Azadlıq: Konfutsidən Marksa

post-img

Konfutsinin yaşadığı dönəmdə (e.ə.551– 479) yalnız yuxarı təbəqəyə mənsub insanların uşaqları təhsil almaq imkanına malik idilər. Konfutsi isə sosial mənsibiyyətindən asılı olmayaraq, hər kəsin təhsil almasının vacibliyini vurğulayırdı.

Onun tətbiq etdiyi açıq qapı siyasəti, başqa şərtlər altında bütün həyatını əziyyət və təhqirolunma ilə keçirəcək olanlara təhsil almaq üçün müstəsna fürsət vermişdi. Nətcədə Konfutsinin şagirdlərinin əksəriyyəti aşağı siniflərdən olanlar idi və onlar müəllimlərinə ömür boyu sadiq və minnətdar oldular. Yeni maarifçiliyin ilk toxumlarını səpən böyük filosof bununla bürokratiyaya yeni istedadların və yeni fikirlərin gəlməsində iştirak edirdi. O, deyirdi ki, təhsil var olduğu zaman sinif fərqliliyi ola bilməz.

İrland yazıçısı Pol Stratern “90 dəqiqədə Konfutsi” kitabında yazır ki, gizli bərabərçiliyinə baxmayaraq, Konfutsi bəzi stereotiplərini yenə də qoruyurdu. O özü də olduqca kasıb bir ailədə doğulmuşdu və bütün uğurlara məhz yenilməz iradəsi və zəkası ilə nail olmuşdu. Konfutsinin Ədalət naziri olduğu dövr haqqında maraqlı fikirlər var. Onun bioqrafiyasını qələmə alan X.Gril “Onun nazirliyi dövründə Lu ölkəsində heç bir soyğunçu yox idi”, – deyə yazırdı. Təsadüfi deyil ki, nazir işlədiyi dönəmdə də o, kasıb olaraq qalırdı.

Konfutsi vəzifədən azad edildikdən sonra bir neçə tələbəsi ilə ziyarət səfərinə çıxır. Bu, ənənəvi dini-mənəvi səyahət olmayacaqdı. Konfutsinin müqəddəs bir hədəfi yox idi və bu səfərində də məqsədi aydınlanmaq deyildi. Filosofun ziyarəti də fəlsəfəsi kimi dünyəvi idi.

O, əslində iş axtarırdı. Ən azından, prinsiplərinin hardasa tətbiq olunacağına ümid edirdi. Artıq Konfutsi Çinin ən müdrik adamı hesab olunurdu. Çağdaşları rifah içində yaşadığı halda, 67 yaşı olmasına baxmayaraq, hələ də sosial problemlər içində çabalayırdı. Dürüst fəaliyyət haqqında traktatlar yazan bütün dövlərin ən praqmatik filosofu artıq karyera haqda düşünməkdən vaz keçmişdi. Ən çox sevdiyi tələbəsi Yen Huinin ölümündən sonra isə o, ümidsizliyə qapılır. “Məni anlayan heç kim yoxdur”, – deyərək düşüncələrinin gələcək nəslə çatmayacağı ilə bağlı narahatlıq keçirir.

Konfutsinin sosial bərabərlik ideyası haqda düşünərkən “Kütlə psixologiyası”nın müəllifi Qustav Le Bonu xatırladım. Həmin əsərində Le Bon yazırdı ki, ibtidai insan tarixinə aid olan və onun ruhi quruluşunun müxtəlifliyini, irsi qanunlarını əks etdirən olduqca cahil ideyalara qarşı şair və filosofların, dünyada insanların və irqlərin bərabərliyi ideyasını ortalığa atmasından demək olar ki, bir əsr yarım vaxt keçib. Kütlə üçün çox şirnikləndirici olan bu ideya onların ruhuna çox tezliklə hakim kəsildi və tezliklə öz bəhrəsini verdi: köhnə cəmiyyətin əsaslarını sarsıtdı. Tarixin üfüqündə Karl Marks kimi bir nəhəng göründü. Bu məqsədlə yaranan təsisatlar və maarifləndirmə müasir demokratiyanın sehrli iksirinə, böyük prinsiplər üçün aldadıcı olan bərabərsizlikləri aradan qaldıran müasirliyin tək ilahi vasitəsinə çevrildi.

Konfutsinin ideyaları əsrləri adlayaraq müasir cəmiyyətə gəlib çatdı. Onun məqsədi qorxu və şübhədən uzaq həyat sürə biləcək ali insan nəsli yaratmaq idi. Konfutsinin təlimi iki min il ərzində Çin idarəetmə aparatının əsas aparıcı qüvvəsi olaraq qaldı. Konfutsiçilik praktiki xarakter daşımaqla, demək olar ki, 2 min 500 il mövcudluğunu qoruyub saxladı. Konfutsiçilik metafizik fərziyyələr olmadan belə yaşaya bildiyini sübut etmişdir. Bu günümüzdə Qərbin də fasilələrlə eyni görüşləri mənimsədiyi görünməkdədir. Çin fəlsəfəsinin Konfutsidən sonrakı məktəbləri – Daosizm və Buddizm – öz gücünü məhz bu böyük filosofun ölməz ideyalarından alırdı.

Kənan HACI

Mədəniyyət