Azərbaycanın sülh şərtinin haqlı olduğu bir daha sübuta yetir
Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh üçün iki şərt irəli sürüb. Onlardan biri ATƏT-in artıq canını tapşırmış olan Minsk qrupunun rəsmi şəkildə ləğvi üçün Bakı və İrəvanın müştərək müvafiq müraciət ünvanlamasıdır, digəri isə Ermənistan konstitusiyasının dəyişdirilməsi. Bəri başdan deyək ki, yazımız ikinci şərtlə bağlıdır.
O da məlumdur ki, Ermənistan konstitusiyası ölkənin 1991-ci ildə qəbul olunmuş İstiqlaliyyət Bəyannaməsinə istinad edir. Bəyannamədə Azərbaycana və Türkiyəyə ərazi iddiası yer alır. Baş nazir Nikol Paşinyan administrasiyası bildirir ki, ötən ilin sentyabrında Ermənistan Konstitusiya Məhkəməsi sözügedən bəyannamənin əsas qanunda yer almayan hissələrinin etibarsızlığına dair qərar çıxarıb. Yəni erməni iqtidarı açıq bildirməsə də, belə görüntü yaradır ki, həmin qərar Azərbaycanın şərtinin yerinə yetirilməsidir və konstitusiya dəyişikliyinə ehtiyac yoxdur.
Ölkəmiz məsələnin bu qoyuluşu ilə razı deyil. Əvvəla, Ermənistanın konstitusiyasının İstiqlaliyyət Bəyannaməsinə istinad kazusu bir qərarla aradan qalxa bilməz. Digər tərəfdən, bəyannamədə yer alan müddəalar erməni əsas qanunu ilə iç-içə təbiətə malikdir. Yəni birinci olmasa, ikinci heç nədir. Özü də söhbət təkcə ərazi iddiasından daşınmaq məsələsindən getmir. Belə də sual yaranır: Bir halda ki, Ermənistan Konstitusiya Məhkəməsi bir qərarla hər şeyi dəyişirsə, İstiqlaliyyət Bəyannaməsinə nə ehtiyac var? Əlbəttə, suallar çoxdur və onların fonunda hansı təminat var ki, sonradan məhkəmə qərarını mübahisələndirənlər tapılmayacaq. Yeri gəlmişkən, yazımızda belələrindən birinin çıxardığı oyuna nəzər salacaq və Azərbaycanın tələbinin son dərəcə haqlı olduğunu bir daha sübuta yetirəcəyik.
***
Əlqərəz, bir neçə gün əvvəl Ermənistanın eks-prezidenti Serj Sarkisyana bağlı olan deputat Anna Mkrtçyan Ermənistan parlamentində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və Azərbaycanın otuz ilə yaxın işğalda qalmış yeddi rayonunun Ermənistanın tərkibində göstərilən xəritəsini nümayiş etdirib. Erməni parlamentari, eyni zamanda, bildirib: “Erməni xalqının ağrısını, bizim kollektiv faciəmizi dəmir qırıntısına çevirib parlamentin divarından asıblar (söhbət sovet Ermənistanın xəritəsinin Ermənistan parlametinə vurulmasından gedir – red.). Bizi daha da aşağılamaq, alçaltmaq istəyirlər. Bu, qəddar ironiyadır, çünki bu xəritəni nümayiş etdirmək vəzifəsi illər əvvəl Ağdamı vətəni elan edən, özünü “Ağdamlı Alen” (spiker Alen Simonyan nəzərdə tutulur – red.) adlandıran və heç vaxt “Artsax”ın bir santimetrini belə təslim etməyəcəyinə söz verən birinə həvalə olunub. İndi bu xəritə deyilən şeydən (Ermənistan parlamentinin divarına vurulmuş xəritə nəzərdə tutulur – red.) təkcə Ağdamı yox, vətənimizin yarısını siliblər”.
O da məlumdur ki, A.Mkrtçyanın sentimental populizmə hesablanmış faşist davranışından sonra zala daxil olan dövlət mühafizə xidmətinin əməkdaşı deputatın hamının gördüyü yerə yapışdırdığı mənfur xəritəni qoparıb. Sessiyaya sədrlik edən parlament sədrinin müavini Ruben Rubinyan isə Sarkisyanın deputatının Ermənistan xəritəsini “metal qırıntısı” adlandırmasını təhqir adlandırıb və deyib: “Məncə, bu xəritəni “metal qırıntısı” kimi təqdim etmək Ermənistan Respublikasına açıq-aşkar təhqirdir. Xanım Mkrtçyan Dağlıq Qarabağı və yeddi ətraf rayonu mavi rənglə birləşdirən xəritəni təqdim etdi və bildirdi ki, bu, satqın hakimiyyətin təslim etdiyi vətənimizdir. Xanım Mkrtçyan, sizin siyasi lideriniz 10 il prezident olub. Bu o deməkdirmi ki, o, vətəni təslim etmək üçün danışıqlar aparırdı? Serj Sarkisyan açıq şəkildə bəyan etmişdi ki, Ermənistan 5+2 formuluna əsasən ərazilərdən çıxmağa hazırdır. Serj Sarkisyan vətəni təslim edirdi? Bu o deməkdirmi ki, o satqındır? Sizin komandanız satqınlardan təşkil olunub?”
Əlbəttə, söhbət R.Rubinyanın A.
Mkrtçyana cavabından getmir. Məsələ heç Sarkisyanın maşasının nələri bildirməsində də deyil. Başlıca məqam ondadır ki, Ermənistan parlamentində Azərbaycana qarşı ərazi iddiası səslənir. Deməli, Prezident İlham Əliyev əbəs yerə bildirmir ki, Azərbaycan faşist dövlətlə qonşudur və faşizm təhlükəsi sovuşmayıb. Yəni, xaricdə kimsə dövlətimizin başçısının fikirlərini təəccüblə qarşılamasın. Qarşılayanlar varsa, Ermənistanda nələrin yaşandığına göz gəzdirsin. Onu da bildirək ki, Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində, həmçinin bu fikri də vurğulamışdı: “Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.
Ermənistanda faşizmi ləğv etmək üçün ən mühüm addım konstitusiya dəyişikliyidir. Nəzərə alaq ki, A.Mkrtçyan kimilər ölkədə çoxdur. Üstəlik, hazırda bu şəxs parlamentdə təmsil olunursa, deməli, sabah hakimiyyətə də gələ bilər. Ona görə Azərbaycana maksimum təminat lazımdır. Təminatın yolu isə referendumdan keçir.
Erməni xalqı ümumxalq səsverməsinə əsasən ölkə konstitusiyası ilə İstiqlaliyyət Bəyannaməsi arasındakı bağı tamamilə aradan qaldırmalıdır. Bu addım erməni cəmiyyətinin iradəsinin məhsulu olmalıdır. Hay cəmiyyəti dünyaya açıq şəkildə bəyan etməlidir ki, Azərbaycana, ümumən qonşu dövlətlərə qarşı hansısa ərazi iddiasında deyil.
Bəli, Ermənistanın hazırkı iqtidarı şovinist və revanşistlər üzərində tam qələbə qazanmalıdır. Bu gün rəsmi İrəvan anti-Rusiya ritorikasına köklənmiş durumdadır. Bu köklənişin ən mühüm addımı atılmalıdır. Çünki ölkədəki revanşistlər Rusiyanın bəzi dairələrinin himayəsi altındadırlar. Birincilərin Ermənistan parlamentində rahat şəkildə otura bilib ağızlarına gələni danışmaları Şimaldakı ağalarının dəstəyinin nəticəsidir. Nikol Paşinyan administrasiyası özünə də təhlükə olan bu məxluqlara ən sarsıdıcı zərbəni məhz referendum yolu ilə yəni erməni xalqının iradəsini ortaya qoymaqla vurmalıdır. Əlbəttə, bunu istəyirsə və bacarırsa.
***
Ermənistan Azərbaycanla səmimi şəkildə sülh istəyirsə, haqqında söz açdığımız məsələni qəti şəkildə real-
laşdırmalıdır, bu, öz yerində. Yox, əgər bunu bacarmayacaqsa, referendumda qaldırdığı məsələ yerinə yetməyəcəksə, rüsvayçılıqla üzləşəcəksə, müvafiq olaraq yekunda yerini revanşist və şovinistlərə təhvil vermək perspektivi formalaşacaqsa, vəziyyəti hamı görməlidir. Rəsmi İrəvan səmimi davranmalı, referendumun mümkün uğursuzluğu şəraitində məsuliyyəti özündən uzaqlaşdırmalıdır. Əlbəttə ki, söhbət onun Ermənistandakı faşizmə görə daşıdığı məsuliyyətdən gedir.
Ermənistanda tam şəkildə anlamalıdırlar ki, ölkədə koçaryanlarla, sarkisyanlarla və onların Mkrtçyan kimi tör-töküntüləri ilə mübarizə əzmi yoxdursa, bu əzm Azərbaycanda və Azərbaycan dövlətində var. Ölkəmiz faşizmin kökünü kəsib Ermənistanı düz yola qaytarmaq iqtidarındadır. Paşinyan sözügedən faşizmin üzərinə qətiyyətlə getməlidir. Getmirsə, biz bunu qorxaqlıq və qətiyyətsizlik kimi dəyərləndirəcəyik ki, hazırkı məqamda bu iki cəhətin ümumi mənzərəyə və verəcəyimiz qərara heç bir təsiri yoxdur. Çünki qorxaq və qətiyyətsizlər dövlətli olmağa layiq deyillər.
Qorxaq və qətiyyətsizlərin faşist düşüncənin təsiri altında qalmaları və vəziyyəti yoluna qoya bilməmələri eyni mənfur ideologiyaya xidmətdir. Digər yandan, rəsmi İrəvan hətta qorxub və çəkindiyi üçün referenduma getmək istəmirsə, biz bunu məqsədli addım saymaq ixtiyarındayıq. Prinsipial yanaşma budur. Başqa bir tərəfdən isə erməni iqtidarının özünün şüurlu şəkildə konstitusiya dəyişikliyinə getməməsi və ərazi iddiası avantürasını davam etdirməsi məsələsi var. Onun bütün platformalardakı anti-Azərbaycan fəaliyyəti, səmimiyyətdən uzaqlığı və riyakarlığı bu barədə düşünməyə əsas verir. Ona görə də şərtimiz şərt olaraq qalır. Ya Ermənistan konstitusiya dəyişikliyinə getməli, yəni faşizmin kökünü kəsmək üçün ciddi addım atmalı, sülhə təminat formalaşdırmalıdır, ya da biz faşizmin kökünü kəsməyi, Mkrtçyanı və ağalarını tarixin zibilliyinə göndərməyin yollarını bilirik. Buna kimsənin şübhəsi olmasın.
Ə.RÜSTƏMOV
XQ