Bu utopik arzusunun gerçəkləşəcəyinə heç Paşinyanın özü də inanmır. Söhbət Ermənistan baş nazirinin Avropa İttifaqına üzv olmaq sevdasından gedir. “Vətəndaş cəmiyyəti təşəbbüs irəli sürdü, hökumətimiz bu qanun layihəsini təsdiqlədi və parlamentimizin onu qəbul edəcəyi ehtimalı yüksəkdir. Bu, o deməkdir ki, biz Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq”. Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində deyib. Bundan əlavə, o, Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqların tezliklə başa çatacağına və müvafiq sazişin imzalanacağına ümid etdiyini bildirib.
Oxuculara xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü haqqında qanun layihəsini təsdiqləyib. Hayların baş nazirinin sözlərinə görə, ölkənin Aİ-yə üzvlüyü ilə bağlı qərar ümumxalq referendumu yolu ilə qəbul edilməlidir. İntəhası, Aİ-nin özündə hələ heç kim Ermənistanı bu quruma dəvət etməyib. Brüssel, sadəcə, “yaxınlaşma” təklifini irəli sürüb.Yəni, İrəvan dəvət olunmadığı məclisə yola düşməyə hazırlaşır, Qərb isə onunla oynamağın yeni üsullarını sınaqdan çıxarır. Aydın məsələdir ki, Qərbin xristian düşərgəsi Ermənistanı Ukrayna aqibətinə doğru sürükləyir və ondan Rusiya və İrana qarşı “maşa” kimi istifadə etmək məqsədini güdür.
“Ana Ermənistan” hərəkatının lideri, politoloq Andranik Tevanyanın fikrincə, Paşinyan, əslində, Aİ-yə qoşulmağın qeyri-mümkün olduğunu anlayır, amma reytinqini saxlamaqdan ötrü bu şüardan yararlanmağa çalışır: “Paşinyan manipulyasiya edir, Aİ-də “xoşbəxt gələcəklə” ilə bağlı illüziyalarla əhalini aldadır. Əslində, bu proses Ermənistanın özünün təhlükəsizliyini təhdid edir. Biz Ukraynanın timsalında Aİ və kollektiv Qərbin nə istədiyini görürük. Eyni şeyi Ermənistanla da edəcəklərini gözləyirlər. Qonşu Gürcüstanda bunu tez başa düşdülər, ona görə də özlərini xilas etdilər. Paşinyan isə qərbli kuratorlarının sifarişlərini yerinə yetirməklə tək özünü xilas etmək istəyir”.
Rusiyalı politoloq Aleksey Naumov isə hesab edir ki, hakimiyyətdə uzun müddət qalması üçün Paşinyanın bu qanun layihəsinin qəbuluna ehtiyacı var: “Bu, Paşinyanın rəqiblərinə qarşı siyasi silah kimi istifadə etdiyi güclü ideyadır. Aİ bunu görür və anlayır ki, onun təşviqindən faydalanacaq. Brüsselin bunun üçün xüsusi bir iş görməsinə ehtiyac yoxdur. Sadəcə olaraq, mülki müşahidəçilər göndərir, bir az pul köçürür, vəssalam. Bunun müqabilində isə hər şeyə gedən, o cümlədən Rusiya və Azərbaycanın bölgədə maraqlarına qarşı çıxan ölkəni əldə edir”.
Ermənistanın Aİ-yə üzvlük kimi planının olmadığına diqqət çəkən Naumov “Avropa evi” adlanan bu xristian ittifaqı ilə quru, yaxud dəniz sərhədi olmayan ölkənin xam xəyallara qapıldığını vurğulayıb.
Amma, hər şeydən göründüyü kimi, belə bir ideyanın gündəmə gəlməsi və parlamentdə müzakirəyə çıxarılacaq qanun layihəsinə çevrilməsi Paşinyan üçün sərfəlidir. Axı, erməni xalqı ölkənin Qərbə doğru istiqamət götürdüyü illüziyasını sevinclə qəbul edir.
Bu məqamda Ankaranın Aİ-yə daxil olmaq cəhdlərini misal gətirmək istərdik. Türkiyə kimi Yaxın Şərqdə əhəmiyyətli geosiyasi mövqeyə və siyasi təsir rıçaqlarına, perspektivli iqtisadiyyata malik ölkəni neçə on ildir Avropanın qapısının ağzında saxladılar. Türkiyə ilə müqayisədə Ermənistan “cırtdan” ölkə, şübhəli tarixə malik, daxili və xarici çağırışlardan birbaşa asılı toplumdur. Ən azı, bu səbəbdən yaxın perspektivdə Ermənistanın Aİ-yə qəbulu şübhə doğurur.
Şübhəsiz ki, ermənipərəst Qərb Cənubi Qafqazda öz təsirini gücləndirməkdə maraqlıdırlar. Ermənistan isə bu konstruksiyanın mühüm, amma müvəqqəti detalıdır. Buna müstəqil şəkildə inkişaf etməyə qərar verən Gürcüstanın xarici siyasətinin dəyişməsi fonunda yanaşsaq, mənzərə tam görünər. Paşinyan kabinetinin atdığı addımlar vətəndaşlara müsbət təsir göstərmir və o, daxili “siyasi təzyiqi” aşağı salmaq üçün belə deyir: “Səbrli olun!”, biz tezliklə Aİ-yə daxil olacağıq və ondan sonra hər şey yaxşı olacaq”.
İntəhası, yerinə yetirilməyən vədlər seriyası insanları qıcıqlandırmağa başlayır. Parlamentə təqdim olunan qanun layihəsi Nikol Paşinyanın, ona kənardan sırınmış, “ölkəni Rusiya inteqrasiya məkanından çıxarmaq” planının tərkib hissəsidir. Paşinyana gəl-gəl deyən “Kollektiv Qərb”in məqsədi məhz budur. Ondan sonra İrəvanın başına hansı oyunların gələcəyi onu heç maraqlandırmır. Ən yaxşı halda Ermənistan ABŞ-ın Cənubi Qafqazdakı bazasına çevrilmək reallığı ilə üz-üzə qala bilər.
İ.HƏSƏNQALA
XQ