Rafael HÜSEYNOV,
Milli Məclisin sədr müavini, AMEA-nın həqiqi üzvü
O, Azərbaycan müstəqillik mübarizələri və istiqlal düşüncəsinin salnaməçilərindən idi. Unudulmaz alimimiz Şirməmməd Hüseynov millətinin cümhuriyyət quruculuğu tarixi, bu şərəfli və çətin yolda keçdiyi aşırımlar, yetirdiyi qəhrəman şəxsiyyətlər, onların doğurduğu irsi ilk qaynaqlardan öyərənərək bunları yeni nəsillərə çatdırmaq fəaliyyətlərinə gənclik illərində, o arxivlərin qapalı, bu mövzuların yasaq olduğu çağlarda başladı, həmin nəcib işi ömrünün son günlərinədək eyni qaynar həvəs və sevgi, yüksək peşəkarlıqla davam etdirdi.
Onun fikridir və bu dördcə kəlmə sözdə həm dərin təvazö, həm çağırış, həm xəbərdarlıq, həm arxayınlıq, əminlik, həm də bir az qınaq var.
“Maraqlananlar üçün faydasız olmaz”.
Bu sözləri professor Şirməmməd Hüseynov bir əsrə çatan ömrünün axırlarında, artıq hər kəs tərəfindən canlı klassik kimi qəbul edildiyi çağlarda, millətin şərəf tarixi ilə bağlı apardığı qiymətli araşdırmalardan ibarət məqalələr toplusunu ictimaiyyətə təqdim edərkən lap başda yazırdı.
Və həmin dördcə kəlmə Şirməmməd Hüseynovun hər yazısına, hər tərtib etdiyi topluya, hər hazırladığı kitaba, hər doğurduğu əsərə, hər etdiyi çıxışa, hər apardığı mühazirəyə yığcam önsöz, “bismillah” biçimli bir başlanğıc kimi qavranıla bilər.
Aqil adam idi, yaxşı anlayırdı ki, qəzet səhifələrindən, cild-cild kitablar vasitəsilə xalqa təqdim etdiyi qiymətli yazıların hamı tərəfindən oxunmasına, bilinməsinə ehtiyac varsa da, daha artıq kürəsəlləşdikcə daha çox dəyişən, rəqəmsallaşdıqca kitabı, çap yazılarını mütaliə etmək istəyi tədricən daha ziyadə azalan dünyanın çox yerində olduğu kimi, bizdə də camaatın oxumaq səbri də, şövqü də sönükləşib.
Amma o, inadla öz işini görürdü.
Köhnə əlifbalarda əl çətin çatan arxivlərdə qalan yazıları qaldırır, indi işlək olan əlifbamıza köçürür, oxuyacaq kəslərin anlamasını asanlaşdırmaqdan ötrü ayrı-ayrı dövriyyədən çıxmış və başa düşülməsi əngəlli ola biləcək kəlmələrin lüğətini də əlavə edir və təqaüdündən bu məqsədlə ayırdığı vəsaitin üstündən müəyyən məbləği götürərək bu qəbil yazılarını əlyazmadan oxuyub çap edən kompüterçiyə taksi ilə göndərirdi.
Ertəsi gün oradan yenə həmin yolla qayıdan yazını bu dəfə yenə təzədən oxuyub təshih edəndən sonra taksi haqqını ödəyərək yollayırdı redaksiyalara.
Savabına da heç kəsi şərik etmək istəmirdi.
Bir dəfə təklif etdim ki, sürücümü göndərim, gəlib həmin aparıb-gətirmə əməliyyatlarında yardımçınız olsun.
Stalin dövrünün təmiz kommunistlərinin ifrat prinsipiallığı ilə etiraz etdi: “Bəs birdən bu yazıları apardığı zaman sənin idarənin həmin sürücü tərəfindən görülməli işləri necə olsun?”
Yalnız gərgin alim əməyi ilə deyil, həm də ağır fəhlə zəhməti ilə araya-ərsəyə gələn bu yazıları 10 adamdan birinin oxuyub-oxumayacağına şəkki olsa da, usanmadan, bezmədən çalışırdı.
Çünki həm də bu işlərin əhəmiyyətinə inanırdı, həm də əmindi ki, gec-tez mütləq bu yazıları oxuyub həzm edənlər artacaq, həm də bilirdi ki, özü indi bu işləri yerinə yetirməsə, bir ayrısının onlara vaxt və ürək sərf edəcəyi ehtimalı zəifdir.
İşləyirdi və nəticəni xalqa təqdim etməzdən öncə xəbərdarlığını da yaddan çıxarmırdı ki, bunlarda fayda var!
