Ermənistana və havadarlarına “soyuq duş”

post-img

Azərbaycan Prezidentinin qətiyyət manifesti 

Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məqamlara toxundu. Dövlətimizin başçısının bildirdiyi hər fikrin geniş və zəngin məna çalarları var. Ümumən, müsahibəni nəzərdən keçirərkən, gözlər önündə iki obraz canlanır. Birincisi, Prezident İlham Əliyevin parlaq və mahir siyasətçi obrazı, ikincisi, rəhbərlik etdiyi güclü və qüdrətli Azərbaycan. Yazımızda ölkəmizin möhkəm iradəsini vurğulayan cəhətlərin siyasi tərəfləri üzərində dayanacaq, dövlətimizin başçısının Ermənistana və havadarlarına mesajlarının müxtəlif məqamlarını təhlil edəcəyik. 

Əlimiz tətikdədir!

Bəli, Azərbaycan nəyə nail olubsa, öz gücü hesabınadır. Bu mənada, Prezidentin haqqında söz açdığı monoloq məntiqi həm də diktədir. Çünki Ermənistan bizə başqa yol buraxmayıb. Əgər ölkəmiz gücdən istifadə etməsəydi, sərhədlərin delimitasiya və demarkasiyasındakı hazırkı status-kvo formalaşmazdı. Qazaxın işğal altındakı dörd kəndi geri qayıtmazdı. 
Status-kvonu formalaşdıran 44 günlük Vətən müharibəsi və onun nəticəsində qazandığımız möhtəşəm Zəfər, lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimizin bərpasıdır. Ona görə rəqiblərimizlə monoloq dili ilə danışırıq və dövlətimizin başçısının qətiyyəti göstərir ki, bundan sonra da danışacağıq. 
Prezident İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda ciddi qəbul edilməlidir. Qəbul edilməlidir ki, ölkəmiz Cənubi Qafqazda söz sahibidir. Bu status Azərbaycanı regionda baş verən hadisə və proseslər üçün məsuliyyət daşıyan tərəfə çevirir. Ölkəmiz isə mövcud siyasi coğrafiyada balansın pozulmasını yolverilməz sayır və Ermənistanda gedən silahlanma prosesinə laqeyd yanaşmır. 
Silahlanmanın Ermənistanın müdafiə qabiliyyətinin yüksəldilməsinə yönələn tədbir kimi qiymətləndirilməsi mənasızdır. İrəvana belə bir haqq tanınmır. Çünki, o, özünün işğalçı ampluasını aradan qaldırmaq istiqamətində heç bir əməli tədbir görməyib, səmimiyyət nümayiş etdirməyib. Bu səbəbdən dövlətimizin başçısı vurğulayıb: “Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək”.
Azərbaycanın dövlət büdcəsindən hərbi və təhlükəsizlik məqsədləri üçün 8,4 milyard vəsait ayrılıb. Halbuki, vəziyyət başqa cür ola bilərdi. Dövlətimizin başçısının dediyi kimi, Ermənistanın silahlanma yarışı, ölkəmizin maliyyə resurslarını hərbi məsələlərə səfərbər edir. Çünki haqqında söz açdığımız regional balansın və təhlükəsizliyin pozulma riski var. 
İrəvanda Azərbaycanın riskə getməyəcəyini, boşluq buraxmayacağını nəzərə almalıdırlar. Nəzərə almalıdırlar ki, söhbət heç də təkcə təhdidə qarşı əli tətikdə dayanmaqdan getmir. Başlıca məqam odur ki, Ermənistanın silahlanması ölkəmizi digər əsas vəzifələrin həllinə maliyyə yatırımından məhrum duruma salır və zamanı gəldikdə bunun hesabı sorulacaq. Özü də yalnız Ermənistandan deyil, havadarlarından da. Yeri gəlmişkən, ikincilər aktivdirlər və hər vəchlə çalışırlar ki, erməni məsələsi aktuallığını saxlasın. Bu yanaşma isə onları hazırda onsuz da əhəmiyyəti qalmayan vasitəçilik missiyasından məhrum duruma salır. 

