Liderin quruculuq kursu

post-img

VI MƏQALƏ

Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

Heydər ƏLİYEV,
Ümummilli lider

Böyük millət

“Millət” anlayışının fəlsəfədə və politologiyada müxtəlif tərifləri var. Burada onlara baş vurmağa ehtiyac görmürük. Lakin bu məqalədə millət XVIII əsrin ikinci yarısında meydana gələn “siyasi-vətəndaş milləti” anlayışı kontekstində götürülür. “Siyasi-vətəndaş milləti” özünün suveren dövlətində yaşayan və ümumi dil, mənşə, tarix, mədəniyyət ortaqlığına malik insanların birgəyaşayış formasını ifadə edir. Burada ortaq mədəniyyət, dil, dövlətçilik və tarix faktorunun ön sıraya çıxdığı aydın görünür. Müasir anlamda millət müstəqil və suveren dövlətə malik olmaqla sıx bağlı dərk edilir.

Deməli, müasir mərhələdə millət özünün müstəqil və suveren dövləti olan və müəyyən ortaq dəyərlərə malik çox sayda insanın birgəyaşam formasıdır. Bu, obrazlı desək, “norma”dır, millət olmağın adi səviyyəsidir. Onda “böyük millət” kimdir? Məntiqi olaraq, “böyük” termininin millətə tətbiqi kollektiv halda yaşayan insanların elə ortaq sosial, siyasi, mədəni, psixoloji, dünyaduyumu və s. dəyərlər yaratmasıdır ki, onların anlamı və funksiyası “adi normanı aşsın”. Yəni böyük millət möhtəşəm uğurlar əldə edən toplumdur.

Böyük millət, millət normalarından yüksək birləşdirici və təsiredici gücə malik olmaqdır. Burada sosial, siyasi, dövlət, dil, mədəni, din faktorları etnik mənsubluqdan irəli çıxır. Vurğulanan faktorlar aparıcı olur. Bu, müasir dövrün tələbidir. Millət toplum miqyasında aparıcı, qurucu, birləşdirici və yaradıcı olan faktorların vəhdətində böyük və möhtəşəm olur. Yəni millətin böyüklüyü özünün etnik mənsubluğunu qabardıb, başqalarına qarşı yuxarıdan aşağı baxmaqla deyil, öz mövcudluğunu dəyərlərə əsaslanaraq fəzilətli, xeyirxah, bəşəriyyətə fayda verən fəaliyyət vasitəsilə təsdiq etməkdir. Təbii ki, bunun üçün ilk şərtlərdən biri millətin yaradıcı (kreativ) yüksək intellektə fəzilətliliyin əlaməti kimi sahib olmasıdır.

Eyni zamanda, millətin böyüklüyü bununla məhdudlaşmır. Çünki böyüklük yalnız təfəkkür hadisəsi deyildir – onun feili, praktiki, tətbiqi (ümumi anlamda ekzistensialist) tərəfi prinsipial əhəmiyyət daşıyır. Millətin real həyatda böyük olması isə özünün şüurundan başlayır. Yəni millət böyüklüyünü fəzilətlilikdə, quruculuqda, bəşəri faydalı olmaqda görməyi bacara bilməlidir. Böyüklüyü daxilində yaradıb yaşatmalı və onu real mövcudluğunda (yəni real zamanda) əyaniləşdirməyi bacarmalıdır.

Bu kimi ümumi fəlsəfi düşüncələrdən konkret Azərbaycanda böyük millət məsələsinin təhlilinə keçə bilərik. Öncə vurğulayım ki, Azərbaycanda Prezident İlham Əliyevin böyük millət quruculuğu ilə bağlı fikirlərini anladığım qədər ifadə etməyə çalışacağam. Prezidentin daha geniş, zəngin və əsaslı mövqedə olduğuna tam əminəm.

Azərbaycanda millət anlamı

Azərbaycanda böyük millət anlamı iki miqyasda dərk edilə bilər. Birinci miqyas müasir Azərbaycan Respublikasının siyasi-coğrafi hüdudları daxilində var olan cəmiyyətin böyüklüyü ilə bağlıdır. İkinci, ümumiyyətlə, dünyanın hər yerində yaşayan azərbaycanlıların qlobal miqyasda millət olaraq böyük ola bilmə imkanları ilə əlaqəlidir. Bu iki miqyasın təməlində birinci – Azərbaycan Respublikasının vətəndaşlarının yaratdıqları cəmiyyətin böyüklüyü dayanır. Eyni zamanda, qlobal səviyyədə böyük millət olmanın fəlsəfi, siyasi və mədəni parametrlərini müəyyən etməyə şans yaranır.

