“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin birgə təşkilatçılığı ilə müəllimlər arasında “Tullantılardan incəsənətə” adlı əl işlərindən ibarət sərgi keçirilib.
Sərginin açılışından əvvəl müəllimlərin əl işlərinə baxış keçirilib. Sonra tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda bir neçə sinifdə təşkil edilən açıq dərsləri izləyiblər.
Açılış mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova, regional təhsil idarəsinin müdiri Günay Mahmudova, ATİAHİ Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyeva və başqaları çıxış edərək, belə sərgilərin müəllimlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı və ekoloji şüurun artırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Sərgi çərçivəsində təşkil edilən müsabiqənin qalibləri münsiflər heyətinin qərarı ilə müəyyənləşdirilib və onlara mükafatlar təqdim edilib. Tədbir şagirdlərin hazırladığı “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.
XQ