Vasitəçiliyin iflası

Prezident İlham Əliyev ötən ilin aprelində keçirilmiş ABŞ–Avropa İttifaqı–Ermənistan görüşünü qəribə əməkdaşlıq platforması adlandırır. Həqiqətən, belə bir əməkdaşlıq tarixdə ilk dəfədir yaşanır. İndiyədək heç bir dövlətə münasibətdə bu cür formul seçilməyib. Ermənistanı fərqli edən, onu, az qala, XII əsr xaçlılarının müqəddəs hesab etdiyi Qüds səviyyəsinə ucaldan nədir? Bəlkə Qərbdə ermənilərin xristianlıqla bağlı nağıllarına inanır, onları “dinin ilk daşıyıcıları” kimi qiymətləndirirlər? Bu qədərmi sadəlövhdürlər? Görəsən, niyə hesab etmirlər ki, mövcud tendensiya bütövlükdə kollektiv Qərbin etimadını sarsıdır? Halbuki, əvvəldə gözləntilər fərqli idi. Hesab edilirdi ki, Qərb iki Cənubi Qafqaz ölkəsi arasındakı ziddiyyətli durumu normallaşdırmağa, regionda sabitliyin və dayanıqlı sülhün formalaşmasına səy göstərir. 
Ancaq Qərbin hədəfləri tam başqadır və dövlətimizin başçısının fikirləri bunu təsdiqləyir. “Bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan–Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Biz onlara bu barədə artıq bildirmişik. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Məhz buna görə keçən ay Amerika Dövlət katibinin xahişi havada qaldı və Azərbaycan üçtərəfli görüşə razılıq vermədi. O cümlədən, bildiyiniz kimi, Avropa İttifaqı Şurasının prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər keçirilmişdir. Artıq buna da son qoyuldu”, – deyən Prezident Əliyevin Azərbaycan–Ermənistan normallaşması baxımından irəli sürdüyü şəriksiz format ikitərəfli danışıqlardır. Yəni, rəsmi İrəvan xaricdə heç kəsə bel bağlamamalıdır. Yeri gəlmişkən, bu tezis dövlətimizin başçısının digər aqrumentlərinin də leytmotivini təşkil edib. 

Erməni faşizmi məhv edilməlidir!

Bəli, Ermənistan heç bir xarici qüvvəyə ümid bəsləməməli, Azərbaycanla səmimi münasibətlər trayektoriyasını əsas götürməli, etimad quruculuğu tədbirlərini gücləndirməlidir. Lakin ölkənin silahlanması fonunda biz bunun əksini görürük. Onu da görürük ki, Ermənistanda revanşist qüvvələr aktivdirlər və rəsmi İrəvan, necə deyərlər, onların əlinə oynayır. 
Erməni iqtidarı mahiyyətcə o düşüncədədir ki, revanşizmdən əl çəkmək onun cəmiyyətdəki mövqeyinin sarsılması reallığını doğuracaq. Rəsmi İrəvan həm də buna görə sülhdən uzaqdır. Deməli, müharibə səhifəsi qapanmayıb və deməli, faşizmə sadiqlik xətti var. Məzh bu səbəbdən dövlətimizin başçısı Ermənistanın yaxın keçmişinin mənfi stereotipləri üzərində dayanır. Axı həmin stereotiplər ölkənin hazırkı davranışına ciddi təsir göstərir: “İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”. 
Bəli, erməni faşizmi məhv edilməlidir! Çünki yaşadığımız acı tarix var. O tarix ki, xalqımıza zülm və iztirablar yaşatdı. Baş nazir Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə ümidlər var idi ki, Ermənistan keçmişi bir kənara qoyub sivil münasibətlər yoluna qədəm qoyacaq. Ancaq belə olmadı. Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verməklə, özündən əvvəlki üç liderin yolu ilə getdiyini təsdiqlədi. Ermənistanın 44 günlük müharibədə uğradığı rüsvayçı məğlubiyyət də, lokal xarakterli antiterror tədbirləri də rəsmi İrəvana dərs olmadı. 
Deməli, Prezident İlham Əliyev Ermənistanda faşizm ideologiyasının hələ də yaşadığını əbəs yerə önə çəkmir. Ölkəmizin lideri, həmçinin, vurğulayır ki, Azərbaycan buna müşahidəçi qismində baxmayacaq: “Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir, elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.