Azərbaycanda “millət” anlayışının etnik aspektdə yenidən müəyyən edilməsinə qətiyyən ehtiyac yoxdur. Çünki bu cəmiyyət həmin mərhələni çoxdan keçmişdir. Belə ki, mədəni, rəsmi və siyasi səviyyədə tam qəbul edilmişdir ki, Azərbaycan türk dövlətidir. Cəmiyyət siyasi anlamda türk toplumudur. Etnik baxımdan cəmiyyətin mütləq əksəriyyətini türklər təşkil edirlər. Ancaq başqa etnik mənsublar türklər üçün özləri qədər doğma, yaxın və ortaq dəyərlərə malik insanlar (vətəndaşlar) kimi qəbul edilir.

Bu mənada Azərbaycan cəmiyyətini azərbaycanlılıq birləşdirir. Azərbaycanlılığın kökündə burada tarixən yaşayan hər bir etnik mənsubun eyni dərəcədə Vətənə, mədəniyyətə, cəmiyyətə və dövlətə sahib olması hüququna malik olması dayanır. Bu baxımdan Azərbaycanın hər bir etnik mənsubu özü¸ ailəsi, xalqı, cəmiyyəti və dövləti qarşısında məsuliyyət daşıyır.

Kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan insanının Vətəni sevməklə yanaşı, onun məsuliyyətini də daşıması vazkeçilməz şərtdir. Buna görə də Vətən müharibəsində istənilən Azərbaycan vətəndaşının iştirakı təbii şərt, ictimai borc və birgəyaşamın özəlliyi baxımından ortaq məsuliyyətdir. Azərbaycan vətəndaşı hansısa etnik mənsub üçün deyil, vətəndaşı və sahibi olduğu ölkənin, cəmiyyətin və dövlətin təhlükəsizliyi üçün savaşmışdır!

Vətəndə imtiyazlı olmağı deyil, məsuliyyəti və mənəvi borcu dərk edən vətəndaş böyük millətin təmsilçisi ola bilər! Burada fərdi miqyasdan kollektiv mövcudluq səviyyəsinə fəlsəfi və məntiqi keçid etmək olar.

Kollektivin özşüuru və özünüdərki böyük millət olmaqda çox vacib məsələdir. Faktiki olaraq kollektiv səviyyədə böyüklüyün fəzilətli dərki mövcud deyildirsə, real zamanda böyük olmaq qeyri-mümkündür. Deməli, istənilən kollektiv davranışın millət kontekstində qiymətləndirilməsi cəmiyyətin özünə münasibətindən başlayır.

Cəmiyyət özünü böyük görməyi bacarmalıdır! Bu isə kifayət qədər mürəkkəb, tarixi-siyasi çalarlı, sosial-psixoloji mahiyyətli dinamik fenomendir. Həmin proses öz-özünə, avtomatik şəkildə formalaşmır və reallaşmır. Bunun üçün çoxtərəfli və davamlı fəaliyyət lazımdır. Həmin prosesdə müasir şərtlərin göstərdiyi kimi, liderin rolu aparıcıdır. XX əsrin sonu və XXI əsrin bu günə qədər olan təcrübəsi lidersiz hansısa cəmiyyətin özşüurunu, özünüdərkini millət quruculuğunda uğur qazanması nümunəsini göstərməmişdir. Bir neçə nümunədə buna əmin ola bilərik.

Henri Kissincer ömrünün sonlarına yaxın yazdığı əsərlərinin birində XX əsrdə dünyanın 6 uğurlu liderlik nümunəsindən bəhs edir. Onun təsnifatı birbaşa yeni milli ideya, yeni milli strategiya, yeni hədəfi olan toplum formalaşdırmaqla bağlıdır. XX əsrin ikinci yarısında K.Adenaruerin faktiki olaraq yeni alman cəmiyyəti və böyük millətini yaratdığını H.Kissincer vurğulayır. O, alman cəmiyyəti üçün “barış strategiyası” kontekstində yeni milli identikliyin əsas faktorlarını müəyyən etdi. Bütün çətinliklərə baxmayaraq, K.Adenauer yenidən böyük alman millətinin yaranmasına nail oldu. Eyni xidməti, R.Nikson Amerika, Şarl de Qoll Fransa, Li Kuan Yu Sinqapur toplumu üçün göstərdi. Onların həyata keçirdikləri strategiyalar məzmunca fərqli olsalar da, strateji hədəf baxımından ortaq dəyərləri vardı: lideri olduqları cəmiyyətin milli identikliyini dövrün tələblərinə uyğun elə yeniləşdirmək ki, dövlət həm milli miqyasda, həm də qlobal miqyasda uğurlu olsun və dünya nizamının formalaşmasında layiqli yer tutsun. Bunu bacaran toplumun böyük milləti vardır.

Belə görünür ki, H.Kissincer bir qədər böyük millətin klassik anlamından kənara çıxmışdır. Konkret olaraq, millətin böyüklüyünü klassik anlamda ərazi böyüklüyü və əhali sayının çoxluğu ilə əlaqələndirirdilər. Bu, müəyyən mənada ortaq bir mövqeyə çevrilmişdi. Lakin XX-XXI əsrin təcrübələri göstərdi ki, bu cür asılılıq heç də həmişə reallığa düz mütənasib deyildir. Burada ulu öndər Heydər Əliyevin iki fikrini xatırlamaq yerinə düşər.

Ümummilli lider demişdir: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar” və “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”!

Deməli, müasir təsəvvürlərə görə, böyük millət ərazi və say çoxluğu ilə deyil, cəmiyyətin özünüdərki, özşüuru ilə praktiki fəaliyyətinin vəhdətində formalaşır. Millət həmin hüdudlar daxilində böyük ola bilir. Buradan Azərbaycanda böyük millət yaratmanın kriteriyaları önə çıxır.

Milli kriteriyalar

Yuxarıdakı fikirlərdən aydın olur ki, Azərbaycanın milləti inkişaf etdirmənin öz meyarları olmalıdır. Həmin meyarlar (kriteriyalar) cəmiyyətin tarixi, ənənəsi, mədəni özəlliyi ilə müasirliyin vəhdətində müstəqil dövlətçilik kontekstində müəyyən edilə bilər. Burada liderin aparıcı rol oynadığı tezisi də müasir təsəvvürlərə görə, şəksiz qəbul edilməlidir. Həmin anlamda Azərbaycanda cəmiyyətin fundamental yeniləşməsində liderin mövqeyini təhlil etməyin çox aktual olduğu aydınlaşır. Prezident İlham Əliyev lider kimi hansı kriteriyalara üstünlük verir?

Müasir tariximizin dövrləşdirilməsi

Bu, sözün həqiqi mənasında, milli kontekstdə bir inqilabi yanaşmadır. Müasir tariximizin nəzəri-elmi əsasda dövrləşdirilməsi cəmiyyətin özşüuru, özünüdərki, identiklik axtarışları və feili davranışlarının yeni anlamı üçün “açar” faktordur. Çünki toplum və millət olaraq öz tarixinə yeni mövqedən baxmasan, həqiqi mənada yeniləşmən qalıcı ola bilməz. Tarixinə yeni, daha nikbin və realist mövqedən yanaşmaq bütün addımların təməli və strateji istiqamətverici faktorudur. Bu, həm də böyük millət quruculuğunun təməl siyasi, ideoloji, mənəvi və azərbaycançı şərtidir!

Müasir Azərbaycan tarixinin siyasi və müstəqil dövlətçiliyin təkamülü dövrləşdirilməsinə Prezident İlham Əliyev milli ideyanın müəyyən olunması, reallaşması və yeniləşməsi kontekstində yanaşır. İlk mərhələ olaraq milli ideyanın “ərazi bütövlüyünün bərpası” kimi müəyyən edilərək reallaşma mərhələsinə qədər olan dinamikanın məzmunu və məqsədi seçilir.

İlham Əliyev bu əsasda Vətən müharibəsi ilə müasir müstəqil Azərbaycanın tarixinin siyasi və dövləti aspektlərdə bir mərhələsinin başa çatdığı tezisini irəli sürür. Bu mərhələnin başlıca əlamətləri olaraq tarixi ədalətin bərpasını, milli ləyaqətin yenidən dirçəlməsini və hüququn təmin edilməsini görür. Bu ümumi nəticə “çətiri” altında müstəqil dövlətçiliyin şərtlərinin tam oturuşması, vətəndaş cəmiyyətinin formalaşması və dövlətin geosiyasi statusunun dəqiqləşməsi xüsusi əhəmiyyət kəsb edir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət