Dünyaya ədalət çağırışı

post-img

Qərbi Azərbaycan İcmasının II beynəlxalq konfransı haqqında qeydlər

Ölkəmizin paytaxtında 5-6 dekabr tarixlərində “Qayıdış hüququ, Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda keçirilən ikinci beynəlxalq konfrans artıq tarixdir.

Qeyd edək ki, bu tədbir 2023-cü ilin dekabrında Bakıda keçirilmiş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” adlı konfransın davamı idi. Qərbi Azərbaycan İcmasının (QAİ) təşkilatçılığı ilə baş tutan və artıq ənənəyə çevrilən hər iki tədbir Prezident İlham Əliyevin ümumazərbaycançılıq konsepsiyasından qidalanıb. Bu konsepsiya Prezidentin 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bir qrup icma üzvü önündəki çıxışında yer tapan tezislərdə qarşıya qoyulan hədəflərə beynəlxalq hüquq çərçivəsində çatmağın yollarını göstərir. Dövlətimizin başçısı Qərbi Azərbaycan İcmasının inzibati binasını nəzərdə tutaraq deyib: “Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Bu konsepsiyada soydaşlarımızın ölüm qorxusu altında, ağlagəlməz vəhşiliklər fonunda çıxarıldıqları doğma torpaqlarına ləyaqətli şəkildə qayıtmaq imkanlarının mövcudluğunu xatırladan məqamlar əsas yer tutur. Konsepsiyanın qidalandığı hüquqi və mənəvi köklər isə müasir Azərbaycan dövlətinin qurulduğu məqamlarda, ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı dövlət sənədlərində açıq-aşkar görünür. Belə sənədlərin birində – 18 dekabr 1997-ci ildə imzalanan “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanın preambulasında xalqımızın yaşadığı ağrılar bu cür ümumiləşdirilirdi: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.

Daha sonra SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarlar ilə Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktının törədildiyi qeyd olunur və ümumən insanlığa qarşı törədilən cinayətlər siyahısında yer alan bu əməldən xalqımızın bir hissəsinə vurulan zərbələrə diqqət cəlb edilir. Bütün bunlardan sonra 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktının ötən 50 il ərzində lazımınca araşdırılmaması, hadisələrə hüquqi-siyasi qiymət verilməməsi, xalqımıza qarşı törədilən cinayətin iştirakçıları ilə bərabər, o cinayət əməlinə hərəkətsizlik göstərənlərin mənəvi məsuliyyəti vurğulanır. Bunlardan sonra soydaşlarımızın keçmiş Ermənistan SSR ərazisində tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Prezident Heydər Əliyevin sədr olduğu Dövlət Komissiyası yaradıldı. Qeyd etməyi zəruri sayırıq ki, Qərbi Azərbaycan barədə akademik informasiya bazasının yaradılması, həmin ərazilərin kulturoloji qatlarının elmi-tədqiqata cəlb edilməsi, mövzu aktuallığının kütləvi informasiya vasitələrinin diqqətində saxlanılması məhz o zamanlardan sistemli şəkil almağa başladı. Bu istiqamətdə fəaliyyətin nümunəsi kimi AzTV-nin populyar “Fakt” verilişinin ölkəmizdə və onun sərhədlərindən kənarda necə səbirsizliklə gözlənildiyi indi də çoxlarının xatirindədir. Azərbaycan və Türkiyə elmi ictimaiyyətinin məşhur nümayəndələri – akademik Budaq Budaqov, Türkiyə Dil və Tarix Qurumunun sədri, professor Rəşad Gənc, görkəmli dilçi-alim, Əməkdar elm xadimi, professor Həsən Mirzəyev, tarix elmləri doktoru, professor Rəhim Əliyev, Qərbi Azərbaycanda nəşr edilən “Sovet Ermənistanı” qəzetinin sonuncu baş redaktoru İsrafil Məmmədov və onlarla cəfakeş araşdırmaçının təqdimatında Ermənistan SSR-də dövlət siyasətinə çevrilən erməni millətçiliyinin başlıca hədəfi– “Azərbaycanlılarsız Ermənistan” ideologiyasının əsl mahiyyəti ortaya qoyuldu.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə Qərbi Azərbaycandan silah gücünə çıxarılan soydaşlarımızın gələcək taleyi ilə bağlı məsələ ölkəmizin 20 faizindən çoxunun Ermənistan silahlı qüvvələrinin işğalında olduğu, ölkə vətəndaşlarının 1 milyona yaxın əhalisi məcburi köçkün həyatı yaşadığı vaxtlarda da ikinci dərəcəli məsələyə çevrilmədi. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətinə çevrilən iradəsi idi. Məhz həmin iradənin nəticəsi idi ki, Ali Baş Komandanın qətiyyəti və “Dəmir yumruğu”, Azərbaycan Silahlı Qüvvələrinin Vətən sevgisi ilə çuğlaşan peşəkarlığı və rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən 2 il sonra, dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bir qrup icma üzvü önündəki çıxışında yer tapan tezislərdə qarşıya qoyulan hədəflərə beynəlxalq hüquq çərçivəsində çatmağın yollarını göstərdi. Əlbəttə, bu yol heç də kimlərinsə dilə gətirdiyi kimi, “beynəlxalq normalarla bugünkü Ermənistan Respublikasının qəbul edilən ərazilərinə” ölkəmizin torpaq iddiası olaraq qəbul edilməməlidir. Məhz QAİ-nin inzibati binasındakı çıxışında Prezident İlham Əliyev bu haqlar kontekstində çıxış edərək İcmanın perspektiv vəzifələrindən birini belə xatırlatdı: “Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi, bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”.

Qərbi Azərbaycan İcmasının üzvlərinə, ümumilikdə, qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmasınadək hər zaman aktual olmalı məsələdə bütün azərbaycanlılara səfərbərlik çağırışı kimi səslənən bu fikrində cənab Prezident xalqımızı hüquqi-mənəvi varislər olaraq vahid məqsəd uğrunda birləşməyə səsləyirdi. Bu çağırışı səsləndirən amillər isə kifayət qədərdir və o amillərdən bir neçəsini xatırlatmaq istərdik. Ancaq azərbaycanlılar deyil, Cənubi Qafqazın etnik coğrafiyası ilə maraqlanan hər kəs, hətta bu gün 29 min 743 kvadrat kilometrlik ərazi ilə beynəlxalq hüququn subyekti sayılan Ermənistan Respublikasında yaşayan ermənilərin də mütləq əksəriyyəti bu ərazilərin etnik azərbaycanlıların tarixi vətəni olduğunu bilir. Onlar onu da bilirlər ki, yaxın son 100 ilə, bu torpaqlarda bolşevik Rusiyasının iradəsi ilə sovet Ermənistanı elan olunana qədər adıçəkilən ərazidəki 17 mahalın istisnasız olaraq hamısı türkdilli toponimlərdən ibarət idi. Maraqlı olan isə budur ki, 100 ildə “ermənilərin əzəli torpaqları” elan olunan bu arealda bircə dənə də ermənidilli toponimlə ifadə olunan ərazi adı ilə rastlaşmaq mümkün deyil. Qərbi Azərbaycanda günümüzə qədər, hətta, Ermənistan Respublikasında yerli əhalinin nəzərəçarpan hissəsinin istənilən söhbətində regionların adlarının Abaran, Ağbaba, Dərəçiçək, Dərələyəz, Gərnibasar, Göyçə, Karbi, Qaraqoyunlu, Qırxbulaq, Loru, Pəmbək, Sərdarabad, Şörəyel, Talın, Vedibasar, Zəngəzur, Zəngibasar mahalları kimi çəkildiyi heç kimə sirr deyil.

Erməni “alimlərinin” Rusiya imperatorunun 1828-ci ilin martından İrəvan xanlığının bazasında Erməni vilayəti yaradılması haqqında fərmanından sonra, XIX əsrin 2-ci yarısından başladıqları canfəşanlıqları – “yeni erməni tarixi yaratmaq prosesində daşları ağladan cəhdləri” nəinki həmin vaxtlar, bu günümüzdə də ciddi alimlərdə acı təbəssüm yaradır. Söhbət, coğrafi adlara – bəşəriyyətin mənəvi mədəniyyətinin ən qiymətli abidələrinə kobud müdaxilədən, onların yaralanmasından gedir. Həmin abidələr nəsildən-nəslə ötürülən, minilliklər boyu xalqın keçdiyi yollarda buraxdığı izlərin yaddaşını qoruyur. Ermənistan Respublikasında türkdilli toponimlərin istifadəsini də o yaddaş qaçılmaz edir və elmin təsdiq etdiyi kimi, onu pozmaq, demək olar ki, praktik olaraq heç kimə nəsib olmur.

Qərbi Azərbaycan İcmasının təşkil etdiyi 28 ölkədən 44 nümayəndənin iştirakı ilə paytaxt Bakıda 2023-cü il dekabrın 5-də keçirilən ilk beynəlxalq konfrans bu həqiqəti bir daha təsdiq etdi. Adıçəkilən konfransın 5 dekabr tarixinə salınması Qərbi Azərbaycandan soydaşlarımızın sonuncu nəfərinin çıxarıldığı gündür və həmin gün Deportasiya Günü kimi yaşanan faciələrin rəmzidir.

Bakıda keçirilən II beynəlxalq konfrans isə 5 dekabr 2024-cü ildə 51-dən çox dövlətdən 200-dən çox nümayəndənin iştirakı ilə işinə başladı. Konfransın panel iclaslarında “Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış”, “Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri”, “Beynəlxalq vəkillik və diplomatiyanın rolu”, “Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması”, “Mədəni irsin qorunması və bərpası” mövzuları ətrafında aparılan müzakirələr mühüm sənədlərin qəbulu ilə başa çatdı.

Konfransın ilk gününün bağlanış mərasimində çıxış edən Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba bildirib ki, dünyanı yaşamaq üçün daha yaxşı məkana çevirmək lazımdır. İnsanların yaşadıqları ərazidən zorla qovulması heç bir halda qəbul edilməməlidir. Qayıdış haqqı beynəlxalq hüquqda təsbit edilib. Məhz ona görə də biz bu haqqı bərqərar etmək üçün müvafiq hüquqi alətlər yaratmışıq.

Konfrasda deportasiyanın insan hüquqlarının ən ciddi pozuntularından birinin, azərbaycanlıların Ermənistandan məcburi köçürülməsinin hələ də həll olunmamış böyük bir ədalətsizlik olduğu, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnun qayıdış üçün əsas verdiyi bir daha xatırladıldı və Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun, Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmağa çağırışlar səsləndirildi.

“Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransa təbrik məktubunda Prezident İlham Əliyev Azərbaycan hökumətinin bu istiqamətdə fəaliyyət göstərdiyini yada salıb, İcma üzvlərinin işini müsbət qiymətləndirib: “Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir”.

Mahirə HÜSEYNOVA,
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor



Siyasət