Sülh müqaviləsi üçün üçüncü şərt

Azərbaycan–Ermənistan sülh sazişi fundamental səciyyə daşımalıdır. Prezident İlham  Əliyev bununla bağlı iki şərti açıqlayıb. Az əvvəl diqqətə çatdırdığımız sitatda üçüncü şərtin də diqqətə çatdırıldığını gördük. Söhbət Ermənistana verilən silahların geri alınmasından gedir. Həqiqətən, sual olunur: bir ölkə ki, sülh istəyir, nə üçün silahlanmağa üstünlük verir? 
Ermənistan rəhbərliyində təmsil olunanlar, az qala, bütün beynəlxalq platformalarda barışdan dəm vururlar. Belədirsə, hansı səbəbdən silahlanmanı prioritet seçirlər? Axı buna görə Azərbaycan özünün hərbi büdcəsini artırır. Olmazdımı ki, bütövlükdə regionun potensialı səmərəli əməkdaşlığın qurulmasına, bölgə xalqlarının dinc və əmin-amanlıq şəraitində yaşamalarına sərf ediləydi? Görünür, olmazmış!
Bilavasitə sülh müqaviləsinə gəlincə, Prezident İlham Əliyev əvvəl səsləndirdiyi iki şərti təkrarlamaqla, ölkəmizin prinsipiallığını yenidən göstərdi. Söhbət ATƏT-in Minsk qrupunun ləğvindən və Ermənistan konstitusiyasının dəyişdirilməsindən gedir. Minsk qrupu ona görə rəsmən ləğv edilməlidir ki, bu təsisat Azərbaycanın ərazi bütövlüyünün pozulmasını leqallaşdırmaq yönümlü fəaliyyət göstərib, danışıqlar adı altında işğalı şüurlarda möhkəmləndirmək yolu tutub. 
Ermənistan konstitusiyası isə ona görə dəyişdirilməlidir ki, sənəddə ölkənin Azərbaycana və Türkiyəyə ərazi iddiasını təsdiqləyən İstiqlaliyyət Bəyannaməsinə istinad məntiqi var. Heç kəs gözdən pərdə asmasın, bu məntiq Ermənistan konstitusiya məhkəməsinin bir qərarı ilə aradan qalxa bilməz. Erməni cəmiyyəti referendum yolu ilə özünün mövcud istiqamətdəki iradəsini ortaya qoymalıdır. 
“Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən, dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər”,– deyən Prezident İlham Əliyev ölkəmizin mövqeyinin sabitliyi baxımından əminlik yaradır. Ancaq dövlətimizin başçısının Ermənistanla sülh kontekstində üzərində dayandığı daha qlobal məqamlar var.  

