1988-ci ilin noyabr və dekabr aylarında azərbaycanlılara qarşı aparılan təzyiqlər və zorakılıqların həcmi daha da artmışdı. Bu dövrdə Ermənistanın rəhbərləri azərbaycanlılara canlarını qurtarmaq üçün Azərbaycana köçmələrini təklif edirdilər. Bu məqsədlə avtobuslar təşkil olunmuşdu. Lakin bu təklifin, əslində, bir tələ olduğu sonradan başa düşüldü.
Erməni sürücüləri tərəfindən idarə edilən avtobuslar əhalini qurtarmaq və xilasetmə adı ilə kənddən çıxarıb birbaşa başkəsən “saqqallılar”ın yanına aparıb qırdırırdılar. Qaçan və sağ qalan bir çox insanlar qarlı dağ cığırlarında Azərbaycana sığınmağa çalışırdılar. Təəssüf ki, bu faciəli hadisələr nəticəsində 229 nəfər həyatını itirdi. 12 nəfər diri-diri yandırılmış, bir çoxları isə ağır işgəncələrdən sonra qətlə yetirilmişdi.
O zaman 250 min nəfərə yaxın azərbaycanlının taleyinə biganəlik göstərilirdi və bunun qəsdən edildiyini heç kəs ağlına belə gətirmir, hökumətin zəifliyi kimi qələmə verməyə çalışırdılar. Ancag sonrakı hadisələr göstərdi ki, bunlar sonuncu sovet diktatoru Qorbaçovun ermənipərəst siyasətinin nəticəsi imiş.
Deportasiya dövründə yerli sakinlərin ifadələri də heç bir ölçüyə sığmayan erməni vəhşiliklərini əyani şəkildə sübut edir.
Basarkeçər rayonunun Qoşabulaq kəndinin müəllimi Əli Zeynalabdın oğlunun dediklərindən:
– Göyçənin nağıllı-dastanlı dünyası bizi başqa kökdə kökləmiş, başqa ruhda cilalamışdı. Hər şeydə şeir-sənət ölçüsü axtarır, nağıllı bir aləmlə ovuşurduq. Öz dünyamıza qapılıb rahat yaşadığımız bir zamanda “erməni barmağı” dünyanı bir-birinə çalxaladı. Hər gün kəndlərə silahlı basqınların təşkili daha camaatı canından da usandırmışdı.
Nə qədər bu vəziyyətə dözmək olardı... Artıq on ay olardı ki, amansız erməni təcavüzünə məruz qalan azərbaycanlılar əldən-ayaqdan düşmüşdülər. Əliyalın, silahlı düşmənlə üz-üzə durmaq, eyni zamanda müqavimət göstərildiyi təqdirdə cinayət məsuliyyəti daşımaq camaatı mənəvi cəhətdən sarsıtmışdı. Getdikcə ürək xəstəliyindən ölənlərin sayı artırdı. Bir sözlə, mənəvi genosid azərbaycanlıları bütövlükdə bürümüşdü.
Növbəti hücumlardan birində on yaşlı Rüxsarə özünü evə güclə çatdırdı. “Ay ana, ermənilər gəldi” – deyib hönkürtü ilə ağlamağa başladı. Bağrı yarılmaq dərəcəsinə çatırdı. Onu heç cürə ovundura bilmirdik. Su da içirə bilmədik, dişləri kilidlənmişdi. Heç yana əlimiz çatmadı. Bu məsum körpə gözümüzün qabağındaca çıraq sönən kimi söndü. Məni sarsıdan təkcə Rüxsarə balamın ölümümü oldu? Bala dərdi dözülməz dərd olsa da, aman Allah, daha dəhşətli, daha zülmlü ölümlər gördüm. Gözümün önündə Azərbaycana dağlarla aşan adamların faciəsi canlanır. Mən bu dərdi ömrüm boyu unuda bilməyəcəyəm!
Bir qədər öndə, Kəlbəcər dağlarına çathaçatda on-on beş adamın toplaşdığını gördük. Oraya tərəf yaxınlaşanda dedilər ki, cavan bir gəlin uşağa yata bilməyib, indicə canını tapşırdı. Sağ olsun igid oğlanlarımız belə bir vəziyyətdə həmin gəlinin meyitini Kəlbəcərə çatdırdılar.
Əlini-ayağını soyuq alanlar saysız-hesabsız idilər. Onlardan bir qismi az bir vaxtda həmin dərdlə dünyasını dəyişdi.
Amma bu ölüm-itimlər və vəhşiliklər sırasında gördüyüm başqa bir səhnə də unudulası deyil. Sarıyaqubdan olan bir oğlan arxasına vurduğu bağlamanı göz bəbəyi kimi qoruya-qoruya gedirdi. Daha çox ehtiyatlı hərəkət etdiyindən ürəyimdə onu “qorxaqlıqda” qınadım. Sonra da düşündüm ki, yəqin pulları-paraları var, ona görə ehtiyatlanır. Oğlan, deyəsən, mənim ona qarşı ürəyimdən keçənləri sezmişdi. Üzümə baxmadan, yoluna davam edə-edə dedi:
– Mən Sarıyaqubdanam. Nəsibin oğluyam. Mənim arxamdakı əmanətin beş yüz il yaşı var. Miskin Abdalın sənədləri və əşyalarıdır. Şah İsmayıl Xətainin ona verdiyi möhürlü sənəd də bu bağlamadadır. Çalışıram ki, babamın nişanələrini Azərbaycana çatdırım.
Basarkeçər rayonunun Zərzebil kənd sakini Şəfiqə Zeynalova isə amansız zorakılığı belə xatırlamışdı:
– Səkkiz uşağımla birlikdə dağlarla Kəlbəcərə tərəf üz tutmalı olduq. Qardan-borandan göz-gözü görmürdü. Tez-tez cığırı itirir, uçuruma yuvarlanırdıq. Beş yaşlı kiçik uşağımı kürəyimdə apardığımdan və qoca qaynanama tez-tez kömək əli uzatdığımdan on yaşlı Fəxrəndə elə bil unudulmuşdu.
O, addımbaşı yıxılıb-qalxır, getdikcə gücdən düşürdü. Ondan böyük uşaqlarım isə özlərini birtəhər apara bilirdilər. Nəhayət, belə bir çətin şəraitdə, gözlərim görə-görə körpə qızımı, Fəxrəndəmi itirdim.
... Ermənilərin vəhşiliyinə dair faktlar bir deyil, beş deyil. Elə bir kənd, elə bir oba olmayıb ki, erməni təcavüzü ondan yan ötmüş olsun... Dərələrdə, yamaclarda donub qalan insanları, qoca və uşaqları görmək, onlara kömək edə bilməmək bəlkə də bu faciələrin kuliminasiyası idi. Hələ demirik ki, doğma anasının qolları arasında boranda donub can verən körpəni, ölmüş qardaşının ayağını, oğlunun başını qoltuğuna vurub dəli-divanə olmuş ana və bacıların harayına isə yetişənlər olmadı.
XQ