Qarşına qoyulan məhsulda xeyir olduğunu sənə bəyan edirlərsə, yəqin ki, sən də maraq göstərməli, ona doğru can atmalısan.
Amma bu müdrik kişi dərk edirdi ki, maraqlanmaya da bilərlər, biganə qalanlar da olacaq. Ona görə də bir az eyhamla (bunu yazanda gözümün önündə istər-istəməz Şirməmməd müəllimin kinayəqarışıq xeyirxah təbəssümlə işıqlanan çöhrəsi canlanır) deyirdi ki, əziyyətə qatlaşıb, heç olmazsa, öz faydanız üçün bu irsə maraq göstərin. Adətən, ata balası üçün belə canıyananlıq edir.
Adətən, valideyn balalarından hansının hansı ağıl səviyyəsinə, hansı qabiliyyətə malik olmasından asılı olmayaraq, hər birinin bilməli olduqlarını öyrənməsinə bu sayaq nəvazişlə, qayğıkeşliklə yanaşır.
Şirməmməd müəllimin yaşı elə həddə idi ki, tay-tuşlarının, simsarlarının, ürək dostlarının əksəri getmişdi.
Bu yazılar onunçün həm də daim özü qəbildən olan məsləkdaşlarla təmas qurmaq fürsəti idi.
Səninlə bir masa arxasında oturub mülahizə, sevinc, dərd, arzu, ümid bölüşən müasirlər tükənibsə, gərək Həsən bəy Zərdabi ilə, Məhəmməd Əmin Rəsulzadə ilə, Üzeyir Hacıbəyli ilə, Əlimərdan bəy Topçubaşı ilə, Əhməd bəy Ağayevlə... həmsöhbət olasan. Özün həmsöhbət ol, yüngülləş, bu feyz digərlərinə də nəsib olsun deyə onların köhnə, fəqət köhnəlməz sözlərini bugündəkilərə və sabahdakılara da çatdır.
Professor Şirməmməd Hüseynov bu amalın, bu əxlaqın yiyəsi, bu idealın daşıyıcısı idi!
Azərbaycan tarixinin elə hadisələri var ki, onları biz hər zaman anmalı, onlar barəsində müdam minnətdarlıqla düşünməliyik.
XX yüzilin başlanğıcındakı Azərbaycan tarixində iki oxşar səhnə yaşanıb ki, ikisinin də əvvəlində göz yaşı dayanır.
1918-ci il may ayının 28-də Tiflisdə sabiq Qafqaz canişinliyinin iqamətgahında Həsən bəy Ağayev Azərbaycanın İstiqlal Bəyannaməsini elan edirdi.
O, İstiqlal Bəyannaməsinin mətnini oxuyurdu, müstəqil dövlətimizin yarandığını elan edirdi və həmin yığıncağın protokolunda o qəbil sənədlər üçün çox da səciyyəvi olmayan qeydlər də əksini tapıb ki, Həsən bəy Ağayev ağlayırdı, Xəlil bəy Xasməmmədov ağlayırdı, Nəsib bəy Yusifbəyli ağlayırdı, Xudadat bəy Məlikaslanov ağlayırdı...
O insanlar ki, bu istiqlalı elan edirdilər, onlar bu möhtəşəm anların fövqəladə mənasını, millət tarixindəki yerinin ali siqlətini bütövlüyü ilə anlayırdılar, bunun bir millət üçün nə qədər müstəsna bəxtiyarlıq olduğunu dərk edirdilər, ona görə kövrəlirdilər. Və 1920-ci il aprel ayının 27-si Azərbaycan parlamentinin – Məclis-i Məbusanının son iclası. Məhəmməd Əmin Rəsulzadə söz alaraq iclasın başlanğıcında deyir ki, biz bu yığıncağımızı qapalı keçirməyək. Açaq qapıları, millət gəlsin və görsün ki, taleyimizdə nə baş verir. Millətin müqəddəratı həll olunur və insanlarımız bundan bixəbər qalmamalıdır.
Məhəmməd Əmin Rəsulzadə qəlb ağrısı ilə belə deyirdi. Çünki Azərbaycanın müstəqilliyi əldən gedirdi, hakimiyyət, istiqlal bolşeviklərə təslim edilirdi.
Bu sənəddə də belə protokollar üçün heç də xas olmayan belə bir cümlə var. Mötərizədə yazılıb ki, “Azərbaycan” qəzetinin baş redaktoru Şəfi bəy Rüstəmbəyli ağlayır.