Dəyişən dünya – Zəngəzur dəhlizi və İrəvanın öhdəliyi

“Dünən Fransa prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda – Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki, bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb. Yəni, Ermənistan bunu çox ciddi ölçüb-biçməlidir”. Bu fikirlər də Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindəndir. Hesab edirik ki, dövlətimizin başçısının Ermənistanın yaxın dostlarının siyasi səhnədən biabırçılıqla silinməsinə dair bildirdiklərinin fonunda, onun Fransa ilə bağlı səsləndirdiyi tezislər İrəvanda “soyuq duş” effekti yaratmalıdır. Elə bir duş ki, Paşinyan iqtidarında reallıqları görmək üçün immunitet formalaşdırsın. Bu immunitet ona, eyni zamanda, Amerikada Nikolu hakimiyyətə gətirən Soros dövrünün başa çatdığını görməyə imkan verməlidir. 
Rəsmi İrəvan onu da görməlidir ki, Yaxın Şərqdə yaxın müttəfiqi olan Əsəd diktaturası artıq yoxdur. Ən əsası isə Ermənistan rəhbərliyi xarici təsirlərdən uzaq dayanıb düzgün addım atmalı, nəzərə almalıdır ki, “biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik”. Ermənistan üçün təhlükə onu, obrazlı desək, əjdahanın ağzına atanlardır. Paşinyan administrasiyasının təmsilçiləri ölkələrinin məhv ola biləcəyini son dərəcə ciddi şəkildə düşünməlidirlər. Nəhayət, onlar düşünməlidirlər ki, Azərbaycan Cənubi Qafqazda sülhün, əməkdaşlığın olmasını istəyir və buna maneçilik törətməməlidirlər. 
Bildirdik ki, sülh fundamental mahiyyət daşımalı və konkret faydaya əsaslanmalıdır. Azərbaycan 44 günlük müharibədən sonra Ermənistana barış əlini uzatmaqla, mövcud istiqamətdəki xoş niyyətini ortaya qoymuşdu. Prezident Əliyev heç də əbəs yerə sülhlə əməkdaşlıq məsələlərini vəhdətdə göstərmir. Bu, Ermənistana verilmiş növbəti şansdır, eyni zamanda, onun üçün yandırılan mövcudiyyət işığıdır. Mövcudiyyətin yolu həm də ölkənin Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməməsidir. Sülhün fundamentallıq kazusu həm də budur. Dövlətimizin başçısının qətiyyətlə vurğuladığı kimi, “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik?” 
Bəli, dövlətimiz Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” məntiqində israrlıdır. Bu yolda heç bir gömrük və sərhəd nəzarəti olmamalıdır. Həm də ona görə ki, məsələ 44 günlük müharibə məğlubu olan Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, sənəddə hər şey açıq-aydın göstərilib. Baş nazir Nikol Paşinyanın imzasının da yer aldığı bəyanatın 9-cu bəndində bildirilib ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Ancaq Prezident xəbərdarlıq edir: “Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.
Ermənistan güc amilinin ön planda olduğunun fərqinə varmalıdır. Zəngəzur dəhlizinin ölkənin suverenliyini şübhə altına qoymadığına şüurlu şəkildə əmin olmalıdır. Yəni, hazırda dövlətimizin başçısının verdiyi təminat budur. Əlbəttə, rəsmi İrəvan bu təminatı nəzərə almayacaqsa, çəmbər daralacaq. Müvafiq olaraq, Ermənistanın əməkdaşlıq mühitindən, başqa sözlə desək, tarixi şəraitdən, gələcək mövcudiyyət şansından faydalanma imkanları qalmayacaq. Belə nəticəyə gəlirik ki, sülh mühitinin qərarlaşmadığı hər gün Ermənistan üçün itirilmiş zaman kəsiyidir. Əlbəttə, belə bir nəticəyə Paşinyan iqtidarının da gəlməsi vacibdir. Gələcəkmi? Bunu zaman göstərəcək. Hələlik isə dövlətimizin başçısı dünyanın xəritəsinə baxmağı təklif edir. 
“Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni, bunu bizsiz edə bilməzlər və müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq. Yəni, biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk, çünki bəzən bu, bir qədər diqqətdən kənarda qalır. Amma mən bilirəm ki, Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox ciddi. Çünki dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb, hər halda, yaxın və orta keçmişə nəzər salsaq. Bunu biz etmişik, bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil”, – deyir Azərbaycanın lideri. Prezident İlham Əliyevin fikirləri dəyişən dünyada yeni nizamın qurulacağının anonsudur. Ermənistan rəhbərliyi havadarlarının illüzionist vədlərinə inanmaqdansa, bu anonsu diqqətlə nəzərdən keçirməli, yaranacaq yeni əməkdaşlıq düzənində təmsilçiliyi, ancaq öz maraq və mənfəətini düşünməlidir, başqalarınınkını yox...

