Türkiyənin İzmir şəhərində Qərbi Azərbaycan İcmasının (QAİ) Türkiyə ofisinin açılış mərasimi olub. Türkiyənin dövlət rəsmilərinin, vilayət rəhbərliyinin, ziyalıların və İzmirdə yaşayan azərbaycanlıların iştirakı ilə təşkil olunan mərasimdə Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
Açılış mərasimində çıxış edən Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçisi Asif Qurban bu ofisin QAİ-nin Azərbaycandan kənarda açılan ilk ofislərindən olduğunu bildirib və Türkiyədə sayı təxminən 1,5 milyon nəfər olan Qərbi Azərbaycan əsilli şəxsləri ətrafında birləşdirmək, qərbi azərbaycanlıların tarixi vətənlərinə qanunauyğun qayıdış hüququnu təşviq etmək məqsədi daşıdığını qeyd edib. QAİ-nin Türkiyə təmsilçisi yeni yaradılan ofisin qarşısında duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan akademik konfranslar, simpoziumlar və digər fəaliyyət istiqamətləri barədə məlumat verib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov mərasimdə çıxış edərək XIX əsrdə çar Rusiyası tərəfindən Azərbaycana qarşı aparılan demoqrafiyanın dəyişdirilməsi siyasəti haqqında geniş məlumat verib, bunun davamında XX əsrdə Ermənistanın məqsədyönlü siyasəti ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın doğma yurdlarından didərgin salındığını bildirib. Səfir bir sıra dövlətlərin Azərbaycana qarşı siyasətində önə çıxan ikili standartlara diqqət çəkərək, Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıtması hüququna etinasız yanaşmanın yolverilməz olduğunu qeyd edib. O, ümidvar olduğunu bildirib ki, Ümummilli lider Heydər Əliyevin anım günü kimi önəmli bir tarixdə açılışı həyata keçirilən QAİ-nin Türkiyə təmsilçiliyi Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasında fəal rol oynayacaq. Səfir yeni yaranan mərkəzə fəaliyyətində uğurlar arzulayaraq Azərbaycan tarixinə işıq tutan kitabları hədiyyə edib.
Qeyd edək ki, QAİ-nin Türkiyə təmsilçisi, əslən Qərbi Azərbaycanın Hamamlı mahalının Saral kəndindən olan Asif Qurban 31 ildir ki, İzmirdə yaşayır və bir çox qeyri-hökumət təşkilatlarına rəhbərlik edib.
Nümayəndəliyin fəaliyyət istiqamətləri arasında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında ictimaiyyəti məlumatlandırmaq, ardıcıl şəkildə Qərbi Azərbaycandan deportasiya olunan 300 mindən çox soydaşımızın beynəlxalq səviyyədə haqq və hüquqlarının bərpa olunması istiqamətində beynəlxalq təşkilatlarla işi gücləndirmək kimi məsələlər yer alır.
XQ