza aid olmayan ahənglər qatmağa çalışanlar da tapıldı. Həmin “çalışqan”ların önündə isə Fransa Prezidenti Emmanuel Makron gedir. Bu adam Gürcüstandan nə istəyir? Heç nə. Sadəcə çalışır ki, gürcü xoru pozulsun, ölkədəki siyasətçilərin hərəsinin ağzından bir hava çıxsın, xaos, özbaşınalıq yaransın və Afrikadan qovulan fransız əsgərləri Gürcüstan dağlarında, Kür çayı sahillərində yerləşdirilsinlər. Başqa heç nə istəmir.
Yadımdadır, Emmanuel Makron hələ ötən ilin mayında Gürcüstan Prezidenti Salome Zurabişviliyə göndərdiyi məktubda yazırdı ki, Gürcüstan öz yolunu – Avropaya gedən yolunu – özü seçməlidir. Diqqət yetirin, “öz yolunu” deyir, ardınca isə “Avropaya gedən yolu” diqtə edirdi.
Vaxt ötdü, zaman keçdi və gürcü xalqı öz yolunu seçəndə Makron yenə də səsi gürcü xoru ilə həmahəng olmayan Salome Zurabişviliyə məktub göndərdi. Həmin məktubu oxuyan xanım keçmiş prezident elan elədi ki, dekabrın 29-da mənim prezidentlik səlahiyyətim başa çatır: “ Ancaq mən iş otağımdan axırıncı dəfə çıxanda öz legitimliyimi də götürüb gedəcəm”. Yəni, orada olmasam da, Gürcüstanın legitim prezidenti mənəm.
İndi ortaya sual çıxır: Emmanuel Makron və Parisdən məqsədli şəkildə göndərilmiş Salome Zurabişvili o qədər anlamaz oldular ki, bütün dünyanın gözü qarşısında Gürcüstanın daxili işlərinə kobudcasına qarışdıqlarının fərqinə varmasınlar? Onlar bunun fərqinə varmasalar da, dünya siyasətçiləri Gürcüstanda müşahidə edilən fransız dirijor çubuğunu çox yaxşı görür.
Dost ölkə parlamentinin Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadagişvili mətbuata verdiyi müsahibələrin birində xatırladıb ki, Prezident İlham Əliyev Gürcüstandakı vəziyyəti yaxşı bilir və obyektiv qiymətləndirir: “Azərbaycan Prezidenti İlham Əliyev məlumatlıdır və Gürcüstandakı vəziyyəti yaxşı bilir. Onun qiymətləndirməsi, əlbəttə, real vəziyyətə uyğundur.
Ölkələr arasındakı əlaqələrin daha da inkişafı üçün qarşılıqlı dəstək əhəmiyyətlidir. Biz bir-birimizin inkişafına kömək etməliyik və bu münasibətləri hərtərəfli şəkildə gücləndirməliyik. Gələcəkdə bu əlaqələrin daha da möhkəmlənməsi tərəflər üçün faydalı olacaq və beynəlxalq məsələlərdə güclü tərəfdaşlıq əlaqələrinin inkişafına şərait yaradacaq”.
Yeri gəlmişkən, mətbuatın yazdığına görə, Fransanın bu Cənubi Qafqaz dövlətinin daxili işlərinə qarışmaqdan əl çəkmədiyini nəzərə alan Gürcüstan parlamentinin spikeri Tbilisidəki fransız səfiri ilə sadəcə “məzələnib”. Belə ki, səfir Şiraz Qəsri (Sheraz Gasri) Gürcüstanın daxili işlərinə kobud sürətdə qarışaraq “X" sosial şəbəkəsində yazıb ki, Emmanuel Makron demokratiya və azadlıq döyüşçülərinə dəstəyi xarici siyasətimizin prioriteti hesab etdiyi üçün nümayişçilərin və Zurabişvilinin cəsarətini yüksək qiymətləndirərək Gürcüstanda yeni seçkilərin siyasi böhrandan çıxış yolu ola biləcəyini vurğuladı”.
Bu absurd və iyrənc münasibətə cavab verən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “X” platformasında yazıb:“Fransanın daxili siyasətinə qarışmaq fikrim yoxdur, amma nəzərə alsaq ki, fransızların 61 faizi prezident Makronun istefasını, 50 faizi isə Milli Assambleyanın buraxılmasını dəstəkləyir, yeni seçkilər siyasi böhrandan yaxşı çıxış yolu ola bilər” ((https://sputnik-georgia.ru/).
Son günlər gürcü mətbuatında daha bir maraqlı arqumentlə rastlaşırıq. Belə ki, “Qərb, xüsusən, Fransa nə üçün Gürcüstana qarşı belə aqressiv, bağışlanılmaz mövqe tutur?” – sualına cavab verən Tbilisi meri Kaxa Kaladze deyib ki, bunun bir neçə səbəbi var. Həmin səbəblərdən biri Tbilisinin Rusiyaya qarşı açılması istənilən “ikinci cəbhəyə” qarışmamasıdır. İkinci səbəb isə: “Sən demə Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması cinayət imiş”.
Kaxa Kaladze onu da əlavə edib ki, heç kəs Gürcüstanı sanksiyalar və şantajla qorxuda bilməz.
İttifaq MİRZƏBƏYLİ
[email protected]