Ohanyanın başı dərddə

post-img

2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın başı dərddədir. Hazırda ölkə parlamentindəki müxalifətçi “Hayastan” fraksiyasına rəhbərlik edən S.Ohanyana qarşı Ermənistan baş prokurorluğu yeni ittiham irəli sürüb. Bu barədə ölkənin korrupsiyaya qarşı mübarizə məhkəməsində keçirilən məhkəmə iclasında məlumat verilib.
Bundan əvvəl kassasiya məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın və onun tabeliyində olan şəxslərin hələ də qanuni qüvvəyə minməmiş bəraət hökmünü ləğv edərək, işi yeni məhkəmə baxışı üçün korrupsiyaya qarşı mübarizə məhkəməsinə göndərib. Dünən korrupsiyaya qarşı mübarizə məhkəməsində bu iş üzrə dinləmələr keçirilib. Yeni ittiham 2008-ci il martın 1-də baş vermiş iğtişaşlarla bağlıdır. Prokurorlardan birinin dediyi kimi, Ohanyan vəzifə səlahiyyətlərini aşmaqla ehtiyatsızlıq nəticəsində ağır nəticələrə səbəb olan güc tətbiq etməkdə ittiham olunur. Bu maddə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Qeyd edək ki, R.Koçaryan, S.Ohanyan, həmçinin Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan konstitusiya quruluşunu devirməyə cəhddə (Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi) ittiham olunublar. 2021-ci ilin martında konstitusiya məhkəməsi bu maddəni əsas qanuna zidd hesab edib və işə xitam verilib. Ancaq proses 2024-cü ilin sentyabrında bərpa edilib. Prokurorlar Koçaryan və Xaçaturovun hərəkətlərini yenidən tövsif edib və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürüblər. İttiham Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin ikinci hissəsinin beşinci bəndinə uyğundur. İttihamlar 2008-ci il martın 1-də baş vermiş prezident seçkilərindən sonra Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifətin səsvermənin nəticələrinə qarşı etiraz aksiyaları keçirdiyi zaman baş vermiş hadisələrlə bağlıdır. Etirazlar İrəvanda iğtişaşlara çevrilib, nəticədə rəsmi məlumata görə, 10 nəfər həyatını itirib.
Qeyd edək ki, S.Ohanyan Azərbaycan xalqına qarşı törətdiyi əməllər səbəbindən ölkəmizə yaxşı tanışdır. 1962-ci ildə Şuşada doğulub. Atası Ermənistanın Gorus şəhərindən, anası isə Şuşa rayonunun Daşaltı kəndindəndir. Virtual ensiklopediya – “Vikipediya”da S.Ohanyanla bağlı məqalədə qeyd edilib ki, onun dünyaya gəlməsindən bir neçə il sonra ailə ermənilərin yaşadığı Azərbaycanın Şəmkir rayonunun Atabəy kəndinə köçüb. O, 1979-1983-cü illərdə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandandirləri ­Məktəbində hərbi təhsil alıb.
S.Ohanyan sonradan nankor çıxıb. Azərbaycanın, necə deyərlər, çörəyini yeyib, suyunu içməsinə baxmayaraq, 1980-ci illərin sonlarında Qarabağın dağlıq hissəsində erməni separatçılarının başladıqları hərəkatın tərəfində dayanıb. Nəinki dayanıb, onun aktiv iştirakçısı olub. O, keçmiş sovet ordusunun Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayının ikinci motoatıcı taborunun komandiri kimi mayor rütbəsində 1992-ci ilin fevralında Xocalı soyqırımının törədilməsində iştirak edib. Daha sonra – may ayında Şuşaya dörd istiqamətdən hücuma keçən dəstələrdən birinin komandiri olub. Sonra isə keçmiş qondarma rejimin və Ermənistanın işğalçı ordusunda müxtəlif vəzifələrdə işləyib. 1999-2007-ci illərdə separatçı rejim ordusunun başçısı, 2007-ci ildən etibarən Hayastan silahlı qüvvələrinin baş qərargah rəisi və müdafiə nazirinin birinci müavini olub. 2008-ci ildə isə Serj Sarkisyan onu müdafiə naziri təyin edib və Ohanyan 8 il bu vəzifəni daşıyıb. Yeri gəlmişkən, qeyd edək ki, 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Ohanyan dörd il idi vəzifəsindən uzaqlaşdırılmışdı. Onun mənsub olduğu düşərgə, yəni Qarabağ klanı isə cəmi iki il idi ki, siyasi səhnədən, necə deyərlər, süpürülüb atılmışdı. Yəni, Azərbaycanın məğlub etdiyi S.Sarkisyanın, R.Koçaryanın və elə S.Ohanyanın ordusu idi.
