Gürcüstanda “Maydan” ssenarisi iflasa uğradı

post-img

Bu, xarici maliyyə ilə hərəkətə gətirilən oyundur

Gürcüstanda hökumətin Avropa İttifaqı ilə danışıqları 2028-ci ilə qədər dayandırmaq barədəki qərarından sonra ölkədə baş qaldıran etiraz aksiyaları davam etməkdədir. Təbii ki, aksiyaların geniş miqyas alması birbaşa xarici təsirlərlə sıx bağlıdır. Bu barədə gürcü liderlərinin bəyanatlarında da açıq-aşkar fikirlər səslənir.

Ölkəni Avrointeqrasiya yolundan dönməkdə ittiham edən Qərb əslində özlərinin üzdəniraq tələbləri ilə gürcü xalqının milli kimliyi və qürurunu, tarixini və min illərlə formalaşmış adət-ənənələrini arxa plana keçirmək və bunların əvəzinə, bu xalq üçün tamamilə yad olan LGBT və ifrat sağçı qüvvələri ön plana çıxarmaq istəyirlər.

Bunu başa düşən Gürcüstan hökuməti isə ölkəni və xalqı gözlənilən bəlalardan xilas etməyə çalışır. Təəssüf ki, hakimiyyəti nə yolla olur-olsun ələ keçirməyə can atan müxalif qüvvələr, eləcə də maliyyəsi ilə gürcü dövləti və QHT içərisində özünə dayaqlar qurmuş Qərb inadını yeritməkdə davam edir. Məhz bunun nəticəsidir ki, artıq beş gündən bəri səngimək bilməyən və ölkə prezidenti tərəfindən də dəstəklənən etirazlar vətəndaş müharibəsi həddinə çatıb. Bu isə etirazçı qüvvələri qəti narahat etmir.

Bu gün Gürcüstanda açıq şəkildə bildirilir ki, QHT fəallarından ibarət manqurt dəstələr, LGBT və ifrat liberal sağçı düşərgələr Qərbin maliyyəsi ilə məqsədli şəkildə yaradılıb. Cəmiyyəti QHT-lər vasitəsilə manqurtlaşdırmaq meyilləri ortadadır. Amma aldıqları əmri kortəbii şəkildə yerinə yetirən etirazçı qüvvələr bu gün ölkəni narahat edən ən vacib problemlər, eləcə də Gürcüstanın ərazi bütövlüyü, itirilmiş torpaqların geri qaytarılması haqqında siyasi müzakirələr aparmaq niyyətindən uzaqdırlar.

Bu etiraz aksiyaları və oradakı iştirakçıların tərkibi belə qənaətə gəlməyə əsas verir ki, Gürcüstanda 2014-cü ilin Ukrayna ssenarisinin təkrarı hazırlanır, Tbilisinin, Kutaisi və Batumi kimi iri şəhərlərin küçələrinin döyüş meydanına çevrilməsi, polisə qarşı zorakılıq aktları, hətta dünən aksiya iştirakçılarından birində “Molotov kokteyli”nin aşkarlanması məhz bundan xəbər verir. Bu gün Gürcüstan mitinqlərinə Balkan ölkələrindən, Şərqi Avropa və əsasən də Baltik ölkələrindən çoxlu sayda təxribatçıların gətirildiyi barədə məlumatlar yayılır. Baltikyanı ölkələr Gürcüstanın rəsmi şəxslərinə qarşı sanksiyalar tətbiq edəcəklərini bəyan edirlər. Bununla əlaqədar Estoniya, Litva və Latviyanın Gürcüstan paytaxtındakı diplomatik nümayəndələri XİN-ə çağırılıblar və onlarla geniş söhbət aparılıb.

Hazırda Gürcüstan hökuməti çalışır ki, aksiyalar qanunlar çərçivəsindən kənara çıxmasın, Ukraynada olduğu kimi, silahlı təxribatçılar tərəfindən insanlara atəş açılaraq və sonra bunun məsuliyyəti Gürcüstan hökumətinin üzərinə atılaraq, vəziyyətin dramatikləşməsinə yol verilməsin.

Bu aksiyalar çərçivəsində Avropa İttifaqının Gürcüstandakı səfiri faktiki olaraq özünü canişin kimi aparır. Qərb səfirləri və ölkələri demokratik seçilmiş hökumətə qarşı hidrid müharibə aparırlar. Gürcüstanda formalaşdırılmış şəbəkə ayağa qaldırılıb, Avropadan gələn emissarlar bilavasitə prosesə nəzarət edir və vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni edirlər. Bu gün Çini, Rusiyanı və digər ölkələri hibrid müharibələrdə günahlandıran Qərb özü Gürcüstanın daxili işlərinə qarışır. Baş verən hadisələr birmənalı olaraq Gürcüstanın daxili işidir və kanar qüvvələr və ölkələr bu prosesə müdaxilə etməməli, demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdırlar. Gürcü xalqı Qərbin və xüsusən də Fransa prezidenti Makronun agenti olan prezident Salome Zurabaşvilinin kaprizləri ilə oynamaq zorunda qalıb. Zurabişvili vaxtilə Fransa vətəndaşı olub və Fransa XİN-də çalışıb.

Dünən Baş nazir İrakli Kobaxidze də ölkədə aksiyaların ciddi qarşıdurmalara çevrilməsinin qarşısının alındığını bəyan edərək deyib ki, Qərb ölkədə Ukraynadakı kimi “Maydan” yaratmaq istəyib, ancaq bu ideya iflasa uğrayıb, hər şey nəzarət altındadır. “Rustavi 2” telekanalının məlumatına görə, Kobaxidze deyib: “Bunlar xaricdən maliyyə vəsaiti cəlb edilməklə əlaqələndirilmiş və əvvəlcədən planlaşdırılmış tədbirlərdir. Amma ölkənin milli maraqları sona qədər qorunacaq”.

