Paşinyan özünü sülhpərvər göstərir, amma unudur ki...

post-img

Ermənistan baş naziri Nikol Paşinyanın 1994-cü ilin mayın 12-dən, yəni atəşkəsə  dair Bişkek şəhərində protokol imzalanmasından onun hakimiyyətə gəldiyi 2018-ci ilin mayınadək Azərbaycanla aparılan danışıqlarla bağlı 2024-cü il dekabrın 23-də verdiyi bəyanat ölkənin siyasi həyatında əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Yada salaq ki, Paşinyan həmin gün demişdi: “1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi yalnız Dağlıq Qarabağın və digər ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması barədə olub. Prosesdə başqa heç bir məzmun olmayıb”.

O qeyd etmişdi ki, Ermənistanda danışıqların başqa məsələlərlə bağlı olduğu barədə yayılan məlumatlar daxili auditoriyaya yönəlib: “Bu kontekstdə mən böyük səhvə yol verdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olduqdan sonra yuxarıda qeyd olunanları xalqıma etiraf etmədim. Sizə məlum olan vətənpərvərliyim bunu etməyə imkan vermədi. Buna görə də həmin məsələlərin üstündən keçdim və onları xalq üçün aydınlaşdırmadım”.
Bundan sonra Paşinyan “Facebook” sosial şəbəkəsindəki hesabında ölkənin üç keçmiş prezidentinə – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyana müraciət edərək onları debata çağırmışdı: “Mən dediklərimi Ermənistanın sabiq prezidentləri ilə canlı debatlar formatında əsaslandırmağa hazıram. Yaxşı ki, keçmiş prezidentlər öz nümayəndələri vasitəsilə Dağlıq Qarabağ üzrə danışıqlar prosesi ilə bağlı mənim yazdığıma cavab verdilər. Amma mən nümayəndələrimin arxasında gizlənmirəm. Məncə, onların da gizlənməməsi düzgün olardı. Mənim yazdıqlarımı mübahisələndirən sabiq prezidentlərin reaksiyasını gözləyirəm”.
Ancaq sabiqlər baş nazirlə debata çıxmaqdan imtina edərək Paşinyana, qeyd olunduğu kimi, öz nümayəndələri vasitəsilə cavab vermişdilər.
Bundan sonra R.Koçaryanın prezidentliyi dövründə (1998–2008) Ermənistanın xarici işlər naziri olmuş Vardan Oskanyan dilə gəlmişdi. Demişdi ki, N.Paşinyanla debatı baş tutsaydı, ATƏT-in keçmiş Minsk qrupu həmsədrlərinin 2007-ci ildə təqdim etdiyi və şərti olaraq “Madrid prinsipləri” adlanan sənədi özü ilə gətirərdi. Oskanyan bu sənədi 1994-cü ildən davam edən danışıqların “kulminasiya sənədi” adlandırmışdı: “Əgər Paşinyan deyirsə ki, 1994-cü ildən danışıqlar “Artsax”ın Azərbaycana verilməsi ilə bağlı aparılıb, bu o deməkdir ki, “kulminasiya sənədi”ndə belə bir məqam öz əksini tapmalı idi. Amma, bu, sadəcə olaraq, təsbit edilməyib, əksinə, sənəddə “Dağlıq Qarabağ xalqı”nın (?) öz müqəddəratını təyinetmə hüququ təsbit olunur. Bu, onu deməyə əsas verir ki, Nikol xalqa yalan danışır, amma bunu hansı məqsədlə etdiyini başa düşə bilmirəm. Paşinyan sıfır nöqtədən başlamalı, Madrid prinsipləri əsasında danışıqları davam etdirməli idi. Belə olan halda bu gün Laçın dəhlizi ilə birgə “Artsax” olardı, sərhədləri açıq normal Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətləri qurulardı. Paşinyan “Artsax”ın itirilməsinin əsas günahkarıdır və buna görə cavabdehdir. Mən onu məsuliyyəti başqalarının üzərinə atmamağa, öz üzərinə götürməyə çağırıram”.