O əvvəlki göz yaşı – Həsən bəy Ağayevgilin 1918-ci ilin mayındakı göz yaşı – fərəhin, böyük səadətin, iftixarın gətirdiyi göz yaşı idi, ikinci göz yaşı müdhiş faciənin, millətin tarixində dərin yaralar açan bir acının doğurduğu göz yaşı.
Və bu millət heç vaxt nə birinci, nə ikinci göz yaşlarını unuda bilər.
Yaxşı millət olmağın yolu yaddaşdan, yurdun taleyi, müqəddəratı ilə bağlı həlledici anları və şəxsiyyətləri unutmamaqdan keçir. Ömrü boyu, xüsusən də təzədən qayıtmış istiqlalımızın açdığı meydan sayəsində 1990-cı illərin lap əvvəllərindən başlayaraq daha güclü şəkildə Şirməmməd müəllim bu şərəfli tarixin salnaməsini millətimizə təqdim etmək missiyasını özünə şərəf borcu seçdi.
Daş daşımaq zəhmətlərin ən ağırı, fəhlə işlərinin ən çox güc istəyənlərindəndir.
Amma adi daşı daşımağa nə var! Daş yükünü çəkməyə nə xüsusi hərarəti, ilhamı, sevgisi olan bir ürək gərəkdir, nə yüksək peşəkar qabiliyyətlər, ağıl, istedad.
Bütün bunlarsız da hər kəs yaxşı-yaman daş daşımaq imkanındadır.
Vətənin daşını daşıya bilmək isə ağırlardan-ağır əməkdir və burada ortabab, alababat söhbətinə yer yoxdur. Millət naminə nə edirsənsə, ali səviyyəli olmalıdır.
Vətənin daşını çiyində yox, ürəkdə daşıyarlar!
Vətənin daşını çəkə bilməkçün ilk növbədə böyük hərflərlə VƏTƏNDAŞ olmağın vacibdir.
Üstəlik, ürəyində gərək xalqına sonsuz sevgi daim nəbz kimi vura, qan kimi damarlarında axa. Millətə və torpağa sədaqət, fədakarlıq, dözüm, ardıcıllıq, təpər, görəcəyin işlərin böyüklüyü və kiçikliyindən asılı olmayaraq, bir saniyə belə səngiməyən məsuliyyət, cavabdehlik hissi, üstəlik də əməlinin bəhrələrinin hər kəsin qəlbinə yata bilməsindən ötrü bilik, zövq, şövq, qaynar həvəs, yorulmazlıq və yüksəkdən-yüksək peşəkarlıq.
Şirməmməd Hüseynovun kitablarının bir qisminin sadəcə, adlarını sadalamaq onların hər birinin (və qovuşaraq hamısının) milli sərvət olduğunu anlamağa bəs edər: “Milli haqq və ədalət axtarışında” (Bakı, “Adiloğlu”, 2004), “Mətbu irsimizdən səhifələr” (Bakı, “Çənlibel”, 2007), “Publisistik miras və müasirlik” (Bakı, “Elm”, 2007), “Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr” (Bakı, “Elm”, 2009), “Üzeyir Hacıbəylu. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri” (İki cilddə, Bakı, “Elm”, 2009, 2010), “Məhəmmədəmin Rəsulzadə. Əsərləri” (Beş cilddə, Bakı, “Təhsil”, 2014), “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” (Üç cilddə, Bakı, “Qanun”, 2012, 2015, 2016, 2017)...
Şirməmməd Hüseynov bu qəbil kitabları xalqınkı, millətinki etməklə məşğul idi.
Gözdən iraq düşənləri təzədən qaytarırdı, yazılmalı olanları yazırdı.
Bu kitabların hər birinin yaranması ictimai-siyasi həyatımızda, düşüncə mühitimizdə necə qarşılanmasından asılı olmayaraq, millət tarixinin çox önəmli hadisələri idi.
Hər bir istedadlı insan, hər bir güclü yaradıcı ömür möhləti boyu hansısa şah əsərini yaradır. Bu onun gənclik illərində də baş verə bilər, ahıllığında da, ixtiyar sinnində də.
Zəka, ilham sahibinin yaradıcılıq yolu uzun da çəkə, onun şah əsərinin ortaya çıxması həyatının erkən çağına da, yolun ortasına da təsadüf edə bilər, yaxud arzulanan şah əsərin ömrün sonlarına doğru, təcrübələrin yekunu kimi meydana gəlməsi də mümkündür.
Şirməmməd müəllim şərəfli ömür yaşadı, çox layiqli bir alim, xoşbəxt bir müəllim həyatı sürdü və indi onun yetirmələri, tələbələri Azərbaycan boyuncadır.