Kobaxidze qeyd edib: “Son dörd il ərzində biz üç dövlət çevrilişinə cəhdin şahidi olduq, təəssüf ki, bunların hamısı xaricdən maliyyələşdirilib. Ölkəmizə bu cür yanaşma qəbuledilməzdir”.

Baş nazir onu da əlavə edib ki, ölkədə etirazları dəstəkləyən prezident Salome Zurabişvili “iki həftə ərzində iqamətgahını tərk etməli olacaq”, çünki onun səlahiyyətləri başa çatacaq, dekabrın 14-də ölkədə yeni prezident seçkiləri keçiriləcək.

Bu gün qonşu ölkədə siyasi təhlilçilər bəyan edirlər ki, Qərb Ukrayna xalqını müharibəyə sürüklədiyi kimi, Gürcüstan üçün də eyni ssenariləri cızır. Gürcü xalqı müdriklik nümayiş etdirməli və heç bir xarici qüvvənin əlində alət olmamalıdır. Eyni zamanda, Qərbin Gürcüstanı qeyri-sabitliyə sürükləməsi bütün Cənubi Qafqazda təhlükəsizliyi və sabitliyi poza bilər. Bunu isə regionun hər üç ölkəsində istəmirlər. Cənubi Qafqaz münaqişə və müharibələrdən, siyasi kataklizmlərdən yorulub və sülh istəyir, yalnız sülh. Çox-çox təəssüflər ki, bunu Qərbdə istəmirlər. Buna görə də Gürcüstanı etiraz aksiyaları, Ermənistanı isə revanşizm ideyaları ilə qarışdırmaq, bulanıq suda balıq tutmaq istəyirlər. Qərb, nəhayət ki, Cənubi Qafqazda bu oyunlarına son qoymalıdır. Elə gürcü xalqı da necə bir bəla ilə üz-üzə qaldığını başa düşməli və bu oyuna getməməlidir.

Küçələrdə etirazçıların aqressiv davranışı da iştirakçıların Qərbə arxayın olması ilə bağlıdır. Onlar hər gün Tbilisinin Rustaveli prospektində, Gürcüstan parlamenti binasının əsas girişində keşik çəkən xüsusi təyinatlılara hücum edir, onlara daş və digər əşyalar, pirotexniki vasitələr atırlar. Gürcüstan DİN aşkarlayıb ki, etirazçıların böyük bir qismi xarici ölkələrin vətəndaşlarıdır. Bu barədə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze də bu günlərdə keçirdiyi brifinqdə bildirib: “Tbilisidə etiraz aksiyaları zamanı saxlanılanların 30 faizi xarici ölkələrin vətəndaşlarıdır”.

Onun sözlərinə görə, təkcə bir gecədə saxlanılan 10 nəfərdən 8-i xarici ölkə vətəndaşlarıdır. Saxlanılanlar arasında Rusiya, ABŞ, Böyük Britaniya və Niderland vətəndaşları var.

Mdinaradze deyib: “Ən radikal etirazçılar arasında xarici vətəndaşlardan əlavə, keçmiş baş nazir Giorgi Qaxariyanını “Gürcüstan üçün” və “Birləşmiş Milli Hərəkat” partiyasının fəalları da olub”.

Siyasətçi qeyd edib ki, hər axşam parlamentin yaxınlığında minlərlə insan toplaşır, onlardan bəziləri infrastruktura ziyan vurur, polisə və xüsusi təyinatlılara daş, butulka, dəmir və digər əşyalar, o cümlədən “Molotov kokteylləri” atır, pirotexniki vasitələrdən atəş açırlar. Polis isə təzyiqli su, gözyaşardıcı qaz və digər vasitələrlə cavab verir.

Gürcüstan Səhiyyə Nazirliyindən verilən son məlumata görə, dekabrın 4-dək aksiya iştirakçıları, jurnalistlər və Daxili İşlər Nazirliyinin əməkdaşları da daxil olmaqla, 162 nəfər tibb müəssisələrinə yerləşdirilib. Bundan əlavə, DİN-in məlumatında deyilir ki, 143 polis əməkdaşı ağır yaralanıb. Etirazçılardan 300 nəfər saxlanılıb, onlardan yalnız 6 nəfəri cinayət məsuliyyəti daşıyır, qalanları isə polisə tabe olmama və xırda xuliqanlıq faktlarına görə inzibati qaydada həbs ediliblər.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bəyanata görə, əsas məqsədi hakimiyyəti güc yolu ilə ələ keçirmək olan konkret partiyalar və qeyri-hökumət təşkilatları rəhbərlərinin başçılığı altında müəyyən qruplar dağıdıcı və zorakı ssenarilər hazırlamaq üçün təxribatlar təşkil etməyə çalışırlar. Ancaq bütün təxribat cəhdlərinin qarşısı qanunlar çərçivəsində və peşəkarlıqla alınır...

Beləliklə, hökumətin Avropaya inteqrasiyanın dayandırılmadığı, əksinə, prioritet olduğu, ölkənin 2030-cu ildə Aİ-yə daxil olmaq üçün 2028-ci ilin sonuna qədər danışıqlara lazımınca hazırlaşacağı barədə izahatlarına baxmayaraq, etiraz aksiyaları davam edir. Hətta baş nazirin belə bir bəyanatına da məhəl qoyulmur ki, əgər Aİ danışıqlara başladığını elan etsə, Gürcüstan istənilən dəqiqə prosesə qoşulmağa hazırdır.

Paşa ƏMİRCANOV
XQ



Siyasət