Qarabağda qanunsuz separatçı rejim yaradaraq Azərbaycan xalqına və dövlətinə qarşı müxtəlif cinayətlər ­törətməkdə təqsirləndirilən bir qrup şəxs hazırda Bakıda mühakimə olunurlar. Onlarla birgə eyni əməllərə yol vermiş R.Koçaryan, S.Ohanyan və digərləri isə İrəvanda başqa iş üzrə, necə deyərlər, məhşər ayağına çəkilirlər. Klanın digər üzvü S.Sarkisyanın da işi məhkəmələrdədir. Zənnimizcə, bütün bunlar ilahi ədalətin təntənəsi kimi qiymətləndirilməlidir.
Onu da bildirək ki, S.Ohanyan İkinci Qarabağ müharibəsində də iştirak edib. O, əvvəlcə birbaşa ordu sıralarında könüllü, sonra isə keçmiş separatçı rejimin başçısı Arayik Arutyunyanın “müşaviri” kimi olub. 2020-ci il noyabrın əvvəlində Şuşa uğrunda gedən döyüşlərdə ordu komandirlərindən biri olan Ohanyanın bəxti son anda gətirmiş, Azərbaycan Ordusunun yaxınlaşdığını görən kimi qaçıb aradan çıxmağa nail olmuşdu. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın məğlub etdiyi ordu, əslində, Sarkisyan-Koçaryan cütlüyünün ordusudur. Bu orduya bilavasitə rəhbərliyi isə 8 il ərzində S.Ohanyan həyata keçirib. 
Bu istiqamətdə Prezident İlham Əliyev də fikirlərini bildirib. 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində ­dövlət bayrağını ucaltdıqdan sonra etdiyi çıxışı zamanı Prezident İlham Əliyev demişdi: “Bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Çünki uzun illər ərzində, 30 il ərzində ermənilər “hərbi qələbə” ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”.
Dövlətimizin başçısı qeyd etmişdi ki, növbəti mif onların “sərkərdələri” ilə bağlı idi: “Guya, Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz? Mən demişəm, bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə! Siz fərarisiniz, qorxaqsınız! Biz sizi məhv etmişik! Xocalı soyqırımında ən fəal rollardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qurtardı, son anda canını qurtardı”.
Əlbəttə, hər kəsə aydındır ki, Prezident İlham Əliyev “Şuşadan güclə canını qurtaran keçmiş müdafiə naziri” deyərkən S.Ohanyanı nəzərdə tutur. Həmin Ohanyan ki, bu gün öz əməllərinə görə haqq-hesab məqamındadır.
Prosesin digər məqamı isə Ermənistan hakimiyyətinin bu kimi məhkəmə prosesləri vasitəsilə Qarabağ klanı üçün problemlər yaratmaq istəyi ilə bağlıdır. Gələn il ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkiyə həm iqtidar, həm də müxalifət ciddi şəkildə hazırlaşır. Güman etmək olar ki, Nikol Paşinyan iqtidarı bu prosesi təşkil etməklə müxalifətin gücünü zəiflətmək, həmin düşərgənin diqqətini seçkilərdən yayındırmaq məqsədi daşıyır.
