O, Azərbaycan teatrının fədailərindən idi. Ötən əsrin əvvəllərində cəhalət məngənəsində boğulan cəmiyyət üçün teatr ən qorxulu məkan idi. O isə aktyor idi, bu, odla oynamaq demək idi. Hüseyn Ərəblinski Bakı qoçularının hədələrindən qorxub çəkinmədən ömrünü teatra həsr etdi.
Həmin vaxt ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin simasında qərarlaşan Azərbaycan teatrı, sözün əsl mənasında, çətin günlərini yaşayırdı. Təqib olunan teatr truppalarının əsas problemlərindən biri də səhnə idi. Tamaşa göstərmək üçün bina icarəyə götürmək külli miqdarda vəsait tələb edirdi. Çox zaman pul tapmayan aktyorlar nəyi isə girov qoymağa məcbur olurdular. Hüseyn Ərəblinskinin də tez-tez girov qoyduğu bir üzüyü var idi. Həmkarlarının “sehirli üzük” adlandırdığı bu üzük illərlə girov qalırdı.
Azərbaycanın ilk peşəkar aktyoru və rejissoru sayılan Hüseyn Ərəblinskinin şəxsi qayğıları, eləcə də, maddi çətinlikləri yetərincə idi. Onu nəinki mürtəce qüvvələr başa düşmürdü, eləcə də, bəzi qohumları onun sənəti ilə heç cür barışmaq istəmirdilər. Bütün bunlar bəlli həqiqətlərdir. Bu yazıda məqsədimiz heç də Hüseyn Ərəblinskinin ömür yoluna nəzər salmaq deyil.
Xalq yazıçısı Elçinin Hüseyn Ərəblinski sənətinə və onun simasında teatra hörmət və məhəbbətin ifadəsi olan “Sənətkarın taleyi” tamaşası bu günlərdə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında nümayiş etdirildi. Dramaturqun qeyd etdiyi kimi, bu, sırf bioqrafik əsər deyil. Pyesdəki Ərəblinski ömrünü Azərbaycan teatrının yaranmasına, inkişafına həsr etmiş sənət fədailərinin ümumiləşmiş obrazıdır. Görkəmli dramaturqumuz Elçin bu əsərilə Ərəblinskiyə müəzzəm bir abidə ucaldıb.
Azərbaycan Respublikasının Xalq artisti İrana Tağızadənin quruluş verdiyi tamaşada Ərəblinskini Əməkdar artist Firdovsi Atakişiyev canlandırır. Biz səhnədə, sözün əsl mənasında, özünü dəlicəsinə teatra həsr etmiş Ərəblinskini görürük. Onun sənətə vurğunluğu, teatr uğrunda fədakarlığı, şəxsi duyğuların fövqünə qalxan hiss və həyəcanları o qədər təbiidir ki, bu enerji dalğası tamaşaçıya da sirayət edir. Siqaret almağa belə pulu olmayan aktyor üçün yalnız səhnə var, Otellonun, Hamletin, Xlestakovun yaşantıları var. Bütün maddi çətinliklərə sinə gərən Ərəblinski öz kiçik truppasına qarşı da olduqca qəddardır. Onları şəxsi qayğılardan ayrılmağa, yalnız obraz haqda düşünməyə vadar edən bu tələbkar rejissor Ofeliyanı oynayan Mayanın ciddi xəstəliyini də vecinə almır, onu xəstə vəziyyətdə səhnəyə çıxmağa məcbur edir. Ərəblinskinin dahiliyi ondadır ki, Maya səhnədə huşunu itirdikdən sonra tamaşanın yarımçıq qalmaması üçün özü Ofeliya libasında səhnəyə çıxıb onun da əvəzinə bu rolu ifa edir.
Paloni və Yaqo Ərəblinskini Mayaya qarşı amansız olduğu üçün qınayırlar. “Sən necə insansan?” Ərəblinski hayqırır: “Mən insan deyiləm, mən aktyoram!” Doğrudan da, Ərəblinskinin Freylinaya dediyi kimi, “teatr romantika deyil, teatr işgəncədir”. Ərəblinski zavallı Mayanın sevgisini də, onun sənətinə vurulmuş Qrafinyanın məhəbbətini də teatra fəda etmiş böyük aktyordur. Onun yalnız bir sevgisi var – səhnə. O, özünü yalnız səhnədə xoşbəxt hiss edir. Bütün dünyanı teatrın ayaqları altına atmağa hazırdır. Firdovsi Atakişiyevin səhnə plastikası mükəmməldir. Rol sanki onun boyuna biçilib.
Gənc aktrisa Natavan Hacıyeva Maya obrazının öhdəsindən məharətlə gəlir. O, tamaşa içində “Hamlet”in Ofeliyasını canlandırır və onun səhnəyə son çıxışı və ölümü son dərəcə təsirli duyğular oyadır. Maya yuvarlanıb səhnədən yerə düşəndə ön cərgədə oturanlar yüyürüb onu tutmağa çalışdılar. Aktrisanın gerçəkdən yıxıldığını zənn etmişdilər. Etiraf edirəm, 3-cü sırada oturan mən də bir anlıq özümü itirdim və narahat oldum. Xalq artisti Mərahim Fərzəlibəyovla yanaşı oturmuşduq. O anda bir-birimizə baxdıq. Mərahim müəllim qulağıma pıçıldadı: “Gördün necə yıxıldı?” Bax, bu, aktrisanın uğurudur!
Unudulmaz rejissorumuz İrana Tağızadənin quruluşunda tamaşa həqiqətən mükəmməldir. Digər aktyorların da tamaşanın uğurunda danılmaz payı var.
Burada fransız teatr nəzəriyyəçisi və rejissoru Piter Brukun “Teatr olduqca qəddar sahədir” fikri yada düşür. İnsan bəzən bir ömrün yükünü çəkməkdə çətinlik çəkir. Aktyor isə bir ömürdə onlarla insanın ömrünü yaşamağa məhkumdur. Ərəblinski vicdanını ovutmaq üçün yenə də səhnəyə sığınır.
İki hissəli tamaşa təsirli səhnələrlə yadda qalır. Bu əsərdə Hüseyn Ərəblinski dövrünün atmosferi – o zamanlar neft bumu yaşayan Bakı həyatı da, çarizmin Bakıya münasibəti də ustalıqla təsvir edilib. Ən əsası isə fədakar sənətkar və zaman problemi çox yüksək bədii-estetik həllini tapıb. Ərəblinski, onun həmkarları təkcə teatrı sevməklə kifayətlənmədilər, teatrın şərəfi, inkişafı naminə gecələrini gündüzə qatıb milli teatr mədəniyyətini formalaşdırdılar. “Sənətkarın taleyi” tamaşası bu həqiqəti gözlər önünə sərir. Aktyor sənətini seçən gənclər mütləq bu tamaşaya baxıb hansı peşənin sahibi olacaqlarını, hansı sənətkarların xələfləri kimi meydana atıldıqlarını dərindən dərk etməlidirlər. Sənətkarlıq məqamına yetişmək üçün teatrı Hüseyn Ərəblinski kimi sevmək lazımdır. Hər şey bu qədər sadədir və həm də çətindir.
Tamaşanın səhnə tərtibatını Mustafa Mustafayev, musiqi tərtibatını Əməkdar mədəniyyət işçisi Vladimir Neverov verib. Geyim üzrə rəssam Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssam isə Nikolay Rudıçevdir.
“Sənətkarın taleyi” tamaşasının Azərbaycan teatr mədəniyyətində müstəsna yeri var. Və bu tamaşa bütün zamanlarda sevilə-sevilə baxılacaq.
Kənan HACI