Şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət
2024-cü il ölkə həyatında mühüm islahatlar dövrü kimi yadda qaldı. Müasir iqtisadi yanaşmaların diqqətdə saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin gücləndirilməsi, vergi və gömrük sistemində köklü dəyişikliklər edilməsi, şəffaflığın artırılması kimi mühüm addımlar atılması respublikada dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafı daha da sürətləndirdi. Bütün bunlar möhkəm təməllərə əsaslanan milli tərəqqi modelinin tam olaraq formalaşdırılmasını şərtləndirdi.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də bu barədə ətraflı məlumat verdi. Keçən ilin iqtisadi inkişaf baxımından yenə də uğurlu il olduğunu vurğulayan dövlət başçısı hesabat dövründə ümumi daxili məhsulun (ÜDM) 4 faizdən, qeyri-neft sənayesində isə 7 faizdən çox artdığını bildirdi. Ölkə rəhbəri əldə olunan uğurun səbəbini isə belə xarakterizə etdi: “Bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Bütün bunlar isə deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq”.
Azərbaycan Prezidentinin müsahibəsində digər iqtisadi göstəricilərlə bağlı fikirlər də diqqət çəkir:
– il ərzində valyuta ehtiyatları, təqribən, 5 milyard dollardan çox artıb və hazırda bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Çünki hər şey müqayisədə ölçülür. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə, Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır;
– ümumi daxili məhsulun xarici borca olan nisbəti də diqqət çəkir. Bu məsələdə də Azərbaycan dünyada liderlər sırasındadır. Çünki ölkəmizin xarici borcu (hazırda 5,2 milyard dollar səviyyəsindədir) ÜDM-in cəmi 7,2 faizini təşkil edir. Valyuta ehtiyatları xarici borcu 14 dəfə üstələyir.
Müsahibədə diqqətçəkən digər bir məsələ isə dövlət büdcəsi ilə bağlı oldu. Qeyd edək ki, 2024-cü ilin 9 ayında dövlət büdcəsinə proqnozlaşdırılandan 0,2 faiz çox vəsait daxil olub. Büdcənn gəlirləri 53,4 milyon manat artaraq 27 milyard 737 milyon manata çatıb. Büdcə xərclərində isə proqnoz 42,2 milyon manat çox icra edilib və nəticədə xərclərin həcmi 25 milyard 174 milyon manata yüksəlib. Dövlət büdcəsinin vəsaiti hesabına bütün xərc sifarişləri tam və vaxtında təmin edilməklə 2 milyard 563 milyon manat məbləğində profisit yaranıb. Bütün bu müsbət makroiqtisadi göstəricilər Azərbaycanın 2024-cü ili uğurlu və əlamətdar dövr kimi başa vurduğunu təsdiqləyir.
Ötən il iqtisadiyyatın daha da böyüməsi, güclü fiskal-maliyyə yığımları ilə dövlət büdcəsinin gəlir və xərclərinin artırılması nəticəsində büdcənin gəlir və xərclərinə dəyişiklik edildi. Bununla da büdcənin gəlirləri 6,5faiz artırılaraq 36 milyard 388 milyon manata, xərcləri sə 8,1faiz artırılaraq 39 milyard 742,3 milyon manata çatdırıldı.
Dövlət başçısı müsahibədə bütün bunlar barədə danışarkən, qeyd etdi ki, büdcə parametrləri hər bir ölkənin iqtisadi potensialını əks etdirir. Bu ilin büdcəsi də rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötür: “Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki, biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Mən dəfələrlə bildirmişdim və artıq hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi cəhətdən, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən”.
Büdcə parametrlərində diqqətçəkən həmin göstəricilər təbii ki, sosial şəraitin daha da yaxşılaşdırılmasını şərtləndirir. Bu il yanvarın 1-dən minimum əməkhaqqının 55 manat artaraq 400 manata, minimum pensiyanın 40 manat artaraq 320 manata çatdırılması da bunun bariz ifadəsidir. Təkcə bu göstəricilər isə ölkə rəhbərinin müsahibədə vurğuladığı kimi, siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, keçən il Azərbaycanın D-8-ə – müsəlman ölkələrini birləşdirən ən böyük təşkilata üzv seçilməsi ilə bağlı fikirləri də maraq doğurdu. Belə bir tarixi hadisənin respublikamız üçün növbəti uğurlu addım olduğunu vurğulayan ölkə lideri bildirdi ki, Azərbaycanın bu nüfuzlu quruma üzv qəbul edilməsi dövlətimizin nüfuzunu bir daha göstərdi: “Siz də yaxşı bilirsiniz ki, bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və 8 ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir”.
Yeri gəlmişkən, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının yaranması ilə bağlı təşəbbüs ilk dəfə olaraq 1996-cı il oktyabr ayının 22-də adıçəkilən qurumun İstanbulda keçirilən birinci toplantısında səsləndirilib. Bundan bir il sonra – 1997-ci il iyunun 15-də isə həmin şəhərdə gerçəkləşən dövlət və hökumət başçılarının Zirvə görüşündə adıçəkilən format təsis edilib. Qeyd edək ki, D-8 təşkilatına ölkəmiz qoşulana qədər Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxil idi. D-8-in qarşısında isə üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, sosial-iqtisadi sahələrdə əlaqələri gücləndirmək əsas vəzifə kimi qoyulurdu.
Xatırladaq ki, Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2017-ci il oktyabrın 20-də qurumun İstanbulda “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilən IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin görüşdəki çıxışında 3 qitədə yerləşən ölkələri əhatə edən D-8-in son 20 ildə fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq dünyada baş verən gərginliklər fonunda belə bir nüfuzlu toplantının reallaşdırılmasının önəmini bildirib.
Qeyd edək ki, D-8 hazırda dünyada böyük iqtisadi potensiala malik bir təşkilat kimi tanınır. Üzv ölkələrdə, təqribən, 1,1 milyard insan yaşayır. 8 ölkənin iqtisadiyyatının həcmi, təxminən, 3, 8 trilyon dollar təşkil edir. Üzv ölkələrin ticarət dövriyyəsi isə 1,6 trilyon dollar səviyyəsindədir. Yəni dünya ticarət dövriyyəsinin 4,5 faizini təşkil edir. Bütün bunlarla yanaşı, 3 qitəni əhatə edən D-8 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malikdir. Eyni zamanda, 130 milyard ticarət dövriyyəsi həyata keçirir, üzv ölkələrin əhalisinin sayı, ümumilikdə, dünya müsəlmanlarının 60 faizini təşkil edir. Bu isə həm də o deməkdir ki, D-8 böyük iqtisadi potensiala malikdir.
D-8-in perspektiv əhəmiyyəti isə təşkilatın fəaliyyətində iqtisadiyyatın diversifikasiyasının önəmli yer tutması ilə bağlıdır. Başqa sözlə, D-8 ölkələri bu sahədə birgə fəaliyyət göstərərək xammal əsaslı məhsullardan asılılığı azaltmaq, istehsalat, texnologiya və xidmət sahələrinə diqqəti daha da artırmaq imkanı əldə edir.
Digər ölkələrlə əməkdaşlıq D-8 üzvü olan dövlətlər üçün enerji infrastrukturunun inkişafını prioritet təşkil edir. Ümumilikdə quruma üzv olan bir sıra ölkələrin bərpa olunan enerji sahəsində geniş potensialı var. D-8-in qarşısındakı qlobal məqsədlərindən biri də üzv ölkələr arasında ticarət sahəsindəki əngəllərin aradan qaldırılması və birbaşa investisiyaların təşviqinə nail olmaqdan ibarətdir.
Məqsədə çatmaq üçün iqtisadi inkişafa xidmət edən birgə təşəbbüslərin reallaşdırılması, hər ölkənin potensialına və gələcəyə əsaslanan iqtisadi layihələrin icrası, təcrübə mübadiləsi, daxili və xarici ticarətin inkişafı yolundakı maneələrin aradan qaldırılması, siyasi dialoqun təşviq edilməsi və genişlənməsi, texnoloji inkişafa xidmət edən innovativ layihələrin icrası, “yaşıl” enerji layihələrinin icrası proseslərinin dəstəklənməsi və rəqabət qabiliyyətinin artırılması kimi şərtlərin təmin olunması vacibdir.
Prezident İlham Əliyevə iqtisadi məsələlərlə bağlı verilən suallardan biri də respublikamızın İtaliya, Yunanıstan, Macarıstan və Türkiyə kimi bir çox ölkələrə qaz təchizatını artırması, gələcəkdə də Avropanın enerji daşıyıcıları ilə təmin edilməsində göstərəcəyi yardımla bağlı idi. Bu barədə fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı Azərbaycanın hazırda müxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi və onun artırılmasından istifadə edərək, qaz təchizatının coğrafiyasını genişləndirdiyini, son zamanlar isə Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxışın gerçəkləşdiyini bildirdi. Ölkə rəhbəri daha sonra dedi: “2022-ci ildə başlamış Rusiya–Ukrayna müharibəsi nəticəsində Avropaya Rusiyanın qaz təchizatının pozulması zamanı, Avropa Komissiyası yardım üçün Azərbaycana müraciət etdi. Həmin vaxt Avropa Komissiyasının sədri (Prezidenti) buraya, Bakıya gəldi. Elə bu zaldan çöldə biz Bəyannamə imzaladıq. Biz razılaşdıq və dedik, sizə kömək etməyə və Avropaya qaz təchizatımızı iki dəfə artırmağa hazırıq. Həmin vaxt, Avropa istiqamətində qaz təchizatımız yeddi milyard kubmetr idi”.
Müsahibədə vurğulandığı kimi, 2022-ci ildə başlanan Rusiya–Ukrayna münaqişəsi ilə əlaqədar Avropada enerji mənbələrinin şaxələndirilməsinə daha ciddi ehtiyac duyuldu. Bu zaman Azərbaycan Avropanın əsas qaz tərəfdaşlarından birinə çevrildi. Elə bunun nəticəsində ölkəmizdən “mavi yanacağ”ın ixracında davamlı artım qeydə alındı.
Hazırda Azərbaycan qazı 10 ölkəyə, o cümlədən, Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyaya ixrac edilir. Eyni zamanda, Sloveniya və Xorvatiya kimi yeni dövlətlərə də tədarük genişləndirilir.
Şaxələndirmə ötən ildə də diqqət mərkəzində saxlanıldı. Bunun bariz ifadəsi respublikamızın Sloveniya və Xorvatiyaya qaz ixracına başlaması oldu. 2024-cü ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkəti Sloveniyanın “Geoplin” qaz şirkəti ilə memorandum imzaladı və avqustun 1-dən qaz tədarükünə başladı. Sentyabr ayında isə Macarıstanın “PPD” və “MET Group” şirkətləri ilə Xorvatiyaya qaz ixracı üzrə razılaşma əldə edildi. Bu təşəbbüslər Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirdi.
Azərbaycanın ötən il Şimali Makedoniya ilə “mavi yanacaq” ixracı ilə əlaqədar əməkdaşlığı da şaxələndirmə istiqamətində mühüm hadisə kimi dəyərləndirildi. Belə ki, 2024-cü ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti Şimali Makedoniyanın “ESM” Səhmdar Cəmiyyəti ilə enerji təhlükəsizliyini gücləndirmək məqsədilə uzunmüddətli əməkdaşlıq haqqında memorandum imzaladı. Bu razılaşma 2024–2025-ci ilin qış mövsümündə qaz tədarükünün perspektivlərini əhatə etdi.
Hesabat ilinin son ayında isə respublikamızdan Slovakiyaya “Həmrəylik halqası” təşəbbüsü çərçivəsində pilot qaz tədarükünə başlandı. Bolqarıstanın təşəbbüsü ilə başlanan bu layihə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanı birləşdirən modernləşdirilmiş qaz-nəqliyyat sistemi vasitəsilə reallaşdı. Layihənin iştirakçılarının geniş yeraltı qaz anbarlarına malik olmaları Azərbaycanın qazını Avropaya sabit şəkildə tədarük etməyə imkan yaratdı. Beləliklə, hesabat dövründə Azərbaycanın qaz ixracı ilə bağlı uğurları respublikamızın Avropanın enerji təhlükəsizliyinin gerçəkləşdirilməsindəki artan strateji rolunu şərtləndirdi.
Beləliklə, 2024-cü ildə Azərbaycandan Avropaya 9 milyard kubmetrdən çox (2023-cü ilin eyni dövrü ilə müqayisədə, təqribən, 10 faiz çox) qaz ixrac edilib. Ümumilikdə isə 2020-ci ilin dekabrında TAP boru kəmərinin işə salınmasından 2024-cü ilin sentyabrına qədər bu nəhəng infrastruktur vasitəsilə 40 milyard kubmetrdən çox qaz nəql olunub. TAP-ın imkanlarının genişləndirilməsi ilə bu il ərzində adıçəkilən boru kəmərinin illik ötürmə qabiliyyətini 1,2 milyard kubmetr artırmaq proqnozlaşdırılıb.
Bu məqamda onu da xatırladaq ki, 2022-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq memorandumu imzalandıqdan sonra Cənub Qaz Dəhlizi infrastrukturunun modernləşdirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə layihələr davam etdirilir. Bu çərçivədə kompressor stansiyaları modernləşdirilir, interkonnektorların tikintisi həyata keçirilir və Transadriatik Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətinin artırılması istiqamətində yeni təşəbbüslər irəli sürülür. Məsələn, artıq TAP-ın illik ötürmə qabiliyyətinin 2026-cı ilə qədər 1,2 milyard kubmetr artırılacağı gözlənilir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının, təxminən, yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də, Azərbaycanın Avropada tərəfdaşlarına göstərdiyi ciddi dəstəkdir. Beləliklə, perspektiv üçün əsas məqsəd coğrafiyanı genişləndirməkdir.
Yeri gəlmişkən, dövlətimizin başçısı sözügedən müsahibəsində ölkəmizin “mavi yanacaq” potensialı ilə bağlı qeyd etdi ki, ehtiyatlarımız kifayət qədərdir, çünki qazın təsdiqlənmiş həcmi artmaqdadır. Bir neçə il öncə həcmin 2,6 trilyon kubmetr təşkil etdiyi bildirilirdi. Lakin indi, yenicə kəşf edilmiş, o cümlədən, gələcəkdə nəzərdə tutulan ehtiyatlarla bu səviyyə daha da artacaq: “Ümid edirik ki, bu il biz AÇQ-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq. Bununla belə, “Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz “Abşeron”da qaz hasilatının 1,5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq”.
Ölkə rəhbəri müsahibədə Azərbaycanda “Qarabağ”, “Babək”, “Asiman” və digər yataqlar kimi çox perspektivli layihələrin mövcudluğunu, bunların isə qaz potensialının artırılmasında önəmli rol oynayacağını da diqqətə çatdırdı.
V.BİNYATOĞLU
XQ