Bayden Rusiyaya “vida zərbəsi” hazırlayır

post-img

Prezidentliyinə dörd həftədən az vaxt qalan Cozef Bayden Rusiyanın enerji sektoruna qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyi düşünür. Məhdudiyyətlər ABŞ-ın Rusiyanın kölgə donanmasının bir hissəsi olan tankerlərə təsir edəcək. The Washington Post (WP) Ağ Evdəki mənbələrə istinadən yazır ki, yeni məhdudiyyətlər Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda Donald Tramp administrasiyasına güclü təsir rıçaqları verə bilər.

Maliyyə naziri Janet Yellenin sözlərinə görə, ABŞ Rusiyanın neft gəlirlərini azaltmaq üçün “yaradıcı yollar” axtarır və “qara qızıl”a qlobal tələbatın azalması əlavə sanksiyalar tətbiq etmək imkanı yaradır. WP ABŞ prezidentinin elan edəcəyi yeni qadağaları “Baydenin Putinin müharibə kassasına zərbəsi” adlandırır. Qəzetin həmsöhbətlərinin dediyinə görə, sanksiyalar ilk növbədə sanksiyalardan və qiymət tavanından yan keçərək Rusiya neftini qeyri-Qərb dövlətlərinə daşıyan kölgə donanmasına təsir etməlidir. Bəzi hesablamalara görə, belə bir donanma təxminən 700, digərlərinə görə - 1,4 min tankerdən ibarətdir. Məlumatlardakı uyğunsuzluq bu gəmilərin əksəriyyətinin qlobal tanker donanmasının bir hissəsi olması ilə izah olunur.

“AXSMarine” mərkəzinin məlumatına görə, kölgə donanmasının, təxminən, 150 tankeri Rusiya şirkətləri ilə bağlıdır və əsasən onların neftini daşıyır. Belə ehtimal olunur ki, məhdudiyyətlər hələ də sanksiyalara məruz qalmamış Rusiya neft ixracatçılarına təsir göstərəcək. Banklara Rusiya ilə enerji əməliyyatları aparmağa icazə verən lisenziyanın ləğv edilməsi variantı da nəzərdən keçirilir. WP Ağ Evin qlobal iqtisadiyyat üzrə sabiq baş direktoru Peter Harrelldən sitat gətirir: “Yeni böyük sanksiyalar tədbirlərinin məqsədi Rusiyanın ixrac gəlirlərini 6-12 ay ərzində iki rəqəmli azaltmaq olmalıdır”.

WP qeyd edir ki, prezidentlikdən getməzdən əvvəl Rusiyaya vurulan böyük zərbə Baydenin Moskvanın Ukraynadakı hərəkətlərinə qətiyyətli cavab vermək üçün Qərb müttəfiqlərini topladığına dair iddialarını gücləndirəcək. Həqiqətən dekabr ayında Rusiyanın kölgə donanmasına qarşı məhdudiyyətlər artıq Avropa İttifaqı və Böyük Britaniya tərəfindən tətbiq edilmişdir. Bundan başqa, G7 (Böyük yeddilər) Rusiya neftinin qiymət tavanını bir barel üçün 60 dollardan 40 dollara endirməyi və onun emalına tam qadağa qoymağı düşünür.

Əgər sanksiyalar Rusiyaya nəzərdə tutulduğu kimi təsir etsə, Tramp administrasiyası Ukrayna ilə barışıqla bağlı Kremllə danışıqlarda daha güclü təsir rıçaqları əldə edəcək. Ağ Evin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisinin dediyinə görə, Kiyevə sülh danışıqları üçün “ədalətli şərtlərlə” “ən yaxşı fürsət” vermək üçün Rusiyaya qarşı cəza tədbirləri zəruridir. Eyni zamanda, WP iddia edir ki, Ukrayna prezidenti Vladimir Zelenski son vaxtlar danışıqlara hazırlığını artırır və bu, uzun müddət Moskvaya hər hansı ərazi güzəştlərinin mümkünlüyünü rədd edən Zelenskinin mövqeyində “ciddi dəyişiklikdir”.

“Bloomberg” agentliyi də mənbələrinə istinadən yazır ki, Bayden administrasiyası enerji qiymətlərinin yüksəlməsindən ehtiyatlanaraq, xüsusən də prezident seçkiləri ərəfəsində Rusiya neftinə qarşı yeni məhdudiyyətlər tətbiq etməkdə uzun müddət tərəddüd edirdi. Lakin neftin qiymətinin düşməsi və Donald Trampın Kiyevi Moskvanı güzəştə getməyə inandıra biləcəyi ilə bağlı narahatlıqların artması fonunda, Ağ Ev “artıq daha qətiyyətli addımlara açıqdır”. Xanım Yellenin dediyinə görə, “bu məqamda qeyri-adi olan odur ki, neft bazarı yaxşı təchiz olunur. Qiymətlər nisbətən aşağıdır, qlobal tələb azalır, təklif isə artır”. ABŞ maliyyə naziri deyir ki, bu, Rusiyaya qarşı daha fəal hərəkətə keçməyə imkan yaradır, çünki neft satışından əldə olunan gəlir Rusiya büdcəsinin kritik bir hissəsidir.

KİV yazır ki, sanksiya modellərindən birinin İran neftinə tətbiq edilən məhdudiyyətlərə bənzər məhdudiyyətlər olduğu güman edilir. Lakin bu halda Rusiya neftinin Hindistan, Çin və hətta bəzi Aİ ölkələri kimi iri alıcıları məhdudiyyətlərə məruz qalacaq. Bundan əlavə, bu, ABŞ-ın ikili təyinatlı malların Rusiyaya ixracının qarşısını almaq üçün yardım almağa ümid etdiyi ölkələrlə danışıqları çətinləşdirə bilər. Bir sözlə, belə bir model Vaşinqtonun həm rəqibləri, həm də tərəfdaşları ilə gərginliyini artıra bilər.

Ancaq ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyir ki, Bayden hökuməti səlahiyyətlərinin bitməsinə qədər Rusiya hərbi maşınına zərbə vurmaq üçün yeni sanksiyalar tətbiq etməyə vaxt tapacağına güman edir. Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əmin edir ki, Rusiya neft sənayesinə qarşı sanksiyaların nəticələrini minimuma endirmək üçün lazım olan hər şeyi edəcək. Onun sözlərinə görə, Rusiya neftinə məhdudiyyətlərin sərtləşdirilməsi dünya enerji bazarlarının sabitliyi üçün ciddi risklər daşıyır.

S.ELAY
XQ

Siyasət