Dekabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasında “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda AMEA Rəyasət Heyətinin üzvləri, Türkiyə, Pakistan, Çin, Hindistan, Cənubi Koreya, Vyetnam, Özbəkistan, Qazaxıstan və başqa ölkələrdən gəlmiş tanınmış alimlər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın uzun zaman diqqətdən kənarda qalmış Asiya ölkələri ədəbiyyatı ilə bağlı Bakıda keçirilən ilk beynəlxalq elmi konfrans kimi tarixi əhəmiyyət daşıdığını bildirib. Keçmiş sovetlər birliyi dönəmində Qərb ölkələrinin ədəbiyyatı, mədəniyyəti və siyasətinin daha çox öyrənildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, həmin dövrdə ictimai fikirdə bir Asiya boşluğu yaranmışdı. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə Asiya ölkələri ilə bağlı silsilə tədqiqatların aparıldığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli bu məqsədlə AMEA-da Asiya ədəbiyyatını öyrənən ayrıca şöbənin yaradıldığını, Ədəbiyyat İnstitutunda Çin Mərkəzi, Pakistan Ədəbiyyatı Mərkəzi, Mehmet Akif Ərsoy Mərkəzi, Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi, eləcə də Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzinin fəaliyyətə başladığını söyləyib.
Ədəbiyyat İnstitutunda Dünya ədəbiyyatı və komparativistika şöbəsinin də fəaliyyət göstərdiyini söyləyən AMEA rəhbəri sözügedən şöbədə Qərb, Avropa və Amerika ədəbiyyatları ilə bağlı tədqiqatların aparıldığını diqqətə çatdırıb. Bundan başqa, o, Ədəbiyyat İnstitutunda Türk xalqları ədəbiyyatı və Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələri şöbələrinin fəaliyyət göstərdiyini qeyd edib.
AMEA rəhbəri yaxın günlərdə UNESCO-nun mənzil-qərargahında Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi çərçivəsində AMEA tərəfindən üç cilddə Azərbaycan dilində çap olunmuş sözügedən kitabın təqdimatının keçirildiyini xatırladıb. Onun sözlərinə görə, “Divanü lüğat-it-türk” əsərinin UNESCO-da təqdimatı Asiya ədəbiyyatının UNESCO zirvəsinə qaldırılması deməkdir. Bu, həmçinin UNESCO zirvəsindən AMEA nəşrinin təqdimatı kimi böyük əhəmiyyətə malikdir.
Daha sonra Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Najeeba Arif, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi professor Lu Yusong, Vyetnam Hanoy Universitetinin əməkdaşı Nguyen Van Çien, Özbəkistanın Fərqanə Dövlət Universitetinin Ədəbiyyatşünaslıq kafedrasının müdiri professor Mənzurə Jurayeva, Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin əməkdaşı Janakul Sametova, Hindistanın Camiə Milliyə İslam Mərkəzi Universitetinin Xarici Dillər Departamentinin əməkdaşı dosent Nouşad, Yaponiyanın ölkəmizdəki səfirliyinin attaşesi İvasaki Takamasa və Monqolustanın Azərbaycandakı fəxri konsulu Könül Əlizadə çıxış edərək konfransın Asiya ölkələri arasında elmi əlaqələrin genişlənəcəyinə töhfə verəcəyini biliriblər.
Tədbirdə Cənubi Koreyanın Seul Milli Universitetinin Koreya dili və ədəbiyyatı kafedrasının professoru Bang Min-Ho “Şərqi Asiya diskursu və Koreya ədəbiyyatının yeni gələcəyi”, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi professor Lu Yusong “Çin ədəbiyyatının xalq mərkəzli təbiəti; təkamül və missiya”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədli “Asiya ədəbiyyatında doğu-batı diskursu: Koreya, yapon və əfqan romanları konteksində” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans öz işini “Türk xalqları ədəbiyyatı”, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Şərqi Asiya xalqlarının ədəbiyyatı”, “Cənubi Asiya xalqlarının ədəbiyyatı” seksiyaları ilə davam edib.
XQ