Qərbə mesajlar: yaxşılığa yaxşılıqla...

Prezident İlham Əliyev müsahibəsində Ermənistanla yanaşı, onun havadarları qismində Qərbə də kifayət qədər ciddi mesajlar verdi. İlk növbədə, Paşinyan iqtidarının birbaşa hamisi Fransaya ünvanlanmış ismarıcın üzərində dayanaq. 
Dövlətimizin başçısı Bakı–Paris münasibətlərinin tarixinə qısa ekskurs etdi, bir sıra xarakterik məqamları açıqladı. Eyni zamanda, münasibətlərin hazırkı soyuq məcraya düşməsinin səbəbindən söz açdı. Əlbəttə, səbəb Prezident Emmanuel Makron administrasiyasının yarıtmazlığıdır. Ancaq bununla belə Azərbaycan–Fransa əməkdaşlığı üçün heç də hər şey bitməyib. Hər halda, dövlətimizin başçısının fikirlərindən bu qənaətə gəlmək mümkündür. Ancaq şərtimiz var: “Əsas odur ki, bizə toxunmasınlar, bizim işlərimizə qarışmasınlar, Cənubi Qafqazla bağlı məsələlərə müdaxilə etməsinlər. Bu, artıq bizim dəqiq səsləndirdiyimiz tələbdir. Çünki hazırkı fransız hakimiyyətinin müdaxilə etdiyi hər yerdə, birincisi, rüsvayçı şəkildə uğursuzluq baş verir, ikincisi, onlar yalnız intriqa gətirirlər. Yalnız intriqa”.
Qərbin ABŞ seqmentinə gəlincə, Prezident İlham Əliyevin səsləndirdiyi son dərəcə vacib mesaj budur – Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi Amerika–Azərbaycan münasibətlərini Amerika–Ermənistan münasibətlərinin qurbanına çevirməsidir. “Yəni, Azərbaycana Ermənistan–Azərbaycan, ya da ki, Amerika–Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı – bu birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləmişdir, xüsusilə Qarabağ məsələsi ilə bağlı və bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi. Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstək­ləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır. Eyni zamanda, hesab edirəm, Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı, özü öz əməlləri ilə”, – deyən ölkəmizin lideri mövqeyinə aydınlıq gətirib.
Avropa İttifaqının ABŞ ilə birlikdə erməni təəssübkeşliyinin ötən il diqqət çəkən yeni platformasından söz açdıq. Prezident İlham Əliyev Cənubi Qafqaza yanaşmada ölkəmizin Qərbin Aİ seqmenti ilə münasibətləri üzərində ayrıca da dayanıb. Döv­lətimizin başçısının bu baxımdan səsləndirdiyi başlıca mesaj isə budur – yaxşılığa yaxşılıqla, pisliyə isə adekvat cavab veriləcək. 
Bəli, ABŞ kimi, Aİ də Bakı–İrəvan trekinin normallaşması prosesindən tamamilə kənarlaşıb. Buna görə Prezident Əliyev bildirib ki, əgər Ermənistanın silahlandırılmasının və qondarma Sülh Fondunun bundan sonra da davamı olacaqsa, buna qarşı əks tədbirlər görüləcək: “Amma biz normal münasibətlər təklif edirik: gəlin, normal, ikitərəfli əməkdaşlıq edək. Biz sizdən asılı deyilik, sizdən heç nə gözləmirik, sizin ailənizə üzv olmağa can atmırıq, açığını desək, siz heç vaxt müsəlman əhalisi olan ölkəni qəbul etməyəcəksiniz. Elə isə gəlin, yaxşı qonşular olaq, əməkdaşlıq edək, buyurun, ticarət edək, sataq, alaq, texnologiyalar əldə edək”.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət