“Nar dastanı” Moskvada

post-img

Toğrul Nərimanbəyovun ruhu şad olsun: layiqli xələflərindən biri olan Əsgər Məmmədov onun nar obrazlarını layiqinicə yaradıb dünyaya tanıtmaqda davam edir. Elə bu günlərdə Moskvada, M.İ.Rudomino adına Rusiya Xarici Ədəbiyyat Kitabxanasında Əsgər Məmmədovun “Nar dastanı” adlı sərgisi açılıb.

Bildiyimiz kimi, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun yaradıcılığında da narın xüsusi yeri var. Nar kainatın görünüşüdür, onun dənələri isə həm də səma cisimlərini əks etdirir və rəssam üçün onun hər bir dənəsi tam bir dünyadır.

Əsgər Məmmədov Qarabağda dünyaya göz açıb. Qəzavü-qədərə baxın ki, ermənilərin orada zaman-zaman el-obamıza qarşı törətdikləri bir yana, gənc rəssam olarkən Əsgər böyük şəxsi faciə ilə də üzləşib: evində baş verən yanğın zamanı bütün əsərləri yanıb. Amma sənətkar həmişə yaxşılığa, ədalətin təntənəsinə inandığı üçün ruhdan düşməyib (Onu da xatırladaq ki, ikinci dəfə Moskva ətrafındakı İzmaylovoda qalereya binalarının yanması nəticəsində rəssamın əsərləri məhv olub, o isə yenidən özündə qüvvə taparaq, yaradıcılıq işini səylə davam etdirib).

Onun dediklərindən: “İkinci Qarabağ müharibəsindən əvvəl Ağdamda sərgim keçirilirdi. Həmin vaxt ərazinin bir hissəsi işğal altında idi. Rəsmlərimin nümayiş olunduğu binanın pəncərəsindən erməni postları, onların arxasında isə bir addım məsafəsində olan doğma torpaqlarımız görünürdü. Və o zaman “Xarıbülbül” tablosunun yaradılması ideyası ağlıma gəldi, kətanda təsvir olunan, qələbəmizin simvolu olan Xarıbülbülə uzanan qanayan əl çəkdim”.

Taleyin keşməkeşlərinə mətanətlə sinə gərən Əsgər Məmmədov hazırda Moskvada yaşayır. Rusiya Rəssamlar İttifaqının və Rusiya Kinematoqrafçılar İttifaqının, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının, Paris Elm və İncəsənət Akademiyasının üzvü, həmçinin Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Rusiyanın (həm də Azərbaycanın) Əməkdar rəssamı fəxri adlarını daşıyır. Bundan əvvəl rəssamın fərdi sərgiləri Fransa, İspaniya, İsrail, Türkiyə, Latviya və digər ölkələrdə də keçirilib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş Moskva sərgisində isə rəssamın milli koloritli 40-dan çox rəsmi – natürmortları, portretləri, mənzərə və qrafika nümunələri nümayiş etdirilir. Azərbaycanın simvolu kimi təqdim olunan nar rəsmlərində fəlsəfə ilə poeziyanın harmoniyası əksini tapıb.

Sərginin açılışında çıxış edən Milli Məclisin komitə sədri, Azərbaycan–Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan, Türkmənistan, Özbəkistan və Başqırdıstanın Xalq artisti, Dağıstan Respublikasının əməkdar incəsənət xadimi Polad Bülbüloğlu bildirib ki, Əsgər Məmmədov Qarabağ münaqişəsinin bütün çətinliklərini yaşamış bir insandır. “O, artıq çox illərdir Moskvada yaşayır və Azərbaycana, Qarabağa həsr olunmuş rəsm əsərləri ilə bizi sevindirir. Bu sərgisi də onun milli ruhundan soraq verir”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tatyana Şirokova bildirib ki, diplomatiya qurumunda da Əsgər Məmmədovun rəsm sərgisinin keçirilməsi planlaşdırılır: “Mən Əsgər Məmmədovun yaradıcılığı ilə 15 ildir ki, tanışam. “Nar dastanı” sərgisi məndə dərin təəssürat yaratdı. Rəssamın rəsmlərindəki nar cücərtiləri bu gün çox aktual olan sülhə çağırışdır. Əsgər Məmmədov incə sənətkar, gözəl insandır və mən ona bundan sonra da yaradıcılıq uğurları arzulayıram”.

M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin, kitabxananın Xüsusi Sərgi Layihələri Mərkəzinin rəhbəri Lyudmila Skaçkova və başqaları rəssamın yaradıcılığından danışıblar. Bildirilib ki, Əsgər Məmmədovun əsərlərində mənzərə, natürmort, portret və qrafika üslubu ilə yanaşı, Azərbaycan folklorunun, çoxəsrlik miniatür sənətinin təsiri də sezilir.

Sərginin açılışında, həmçinin, Paytaxt Rəssamlar Qalereyasının direktoru Lyudmila Titova, Azərbaycan Mədəniyyətinin İnkişaf Fondunun nümayəndəsi Elşən İbrahimov, şair-tərcüməçi Sultan Mərzili, Rusiya Elmlər Akademiyasının Psixologiya İnstitutunun əməkdaşı Bayan Uzıxanova və başqaları iştirak ediblər.

Əsgər Məmmədov deyib: “Sərginin məqsədi Rusiya tamaşaçılarına Azərbaycan haqqında, xalqım haqqında bəhs etməkdir. Ümummilli lider Heydər Əliyevin

bizə vəsiyyət etdiyi kimi, Vətəndən uzaqlarda yaşayan azərbaycanlılar öz milli adət-ənənələrini, dillərini unutmamalıdırlar. Əsərlərimdə xalqımızın adət-ənənələrini, ruhunu çatdırmağa çalışıram. Sərginin təşkilinə görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə və onun yaradıcılığına maraq göstərərək sərgini ziyarət edən hər kəsə təşəkkürümü bildirirəm”.

Rəssam öz dərin fəlsəfi əsərləri ilə bir daha göstərir ki, Qarabağ birmənalı olaraq əzəli Azərbaycan torpağıdır, nar obrazı isə dəyişməz simvollarımızdandır. Biz şübhə etmirik ki, Əsgər Məmmədov doğma diyarı haqqında hələ çox əsərlər yaradacaq.

Ə.DOSTƏLİ
XQ





Mədəniyyət