Məsələ ilə bağlı XQ-yə açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşı, hərbi-siyasi ekspert Fuad Abdullayev bildirdi ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə təqribən il yarım qalmasına baxmayaraq, hakimiyyətin 2024-cü ilin ikinci yarısından etibarən seçkiqabağı prosesə başladığını qeyd etmək olar. Onun sözlərinə görə, Ermənistanın daxili ictimai-siyasi həyatında baş verən proseslərin müşahidəsi belə deməyə əsas verir: “Paşinyan hakimiyyəti hazırlıq prosesi çərçivəsində maksimum dərəcədə inzibati resurslardan istifadə etmək istəyir və görünən odur ki, bunu fəal şəkildə edir. Ümumiyyətlə, hakimiyyətin seçkiqabağı fəaliyyətini bir neçə istiqamətdə apardığını qeyd etmək mümkündür. Bura, həmçinin 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı keçmiş prezident Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan və sabiq baş qərargah rəisi Yuri Xaçaturov barəsində verilən qərarın Ermənistan kassasiya məhkəməsi tərəfindən ləğv edilməsi, həmin şəxslərin yenidən istintaqa cəlb olunması, eləcə də hökumətin tərkibində baş verən kadr islahatları, iqtidar partiyasının reytinqi aşağı olan şəhər və rayonlara yeni kadrların təyin olunması və hakimiyyətə müxalif mövqedə olan vilayət rəhbərlərinə qarşı həyata keçirilən tədbirlər daxildir”.
Müsahibimiz qeyd etdi ki, bunlara paralel olaraq, 2024-cü il oktyabrın 10-da Ermənistan parlamentinə ölkənin Seçki Məcəlləsinə əlavə və ­dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsi daxil olub: “Layihə Ermənistan mətbuatında narahatlıqla qarşılanıb və hakimiyyətin seçkidə qalib gəlməsi istiqamətində atdığı addım kimi qiymətləndirilib. Təxminən 80 maddəsinə dəyişiklik və əlavə ediləcək yeni Seçki Məcəlləsinin 2025-ci ildən qüvvəyə minəcəyi bildirilir. Müəyyən edilib ki, Seçki Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişiklik və əlavələr vasitəsilə hakimiyyət maliyyə nəzarətini öz əlində mərkəzləşdirmək, habelə mənşəyi bilinməyən maliyyə vəsaitlərinin seçki proseslərinə daxil olmasının qarşısını almaq üçün imkan əldə etmiş olacaq. Təklif olunan dəyişikliklərə əsasən, seçki fonduna pul köçürmələrini yalnız siyasi partiyalar həyata keçirə biləcək. Əvvəllər isə istənilən fiziki şəxs seçki fonduna ianə verə bilirdi”.
Bununla yanaşı, F.Abdullayev hesab edir ki, özünü müxalifət kimi göstərən, lakin hökumətin Qərbyönümlü siyasətinə dəstək verən və demokratik ­qüvvələrin platformasına daxil olan 4 siyasi partiyanın rəhbərinin Ermənistanın Avropa İttifaqına üzv olması üçün ölkədə referendum keçirilməsi təşəbbüsünü də seçkiqabağı prosesin bir parçası hesab etmək olar. Onun fikrincə, “Mülki müqavilə” partiyasının reytinqinin aşağı olması səbəbindən hakimiyyət seçkilərə qədər əlində olan inzibati resurslardan istifadə etməyə və vəziyyəti öz xeyrinə dəyişmək üçün tədbirlər görməyə davam edəcək. İstisna edilmir ki, iqtidar 2025-ci ilin birinci rübünədək seçki platformasını müəyyən edəcək və onu ictimaiyyətə açıqlayacaq. 

Səxavət HƏMİD  
XQ



Siyasət