Şirməmməd müəllim örnək sayılası ailə başçısı ömrü yaşadı, Azərbaycana çox dəyərli balalar bağışladı.
Və ilk gəncliyindən əli qələmli oldu, durmadan işlədi, məqalələr, dissertasiyalar, kitablar yazdı.
Valideynə balalarından hansını daha çox istədiyini söyləmək necə cavabsız qədər çətin sualdırsa, yaradıcı adama da hansı əsərinin daha üstün olduğunu müəyyənləşdirmək bir o qədər qəliz məsələdir.
Şirməmməd müəllimin isə, mənim zənnimcə, ömrünün şah əsəri kitablı “Parlament hesabatları”dır.
Hərçənd, Şirməmməd müəllimin doğurduğu və sanbalına, çəkisinə, dəyərinə görə elə bu üçcildliyə bərabər sadaladığım və adını çəkmədiyim digər kitabları da var, amma bu üçcildliyin sanbalı, məna yükü, mahiyyəti büsbütün başqadır.
Uzaq 1918-1920-ci illərdə “Azərbaycan” qəzetində dərc edilmiş parlament hesabatlarını günümüzə çatdıran cildlər sırası qiymətəsığmaz salnamədir.
Azərbaycanın tarixində iki əvəzsiz əsər var ki, tariximizdən bəhs edərkən, salnaməçiliyimizdən söz düşəndə hər zaman onları hökmən xatırlamaq zərurəti yaranır.
XIII yüzildə Fəzlullah Rəşidəddin Təbrizdə Rəşidiyyə mədrəsəsini qurdu, ilk universitet təhsilimizin təməlini qoydu və “Cami ət-təvarix” adlı elmi əsaslara dayanan ilk misilsiz salnaməmizi yaratdı.
Bu “Tarixlər toplusu”ndan sonra çoxlu oxşar salnamələr, tarixi məcmuələr yaranıb, fəqət bir örnək olaraq bütün orta əsrlər içərisində ən uca mərtəbədə qərar tutan zirvə əsər “Cami ət-təvarix”dir.
Və XIX yüzildə Abbasqulu Ağa Bakıxanov “Gülüstan-i İrəm”i qələmə aldı.
Bu da salnamə idi, amma artıq həm də bir peşəkar tarixçi alimin əsəri idi ki, incə təhlillər, müxtəlif mənbələri tutuşdurmaq əsasında elmi tarixçiliyin yeni dövrdə şəkillənən bir sıra ümdə xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilmişdi.
Bu iki əsər arasındakı altı əsrlik zaman kəsiyində, həmin iki kitabdan bir az əvvəli və bir qədər sonranı da nəzərə alsaq, 7-8 əsrlik iri tarix parçası ərzində çox salnamələr yaranıb. Amma bu iki müəllifin adı və əsəri, düşünürəm ki, hər zaman üstün tutularaq yaşayacaq və sayğılarla yad ediləcək.
Artıq bizim dövrdə – XX əsrdə və XXI yüzilin ilk onillərində Şirməmməd Hüseynov və Qulam Məmmədli salnaməçiliyin yeni tipini yaratmaq hünəri ilə ziyalı mühitimizi heyrətləndirə bildilər.
Onlar salnaməçiliyin Azərbaycanda buçağacan ortada olmayan nümunəsini ortaya qoydular.
Qulam Məmmədli Azərbaycan teatrının salnaməsini vücuda gətirdi, “günbəgün” adlandıra biləcək janr xəlq elədi, Hüseyn Cavidin, Abbas Mirzə Şərifzadənin, Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun, Nəriman Nərimanovun, Mirzə Cəlilin, Üzeyir bəy Hacıbəylinin ömür yollarını əks etdirən tayı-bərabəri olmayan qiymətli salnamələr yaratdı və salnaməçiliyin tamam yeni çeşidi və tərzini Azərbaycan xalqına bəxş etdi.
İlk Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, adı vətənimizin adı ilə eyni olan “Azərbaycan” qəzeti bəlli idi, ictimai-siyasi gerçəkliyimizdə, mətbuat tarixində izini qoyub getmişdi.
Dövlət müstəqilliyimizin bərpasından az sonra, 1998-ci ildə ilk Azərbaycan parlamentinin iclaslarının stenoqramları çapa hazırlanaraq nəşr edildi. Sanki boşluq doldurulmuşdu, onillərcə hətta arxivlərdə belə gizli saxlanmış, yalnız xüsusi hallarda və məxsusi icazə ilə istifadəsinə icazə verilmiş bu mətnlər hamınınkılaşmışdı.
Lakin nə yaxşı ki, müdrik alim və mətbuatşünas Şirməmməd Hüseynov həmin dövrə bir də nəzər salmağı vacib hesab etdi.
Onun təqdimatındakı “Azərbaycan” qəzetində dərc edilən parlament hesabatları və bu hesabatlarla bağlı yazılar, onların qovuşmasından törəyən üç sanballı cild xüsusi hadisə – məlumdan yaranan büsbütün yeni naməlum idi.
O mənada ki, bu nə “Azərbaycan” qəzetində Xalq Cümhuriyyəti dövründə buraxılmış qəzetdə çıxmış protokolların sadəcə əski əlifbadan latın qrafikasına köçürülməsi idi, nə də 1998-ci ildəki kimi, bəlli protokolların cüzi redaktə ilə nəşri.
Şirməmməd müəllim ömrü boyu topladığı təcrübə və biliklərə qəlbindəki coşqun millət və yurd sevgisini də artıraraq arxada qalmış şanlı, keşməkeşli, qəmli və nigaran tarixi, əslində, yenidən canlandırdı.
Bişkin alim usta qələmi ilə bəlli protokolları zəruri izah və şərhlər, yeri düşdükcə sözə söykək duran əlavə materiallarla zənginləşdirdi.
Buradaca bir-iki önəmli cəhətə diqqət yönəltməyə lüzum var.
Əvvələn, “Azərbaycan” qəzetinin nəşrindən 9 onillikdən də artıq böyük zaman sovuşmuşdu, yeni nəsillər o nüsxələrdən bixəbər idi.
İkincisi isə, həmin nüsxələrlə indi kitabxanalarda, arxivlərdə açıq istifadə imkanı varsa da, yeni nəsillərçün əlifba maneəsi, ərəb-fars tərkiblərinin yaratdığı müşküllər bəlli idi.
1998-ci ildə buraxılmış parlament protokolları isə xeyli şəkildə tələsik hazırlanmışdı, yanlışlar, kobud xətalarla ləbələb idi və heç bir tutarlı şərh və izahla müşayiət edilmirdi.
Şirməmməd Hüseynov – bu müstəsna alimimiz, bu cəfakeş müəllimimiz, bu təpədən-dırnağa işıq olan ziyalımız üçcildlik əsərini zahirən qısa bir zaman içərisində hazırladı.
Həmin yazıları kitablaşdıraraq xalqa təqdim edənəcən ard-arda mətbuatda dərc də elətdirdi və bu minvalla cildlərin yaranma gedişatını müşahidə etmək hər birimizə nəsib olub. Amma bilənlər bilir ki, bu kitabları hazırlamaq üçün Şirməmməd müəllim 50 illik yol gəlmişdi.
Ömrü uzunu bu barədə düşünmüşdü, ömrü boyu bu hadisələri və adları içərisində yaşatmışdı. Və öz etirafı idi ki, ilk gənclik illərindən, Moskvadakı aspirantura dövründən, orada məxfi arxivlərdə işlədiyi çağlardan, bu qəbil materialları nəinki üzə çıxarmağa, hətta oxumağa belə yasaq qoyulduğu zamanlardan gizli ümid və inamla tariximizin bu dövrü ilə əlaqədar materialları toplayırmış, qeydlərini edirmiş, haçansa belə işlərin də vaxtı yetişəcəyi, kilidli qapısının açılacağı arzusu və intizarı ilə təhlillərini aparırmış.
50 ildən artıq müddətdə qəlbdə bəslənmiş, kimsəyə görünməmiş, Şirməmməd müəllimin yazı masasının gözündə qalmış həmin ilkin hazırlıq yazıları XXI yüzildə “Azərbaycan” qəzetindəki parlament hesabatlarına qovuşaraq Ustadın xeyirxah və xilaskar əlləri ilə bizə qayıtdı.
Onlar mürəkkəbdən-mürəkkəb tarix dönəmində Azərbaycan istiqlalını elan edib 23 ay yaşayacaq müstəqil dövlətimizi qurmasaydılar, sonra 70 il ömür sürəcək Sovet İttifaqının içərisində də Azərbaycan Respublikası olmayacaqdı və SSRİ dağılarkən, 15 dırnaqarası müstəqil respublika artıq elə gerçək mənada müstəqil dövlətə çevriləndə biz o sırada olmayacaqdıq.
1991-ci ilin 18 oktyabrında biz dövlət müstəqilliyimizi yenidən elan edə bildiksə, səbəbkar o KİŞİlərdir!
Müstəqilliyin hər bəhrəsindən hər cür bəhrələnənlərə lap aydın olsun deyə bir daha təkrar edirəm: Sovet İttifaqı dağılanda onun içərisindən bizim müstəqil dövlət kimi çıxmaq imkanımız ona görə oldu ki, daha əvvəl cümhuriyyətimiz vardı, cümhuriyyətimizdən sonra Sovet İttifaqı içərisində Azərbaycan Respublikası vardı. Sovetin Konstitusiyası isə sözdə, yalandan da olsa, hər halda Əsas Qanununda məhz respublikalara İttifaqdan çıxmaq ixtiyarını rəsmən verirdi.
Bu gün müstəqil dövlətimiz varsa, buna görə biz o qurucu insanlara hər açılan səhərimizlə, müstəqil yaşadığımız hər yeni günümüzlə, başlanan hər yeni azad, asılılıqdan qurtulmuş sabahımızla borcluyuq.
O üçcildliyin (və Şirməmməd müəllimin bütün fəaliyyətlərinin) bünövrəsində, nüvəsində dayanan ən birinci amil eşqdir.
Qurucu babalarımızın öz yoluna, əqidəsinə, xəttinə sonsuz inamı, imanı və sevgisi, eləcə də Şirməmməd Hüseynovun Azərbaycan tarixinə, Azərbaycan millətinə, istiqlalımıza olan məhəbbəti, o nadir şəxsiyyətlərimizin ruhuna olan sədaqəti, ehtiramı, etibarı!
Məhəbbət yoxsa, dəryaca ağlın olsa da, əlindən çıxan bəhrənin işığı çatmaz, rəngləri solğun alınar, təqdim etdiyin məhsulla ürəklərə qığılcım ötürə bilməzsən.
Üzeyir bəyin sonrakı nəşrlərdə qırağa qoyulmuş mətbu əsərlərinin birləşdiyi cildlər də, Məhəmməd Əmin Rəsulzadənin qələm və düşüncə yadigarlarından ibarət Şirməmməd Hüseynov “Xəmsə”si də, söz yox, son dərəcə dəyərli və sanballı mətnşünaslıq nümunələridir.
Lakin parlament hesabatlarını əhatə edən üçcildlik bənzəri olmayan mətnşünaslıq abidəsidir.
Nəyə görə mətnşünaslıq abidəsi?
Mətnşünaslıq elmi iynə ucu ilə qaya çapmaq kimi gərgin əmək, alın təri tələb edən ciddi tədqiqat sahəsidir.
Təəssüflər olsun ki, artıq bu istiqamətin yaşamalı olan bir çox ənənələrini itirmişik, ya itirməkdəyik.
Azərbaycanda 1950-60-70-ci illərdə Əbdülkərim Əlizadə, Məmmədağa Sultanov, Tahir Məhərrəmov, Əbülfəz Rəhimov, Nəsrəddin Qarayev, Əziz Mirəhmədov, Turan Həsənzadə, Nəsrəddin Qarayev və bir sıra başqaları cox mükəmməl mətnşünaslıq məktəbi yaratmışdılar. Təəssüf ki, o insanlar getdilər, həmin ötkəm mətnşünaslıq məktəbi, o məktəbin iş üsulları, vərdişləri də korşalmağa, gündəlik təcrübədən qeyb olmağa başaldı.
1990-cı illərin ortalarında mən Məclis-i Məbusanımızın – ilk parlamentimizin birinci rəhbəri Həsən bəy Ağayevin ömür yolunu araşdırırdım. Əslində, milli parlamentimizin ilk sədri Əlimərdan bəy Topçubaşov idi. Lakin Əlimərdan bəy Topçubaşov əvvəlcə İstanbulda ezamiyyətdə idi, sonra isə Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya getdi və iki dəfə parlament sədri seçilsə də, bir gün belə həmin kürsüdə əyləşmədi, məclisi Həsən bəy idarə etdi.
Əlimərdan bəyin parlamentin sədri olaraq xaricdəki fəaliyyətlərinin başlıca hədəfi ondan ibarət idi ki, Azərbaycan dövlətinin başçısı kimi rəsmi statusa və səlahiyyətlərə malik olsun, Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə rəsmən tanınmasını təmin etmək üçün orada danışıqlar aparsın.
Həsən bəy Ağayevin faciəli ömür yolunu araşdıraraq məsləkinə candan bağlı bu millət fədaisi haqqında “Yaxşıların yaxşısı” adlı kitabımı yazarkən əski parlament materiallarını da qaldırmalı olurdum.
O zaman həmin protokollar nəşr edilməmişdi – hələ 1990-cı illərin başlanğıcı idi.
Parlament iclaslarının əlyazmalarını oxuduqca qürur hissi keçirirdim.
Hər vərəqin arxasında tarix durur. Yəni hətta mətninə nüfuz etməzdən əvvəl bu kağızların, xətlərin özü belə ayrıca tarixdir axı!
Təsəvvür edin, stenoqramları kimlər tərtib edir, kimlər qələmə alırmış – onlardan biri hələ xeyli gənc olan, az sonra Azərbaycanın ən parlaq ədibi kimi şöhrətlənəcək Cəfər Cabbarlı idi.
Di gəl, protokollarla tanış oduqca, stenoqramların əlyazmalarını oxuduqca görürdüm ki, hətta Cəfər Cabbarlı kimi bilgin, danışanların buraxdığı müəyyən üslubi səhvləri də yeri düşdükcə əlüstü islah edən stenoqrafistin – tezyazarın da əlindən çıxmış vərəqlərdə yanlışlıqlar az deyil.
Təbii, bu, ilk növbədə vaxt qıtlığı, tələskənlikdən yaranmış qüsurlar idi.
Müstəqilliyimizin bərpasından 7 il keçərkən həmin sənədlər Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üzrə Dövlət Komissiyası və Baş Arxiv İdarəsi tərəfindən 5 kitabda nəşr edildi ki, onların 2 cildi parlament hesabatları idi.
1998-ci il nəşrinə materialları əlyazmalardan Bakı Dövlət Universitetinin müəllimi, cümhuriyyət tariximizə, bir vaxtlar dərs aldığı Cavidə, Müşfiqə coşqun məhəbbətlər bəsləyən Səfər İbrahimov hazırlamışdı.
Onun əsas işi mətnləri ərəb əlifbasından kirilə köçürmək olmuşdu. Lakin Səfər müəllim sadəcə ərəb əlifbasını bilirdi, klassik ədəbiyyata və üsluba az-çox bələd idi, amma tarixçi, mətnşünas deyildi.
Doğrudur, əslən Cənubdan olan və orta əsrlər tarixi üzrə yaxşı mütəxəssis sayılan professor Seyidağa Onullahi də redaktor kimi bu işə cəlb edilmişdi. Amma oxuduqca və orijinallarla tutuşdurduqca görürsən ki, həmin stenoqramlarda nə qədər kobud qüsurlar var.
Ehtimal yaranır ki, hətta həmin materialların çoxunu heç Seyidağa Onullahi görməyib. Çünki nəşrdə elə səhvlərə təsadüf edilir ki, bunlar heç vəchlə Seyidağa müəllimin nəzərindən qaça bilməzdi.
Bəs o stenoqramlarla “Azərbaycan” qəzetində dərc edilən hesabatların fərqi nədədir?
“Azərbaycan” qəzetində dərc edilən parlament hesabatlarının mənası və dəyəri büsbütün başqadır. Bunlar hamısı Məhəmməd Əmin və Üzeyir bəylərin redaktə süzgəcindən keçərək dərc olunub. Yəni onlar, məlum stenoqramlardan fərqli olaraq, ağızdan çıxan hər sözü əks etdirməyiblər, yalnız ictimai məna kəsb edənləri saxlayıblar, müəyyən ixtisarlar aparıblar, bəzi parçaların məzmununu veriblər.
Və Şirməmməd Hüseynovun məharəti, materiallara yetərincə hündürdən, gen miqyasda, panoramda baxa bilməsinin nəticəsi bundan ibarətdir ki, o, qəzetdə dərc edilən ayrı-ayrı iclaslar barədə hesabatları verir, amma bunun yanında bəzən əvvəldə, hərdən sonda həmin mətləblərə dayaq duran, elə o qəzetdəcə yer almış başqa yazıları da gətirirdi.
Qəfildən qarşımıza bu məsələlər və mətləblərlə həmahəng gələn, heç parlamentdə olmayan Fərhad Ağazadənin məqaləsi çıxır və sanki həqiqətlərə əlavə bir pəncərə taybatay açılır.
Ya Məhəmməd Əmin Rəsulzadənin özünün, yaxud Üzeyir bəy Hacıbəylinin parlament divarları arasında səslənməmiş, müstəqil məqalə kimi işıq üzü görmüş yazıları parlament hesabatları kontekstinə qovuşur, həmin andaca mətnin ahəngi, ritmi dəyişir, yeni məna qatları ortaya çıxır, xeyli qaranlıq suallara aydınlıq gəlir.
Bunları edə bilməkçünsə, bu kompozisiyanı qura bilməkdən ötrü isə gərək o dövrün hadisələrinə, həmin dövrün ayrı-ayrı şəxsiyyətlərinin əqidəsinə, qələminə, düşüncə tərzinə dərindən vaqif olasan.
Şirməmməd Hüseynov kimi!
Bu yazılar silsiləsinin göstərdiyi parlament mənzərəsi, istiqlal uğrunda gedən mübarizəmizin gerçəkçi və dolğun fonu, ayrıca vurğulayıram ki, yalnız və yalnız Şirməmməd Hüseynov kimi həmin tarix kəsiyindən incəlikləri ilə agah olan müstəsna bələdçinin əməkləri ilə yaradıla bilərdi.
Hər halda bu gün həmin işi o cür səriştə və vurğunluqla yerinə yetirə biləcək ikinci şəxsi mən tanımıram.
Şirməmməd müəllimin “Parlament hesabatları”nın cildlərini vərəq-vərəq çevirdikcə hadisələri yalnız oxumuruq, dinləmirik, həm də bütün əyaniliyi ilə görürük.
Hesabatları ibtidasından son səhifəsinəcən mütaliə edəndə belə qənaətə gəlirsən ki, bu, nəhəng bir film kimidir, bir epopeya timsallıdır və oxuya-oxuya olmuşları sanki ilk kadrından son kadrınacan seyr edirsən.
Bu kitab həm də bir ülgüdür. 3 cild olsa da, onları bir bütöv sayaraq “kitablar” yox, sadəcə “kitab” deyirəm.
Birincisi, bu kitab bir daha əyan edir, nəşrindən bir əsr keçəndən sonra da ülgü göstərir ki, yaxşı qəzet nədir.
XX əsrin əvvəlindəki “Azərbaycan” qəzetinin nümunəsi işarə edir ki, millətin ola biləcək yaxşı qəzeti necə çıxarmaq lazımdır ki, üstündən zamanlar keçəndən sonra da salnamə sayılsın, tarixin bərpa olunması üçün mənbəyə çevrilsin, saralıb-solsa da, mahiyyətcə nimdaşlaşmasın, boyatlaşmasın, yeni zamanla da ünsiyyətə girə bilsin.
Və həmin qoca “Azərbaycan” indikilərə bunu da pıçıldayır ki, nəşr olunmaq üçün istənilən məqaləni yazanda fərqində olmalısan, çək-çevir etməlisən ki, 50 il ötəcək, mənim haqqımda bu yazıya görə nə deyəcəklər, 100 il sovuşacaq, mənə bu yazıma görə necə qiymət verəcəklər.
Qələmi götürəndə, qəzet-jurnal buraxanda bir an belə vaxtı yetişincə hər suala cavab tələb edən tarix qarşısında məsuliyyətini unutmamalısan!
Kim bilir, bəlkə də o qüdrətli şəxsiyyətlər o zaman bütün bunlar barədə fikrə dalıblar?!
Məhəmməd Əmin Rəsulzadə də, Üzeyir bəy Hacıbəyli də, Şəfi bəy Rüstəmbəyli də, Ceyhun bəy Hacıbəyli də, ola bilsin, bu barədə ən azı təhtəlşüur düşünüblər, ona görə o təhər köhnəlməz, dəyərini itirməz qəzet yaradıblar. Həmin səbəbdəndir ki, “Azərbaycan” qəzetinin səhifələri vətən işığı ilə, millət atəşi ilə doludur.
Vətən işığı, millət atəşi elə əziz Şirməmməd müəllimin də bütün varlığında olduğundandır ki, bu cür mükəmməl bir əsəri ortaya çıxarmağa müvəffəq olub.
Bu cildləri yaratmaq əsnasında Şirməmməd Hüseynov dünənin dumanlarında əriyib-itmiş, bugünün insanlarına pünhan qalan bir sıra adları da aşkarlayıb, onlara təzədən həyat bağışlayıb.
Universitetə gedərək əsgərlərinə təlimini verirdi – gələcəyin jurnalisti olacaq tələbələrinə dərsini deyirdi, qayıdıb gəlib səngərinə – yazı masasının arxasına keçir, silahını – qələmini götürür və başlayırdı itirdiklərimizi qaytarmağa, qazandıqlarımızı daha yaxşı qoruya bilməkçün yollar göstərməyə, istiqlal salnaməmizi bir az da bütövləşdirməkçün yeni mübarizələrinə.
Şirməmməd Hüseynov nümunəsi bu millətin ruhuna keşik çəkmək, varlığını sağlam saxlamaq, yeni sınaqlardan mərdanəliklə keçirməkçün taleyin və tarixin Azərbaycana misilsiz ərməğanıdır.