Qeyd etdiyimiz kimi, məsələ ölkənin ictimai-siyasi dairələrində geniş müzakirə olunduğundan media qurumlarının da diqqətindədir. “Azadlıq” radiosunun erməni xidməti – “Azatutyun” ötən ilin son günlərində Ermənistan baş nazirinə yazılı sorğu ilə müraciət etmişdi. Sorğuda cəmi bir sual öz əksini tapmışdı: “Nikol Vovayeviç, siz Qarabağ probleminin həlli ilə bağlı həm hakimiyyətə gəlməmişdən əvvəlki, həm də baş nazirliyiniz dövründəki rəsmi sənədləri dərc etməyə hazırsınızmı ki, cəmiyyət faktlarla tanış olsun və siyasi spekulyasiyalar olmadan özü nəticə çıxarsın?!”
Dünən baş nazirin aparatı radionun sorğusunu cavablandırıb. Cavabda deyilir: “Baş nazir Nikol Paşinyan xarici işlər nazirinə Qarabağ danışıqları ilə bağlı xarici işlər nazirliyində mövcud olan sənədlərin inventarlaşdırılmasının aparılmasını tapşırıb. Ermənistanın dövlət təhlükəsizliyinin maraqlarını nəzərə alaraq bu materialların dərci imkanlarını qiymətləndirdikdən sonra onların çap olunub-olunmamasına dair qərar veriləcək”.
Məsələyə R.Koçaryanın oğlu, parlamentdəki “Hayastan” blokunun deputatı Levon da münasibət bildirib. O, atasının N.Paşinyanla debatda iştirakdan niyə imtina etməsi ilə bağlı suala belə cavab verib: “Bu barədə çox danışılıb. Yeri gəlmişkən, bütün danışıqlar prosesi ilə, yəqin ki, yaxından tanış olanlardan biri kimi Vardan Oskanyan bu məsələ ilə bağlı əks təkliflə çıxış edib. Lakin qarşı tərəf bununla razılaşmadı. Hətta, Nikol Paşinyan hesab edirsə ki, belə deyək, o baş nazirdir və sabiq nazirlə debata çıxmaq onun səviyyəsinə uyğun deyil, o zaman Ararat Mirzoyana debatda iştirak təklif oluna bilər. Beləliklə, hər şey açıq və aydındır”.
Qeyd etmək lazımdır ki, Paşinyanın belə iddialı bəyanatla çıxış etməsinə rəğmən, danışıqlar prosesinin 1994-cü ildən etibarən Qarabağın və işğal olunmuş ətraf 7 rayonun Azərbaycanın nəzarətinə qaytarılması istiqamətində aparıldığı fikri az inandırıcıdır. Ermənistan tərəfi danışıqları yerdə mövcud olan vəziyyəti, yəni status-kvonu legitimləşdirmək məqsədilə aparırdı. Paşinyanın fikirlərində məntiq tapmaq da çətindir. Məsələ ondadır ki, Ermənistanın ikinci və üçüncü prezidentləri Qarabağda etnik separatizm ocağının alovlandırılmasında, eləcə də sonradan ölkəmizə qarşı təcavüz zamanı əyinlərinə hərbi forma geyinərək, əllərinə silah alaraq döyüşlərdə bilavasitə iştirak etmiş şəxslərdir. Hər kəsə aydındır ki, söhbət R.Koçaryan və S.Sarkisyandan gedir. Məgər Koçaryan və Sarkisyan o torpaqları sonradan Azərbaycana qaytarmaq üçün işğal etmişdilər?!
Eləcə də Azərbaycan torpaqlarının Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dövründə işğal olunduğunu unutmaq olmaz. Hətta, Ter-Petrosyanın bir neçə gün öncə yayılmış 1993-cü ilə aid çıxışı onun özündən sonrakılardan heç də fərqlənmədiyini ortaya qoyur. Məlum olur ki, ən böyük faşist təfəkkürlü şəxs elə Ter-Petrosyanın özüdür. Bu baxımdan əvvəlki prezidentlərin, guya, danışıqları işğal olunmuş əraziləri Azərbaycana qaytarmaq istiqamətində aparmalarına dair Paşinyanın fikirləri məntiqə uyğun deyil. Əksinə, onlar xarici havadarlarına arxalanaraq, işğalı möhkəmləndirmək yolunu tutmuşdular. Nəinki, əvvəlki üç prezident, elə N.Paşinyanın özü də Azərbaycana münasibətdə güzəştsiz xəttin tərəfdarı idi. Onun hakimiyyətinin ilk iki ilində səsləndirdiyi bəyanatlar, o cümlədən, 2019-cu il avqustun 5-də Xankəndiyə qanunsuz səfər edərək burada qondarma “ümumerməni yay oyunları”nın açılış mərasimində Qarabağın Ermənistan ərazisi olmasına dair dedikləri yadımızdan çıxmayıb. Çıxması mümkün də deyil. Hətta, biz bəzi hallarda Paşinyanın İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən nəticə çıxarmadığını da görürük.
