Yaxud Rusiya ermənipərəstliyi barədə nekroloq arzusu
Azərbaycan ərazilərində çoxsaylı hərbi cinayətlərdə ittiham olunan ermənilərin Bakıda davam edən məhkəmə prosesi dünya ermənipərəstlərinin, o cümlədən Rusiyada erməni sevdası ilə alışıb-yananların kürklərinə birə salıb. Onlar durmadan “qaşınır”, özlərinə yer tapa bilmirlər. Belələrindən biri də Rusiya Dövlət Dumasının MDB ölkələri və xaricdəki həmvətənlərlə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulindir. Zatulinin sərsəmləmələrindəki ayrı-ayrı məqamlara nəzər salacağıq. Ancaq əvvəlcə bir nüansa diqqət yetirək.
Məlum olduğu kimi, bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada səfərdə olub. Kremldə səfərin əvvəlcədən planlaşdırılmış qrafik üzrə həyata keçirildiyi bildirilsə də, aydındır ki, erməni XİN başçısı elə-belədən hərəkətə gəlməyib. Birincisi, son günlər məlum təyyarə olayı ilə bağlı Azərbaycanla Rusiya arasında soyuqluq yaranıb və erməni diplomatiyası bundan maksimum yararlanmaq niyyətindədir. İkincisi, ABŞ-də yeni seçilmiş Prezident Donald Tramp fəaliyyətə başlayıb. Rəsmi İrəvan Birləşmiş Ştatların indiki administrasiyasının əvvəlki qədər Ermənistanın tərəfini saxlamayacağını bilir və ona görə Vaşinqtonla Moskva arasında, bir növ, balanslı münasibət qurmağa çalışır. Loru dildə desək, baş nazir Nikol Paşinyan və tərəfdarlarının Trampdan gözləri su içmir. Ancaq bir haşiyə də çıxaq ki, A.Mirzoyanın Rusiyaya gözlənilməz səfərinin Qərblə, indiki halda Fransa ilə razılaşdırmadığını söyləmək düzgün olmaz. Yəni, səfər Ermənistanın müstəqil siyasət xəttinin məhsulu sayıla bilməz...
Rusiyaya gəldikdə, ölkə Ermənistana, necə deyərlər, qucaq açmaq üçün dəridən-qabıqdan çıxır. Moskvada ötən müddətdə olduğu kimi, yenə İrəvanın Rusiyanın orbitinə qayıdacağına ümid bəsləyirlər. Ona görə də Mirzoyanın səfəri ilə Ermənistanın anti-Rusiya davranışları, habelə Paşinyanın və onun komanda üzvlərinin Kremlə ünvanlanmış hədsizlikləri unudulur və bu amil Rusiya ermənipərəstlərini hərəkətə keçirir. Zatulin isə heç şübhəsiz, onların başında dayananlardan biridir. Yəni onun sərsəmləmələrində təəccüblü heç nə yoxdur. Amma...
***
Beləliklə, K.Zatulin Azərbaycan ərazilərində çoxsaylı hərbi cinayətlərdə günahlandırılan ermənilərin Bakıda davam edən məhkəmə prosesini hədəf alıb, prosesə siyasi don geyindirməyə girişib, məhkəmənin, guya, şou olduğunu bildirib. Ən əsası isə o, ədalət mühakiməsini Azərbaycan rəhbərliyinin ermənilərdən şəxsi qisası kimi dəyərləndirib. Belə təqdimatların nəyə hesablandığı isə gün kimi məlumdur.
Məhkəmənin əhəmiyyətini heçə endirmək, bu, öz yerində. Şəxsi qisas ritorikasını qabartmaqda məqsəd isə Ermənistanda, ümumən erməni xalqında Azərbaycana qarşı qəzəb və hiddəti körükləməkdir. Təxminən belə: Bakıda istənilən ermənini hazırda mühakiməsi davam edən şəxslərin aqibəti gözləyir. Zatulin və onun kimilər bu yolla Ermənistan və Azərbaycan arasında əbədi düşmənçiliyin təbliğatını aparırlar.
Heç şübhəsiz, zatulinlər ortaya elə-belədən düşmür, onların “knopkaları” basılır. Məlumdur ki, xalqlar arasında düşmənçilik ritorikasını yaymaq Rusiyanın şovinist dairələrinin Cənubi Qafqazda həyata keçirdikləri siyasətin başlıca qayəsini təşkil edib. Ənənəvi imperiya təfəkkürünə köklənmiş bu dairələr nifaq yolu ilə Moskvanın regionda təsirini saxlamağa çalışıblar. İndi zaman dəyişib, tamam başqa münasibətlər sistemi formalaşıb. Amma imperiya təfəkkürü Rusiyanın canından çıxmayıb və təəssüf ki, eyni kursun ölkənin rəsmi dairələrinin fəaliyyətinə də təsiri aktuallığını saxlamaqdadır.
Bəli, sadaladığımız amillərə görə zatulinlərə “ehtiyac” var. Onlar sərsəm düşüncələrinin mücərrəd guşələrində bəslədiklərini hər an üzə çıxarmağa həvəslidirlər. O qədər həvəslidirlər ki, sözügedən məhkəmə fonunda 2023-cü ildə Silahlı Qüvvələrimizin lokal xarakterli antiterror tədbirləri ilə Qarabağı ölkəmizin yurisdikasiyasına qaytarmasını, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini işğalçılıq kimi qiymətləndirirlər.
Əlqərəz, Zatulinə təsir edən o imiş ki, dostları – Qarabağdakı artıq canını tapşırmış olan separatçı rejimin sabiq rəhbərləri Arkadi Qukasyan və Bako Saakyan müttəhimlər kürsüsündədir. Zatulin elə beləcə də vurğulayıb – dostlarım. O, həmçinin separatçı rejimdə saxta dövlət naziri postunu tutmuş Ruben Vardanyanı “Qarabağ ermənilərinin taleyini bölüşmək üçün Rusiya vətəndaşlığından imtina edən” fədakar obrazında göstərəcək qədər həyasızlığa yol verib. Zatulinin sərsəmləmələrinin kuliminasiya nöqtəsi isə Qarabağda “etnik təmizləmə” ritorikasını qabartmasıdır. Yeri gəlmişkən, çoxdandır, Rusiyada bu “ritorikaya” müraciət edilmirdi. Görəsən, nə dəyişib?..
Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini açıqlamasında, eyni zamanda, Bakıda keçirilən məhkəmə prosesinə Ermənistan və havadarları tərəfindən saxtalaşdırılmış tarixin pəncərəsindən də baxmağı yaddan çıxarmayıb. O, ənənəvi erməni vay-şivəninin zəngulələrinə baş vuraraq deyib ki, proses XX əsrin əvvəllərində ermənilərin üzləşdikləri “qətliam”ın XXI əsrdəki davamıdır. Sən demə, buna görə Qarabağ erməniləri bölgəni tərk etməkdə haqlı imişlər və guya onlar orada qalsaydılar, soyqırımı ilə üzləşəcəkdilər (?).
Qeyd edək ki, Rusiya ermənipərəstlərinin ənənəvi tezislərində Qarabağ itkisinə, ümumən 44 günlük müharibəyə görə baş nazir Nikol Paşinyan iqtidarını günahlandırmaq mühüm yer tutur. Zatulin də “əməkdar ermənişünas” kimi həmişə bu tezisi qabardır və yenə gündəmə gətirib. O deyib ki, Paşinyan sui-qəsd nəticəsində separatçı rejimin sabiq rəhbərlərindən qurtulmaq yolu tutmuşdu və istəyinə nail oldu. Yəni başqa sözlə desək, hazırda Bakıda davam edən məhkəmə prosesi, sən demə, Nikolun öz rəqiblərini siyasi səhnədən götürmək istəyinin nəticəsi imiş.
Zatulinin sözlərinə görə, N.Paşinyan “əsir düşmüş Arkadi Qukasyanın, Bako Saakyanın, Ruben Vardanyanın və başqalarının Bakı həbsxanalarında yatdıqları bütün müddət ərzində” onların azadlığa çıxmaları üçün heç bir cəhd göstərməyib. Görəsən, bu məxluq nə dediyinin fərqindədirmi? Əlbəttə, sualımız ritorikdir. Çünki, o, çox yaxşı anlayır ki, nəinki Paşinyan, heç Roma papası da durub gəlsəydi, adlarını çəkdikləri şəxslərin ədalət mühakiməsindən yaxa qurtarması mümkünsüz idi.
Digər tərəfdən, bütün Rusiya ermənipərəstləri kimi, Zatulin də Qarabağ itkisində Moskvanın günahlandırılması məntiqi üzərində dayanıb. Onun sözlərindən belə çıxıb ki, bölgədəki rus sülhməramlıları üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmədilər və bu səbəbdən “Qarabağ liderlərinin hazırkı faciəsinin tarixi kölgəsi” Rusiyanın da üzərinə düşür. Zatulin, həmçinin əlavə edib ki, Paşinyan rus sülhməramlılarının fəaliyyətsizliyindən yararlanıb və Qarabağı Azərbaycana təhvil verib. Sərsəmləməsinin sonunda isə o, Rusiya–Ermənistan “Lazarevski Klubu” Şurasının Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı bəyanat hazırladığının anonsunu verib.
***
Biz isə sonda bildirək ki, K.Zatulinin simasında (oxu simasızlığında) ortada Rusiya ermənipərəstliyinin son dərəcədə miskin və rəzil obrazı canlanmaqdadır və hər zaman belə olub. Nəinki rəsmi Moskva, ümumilikdə, rus ictimaiyyəti anlamalıdır ki, ölkədə zatulinlər qaldıqca və onlara hansısa formada meydan verildikcə, belələri ətrafa hər cür çirkabı dağıtdıqca, Rusiyaya münasibət heç vaxt yaxşı olmayacaq.
Rusiyada onu da yaxşı anlamalıdırlar ki, zatulinlərin mövcudluğuna görədir ki, hazırda erməni cəmiyyətində də Rusiyaya qarşı dərin antipatiya var. Hələ bunu da deyək ki, indi Moskvaya “kəllə atan” Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsi də erməni xalqının Zatulinin dostlarına nifrətininin nəticəsi idi. Yəni, yaxşı olar ki, Rusiyada bu barədə düşünsünlər. Düşünsünlər və Zatulini “zəncirləsinlər”. Hərçənd, bunun baş verəcəyinə inanmırıq. Çünki ölkənin ictimai-siyasi elitası ortaya normal yanaşma qoya bilməyəcək, zatulinlərlə vidalaşmağı bacarmayacaq, onların yerini normal düşüncəli təmənnasız şəxslərlə doldura bilməyəcək dərəcədə qısır görünür.
Ə.CAHANGİROĞLU
XQ