Zənnimizcə, bu məqamda Prezident İlham  Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərdən iqtibas gətirmək yerinə düşər: “Ermənistanla onilliklər ərzində dialoqun alınmaması aydındır. Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər. Bu yaxınlarda mətbuatda çıxan informasiya – məhz Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir daha təsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi. Mən bunu 2004-cü ildən Minsk qrupu çərçivəsində danışıqlar aparan və bu “üçlüklə” çox sayda görüşlər keçirən insan kimi deyirəm. Ona görə də biz, əlbəttə, bu ərazilərin dialoq yolu ilə qaytarılacağını güman etmirdik. Eləcə də ərazi bütövlüyünün təmin edilməsini...”
Dövlətimizin başçısı onu da bildirdi ki, Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır: “Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən “sülh göyərçini” düzəltmək istəyir. Amma baxın, görün, onun 2018–2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir...”
Mövzu ilə bağlı XQ-yə açıqlama verən “World Panorama” Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova bildirdi ki, hazırda Ermənistanın daxili siyasi həyatında böyük çaxnaşma hökm sürür. Onun sözlərinə görə, bu gün Ermənistanda baş verənlər, yəni ictimai-siyasi xadimlərin bir-birinə yönələn ittihamları, suçlamaları məğlub dövlətlərə xas yanaşmadır: “Onlar keçmişdə olub-bitən məsələlərlə bağlı bir qədər də irəli gedərək hazırda şantajla məşğuldurlar. Qarabağın və digər ətraf ərazilərin müharibə yolu ilə geri alınmasına zəmin yaradan, sülh çağırışlarına məhəl qoymayan məhz Qarabağ klanı oldu. Onlar danışıqlar prosesində düzgün mövqe seçmədilər. Onların hazırda “Paşinyan Qarabağın Azərbaycana qaytarılması üçün hər şeyi etdi” deməsi yanlış yanaşmadır. Qarabağı bizə Paşinyan qaytarmayıb. Biz öz hərbi gücümüz hesabına torpaqlarımızı işğaldan azad etmişik”.
R.Məmmədova qeyd etdi ki, Paşinyan arxiv sənədlərinin açılmasının mümkünlüyünə işarə vuraraq əsas müxalifət qüvvələrini qorxutmağa çalışır: “Hazırda Ermənistanda siyasi prosesləri Qarabağ məsələsi üzərində qurublar. Daxili mübarizə də bu istiqamətdə gedir. Bu yaxınlarda sabiq xarici işlər naziri Vardan Oskanyan da demişdi ki, “Madrid prinsipləri”ndə “Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə hüququ təsbit olunub. Ancaq unudur ki, işğal altındakı ərazilərin azad olunması üçün Azərbaycan tərəfi hərtərəfli güclənəcəyi günü gözləyirdi. Prezident İlham Əliyevin çıxışlarında bildirdiyi kimi, hər bir Azərbaycan vətəndaşı fəaliyyəti ilə həmin günü yaxınlaşdırırdı. Hamımız başa düşürdük ki, müharibə qaçılmazdır. O, gec-tez baş verəcək. İnsanlar buna psixoloji olaraq hazır idilər. Xalq olaraq görürdük ki, problemin həlli üçün xarici ölkələrdə Minsk qrupu çərçivəsində aparılan danışıqlar vaxtı uzatmağa hesablanıb. Biz bu diplomatik danışıqları aparsaq da, ordumuzu da gücləndirirdik, onu müasir silah-sursatla təchiz edirdik”.
Politoloq onu da bildirdi ki, Qarabağ klanını təmsil edən şəxslərin nə deməsi bir o qədər əhəmiyyətli deyil. Eyni zamanda, torpaqlarımız işğaldan azad edilərkən Ermənistanda hakimiyyətdə kimin olmasının da əhəmiyyəti yox idi. Bu məsələ bizim üçün prinsipial əhəmiyyət daşıyırdı, torpaqlarımız gec-tez azad olunacaqdı. Sadəcə, Paşinyanın aşkar təxribatçı bəyanatları, danışıqlar prosesini faktiki olaraq pozması və sərhədyanı bölgədə açıq təxribatlara başlaması prosesi bir qədər tezləşdirdi.

Səxavət HƏMİD 
XQ



Siyasət