Qlobal Cənubla qlobal Şimalı bir araya gətirən Lider

post-img

Azərbaycan Prezidenti yaşıl dünya naminə əks qütblər arasında həmrəylik yaratdı

Hər şey – məqsəd, hədəflər və onlara çatmağın yolları zərgər dəqiqliyi ilə düşünülmüşdü. COP29, əgər belə demək mümkünsə, sözünü dünyaya ərklə demək haqqını qazanmış çağdaş dövrün ən nüfuzlu siyasi liderlərindən birinin, strateq-diplomatın uğurla həyata keçirdiyi, ölkəsinin və özünün adına layiq nəhəng layihələrdən biri oldu. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) həm də Azərbaycan Prezidenti İlham Əliyevin dünya miqyasında nüfuzunun və çəkisinin növbəti təsdiqi idi.

COP29-un əsas hədəfi inkişaf etmiş ölkələrin 2025-ci ildən başlayaraq inkişaf etməkdə olan ölkələrə istixana qazı emissiyalarının azaldılması istiqamətində tədbirlərin görülməsi üçün hər il ayırmağa hazır olduqları maliyyə vəsaiti idi. Bu yardımın mahiyyəti varlı dövlətlərin kasıb ölkələrin iqlim dəyişikliyinə sosial-iqtisadi uyğunlaşması üçün tələb olunan xərclərinin ödənməsindən ibarətdir. Belə planetar missiyanın yerinə yetirilməsini çətinləşdirən əsas amil kimi müxtəlif qütblərdə yerləşən “böyük güclər”, varlı dövlətlər arasında gedən amansız iqtisadi rəqabəti, məhz qazıntı enerjisi hesabına daha böyük gəlirlərin əldə olunması uğrunda mübarizəni göstərmək olar. Yəni, qlobal Cənubla qlobal Şimalın imkanlı təmsilçilərinin iqlim kataklizmlərinin fəsadlarını aradan qaldırmaq, təbiətə vurulan ziyanın minimuma endirilməsinə nail olmaq üçün birgə əməkdaşlığa cəlb olunmasını, bu məqsədlə hazırlanmış layihələrə milyardlarla dollar vəsaitin ayrılmasını təmin etmək heç də asan vəzifə deyildi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq, konsensusa nail olmaq və bu konfransın Azərbaycanın uğur hekayəsinə çevrilməsi üçün səylərini əsirgəməmişdi. Bu hədəfə çatmaqdan ötrü ölkəmiz uzun bir yol qət etmişdi. Son 30 ildə Azərbaycanın xarici siyasət prioritetləri, faktiki olaraq, dəyişməyib. Ərazi bütövlüyünün bərpası, suverenliyinin tam təmin edilməsi, müstəqilliyin möhkəmləndirilməsi, regional və beynəlxalq tərəfdaşlığın inkişafı, eləcə də çoxvektorlu siyasi xətt Azərbaycanın xarici strategiyasında prioritet olaraq qalmaqdadır. Bu kontekstdən yanaşanda rəsmi Bakının Afrika ölkələri ilə münasibətlərinin inkişafına xüsusi diqqət yetirməsi siyasi konyukturanın yox, ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir.

Uzun illər Qərbin hərtərəfli amansız istismarına məruz qalan “Qara qitə”nin “soyuq müharibə” başa çatandan sonra geosiyasi arenada çəkisinin artması Bakının kontinentlə siyasi-iqtisadi əlaqələrinin yaradılmasına və inkişaf etdirilməsinə təkan verdi. Sözümüzü ona gətiririk ki, Bakı İqlim Sammiti qlobal qütblərin kəsişdiyi məkan rolunu oynamağa iddialı idi.

* * *

Azərbaycan lideri qlobal Cənubla qlobal Şimalı bir araya gətirməyin çətinliklərini, bu çətinlikləri yaradan səbəbləri çox yaxşı bilirdi. Aydın məsələdir ki, qlobal Cənub nöqteyi-nəzərindən, bu vacib vəzifəni həyata keçirmək üçün maliyyə, texnoloji və ekspert yardımı almadan inkişaf etməkdə olan ölkələr öz öhdəliklərini yerinə yetirməkdə ciddi çətinliklərlə üzləşirlər. Hələ 1992-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası müzakirə edilərkən, razılıq əldə olunmuşdu ki, inkişaf etmiş ölkələr iqlim dəyişikliyinin öhdəsindən gəlmək üçün inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərməlidirlər. Son 15 ildə bu məqsədlər üçün hər il 100 milyard dollar vəsait ayrılıb.

COP29 konfransında inkişaf etməkdə olan ölkələr 2030-cu ilə qədər illik iqlim maliyyələşdirməsinin tələb olunan məbləğini 1,3 trilyon dollara çatdırmağa çalışdılar ki, bunun da 600 milyard dolları qrant şəklində olmalıdır. Bunun qarşılığında inkişaf etmiş ölkələr 250 milyard dollara razılaşdılar. Qızğın müzakirələr konfransın uzadılması zərurətinə səbəb oldu. Bu, qapalı məsləhətləşmələr təşkil edən BMT-nin müdaxiləsini tələb edirdi. Yalnız noyabrın 24-də səhər saatlarında kompromis əldə olundu. İştirakçılar inkişaf etməkdə olan ölkələrin 2035-ci ilə qədər 1,3 trilyon dollar iqlim maliyyəsi almasını təmin etmək üçün çalışacaqlar. Lakin bu hipotetik məbləğin yalnız 300 milyard dolları əsasən inkişaf etmiş ölkələrin hökumətlərindən ikitərəfli və çoxtərəfli qrantlar və güzəştli kreditlər şəklində gələcək. Qalanı isə özəl sektordan gözlənilir.

Prezident İlham Əliyevin COP29 çərçivəsində Afrika ölkələrinin liderlərinə göstərdiyi xüsusi diqqət gələcək əməkdaşlığın perspektivi kimi izah edilməlidir. Azərbaycanın Afrika, Şərqi Asiya və Cənubi Amerikanın geniş ərazilərinə daxil olması böyük potensialdan xəbər verir. Bakı, əslində, planetin “resurs anbarı” sayılan bu bölgələrdə öz mövqeyini möhkəmləndirir. Bu zaman onu da nəzərə alır ki, böyük qloballaşma dünyasına yenicə qədəm qoyan həmin regionlara və ölkələrə təsir etmək üçün sərt rəqabət gedir. Bir qayda olaraq, “birinci dərəcəli dövlətlər” – ABŞ, Fransa, Böyük Britaniya çoxdan oradadırlar. Çin də eyni paradiqmada hərəkət edir. Rusiya da “sovet beynəlmiləlçiliyi” ənənələrinin qalıqlarından istifadə edərək bu regionlara qayıtmaq barədə düşünür. Azərbaycan bu nəhənglərlə yanaşı, Afrikada iqtisadi mövqeyini gücləndirməkdən çəkinmir. Yeri gəlmişkən, Bakının Afrika ölkələri ilə uğurlu əməkdaşlığının əsasları Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə qoyulub.

* * *

Bakı İqlim Sammitində əldə edilən uğurlardan ən önəmlisi inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələri ilə mübarizəyə əvvəlki 100 milyard dollardan üç dəfə çox – 300 milyard dolların ayrılmasıdır. Bu da iqlim böhranına qarşı daha effektiv mübarizə aparmağa imkan yaradacaq. Bakı Sammiti həm də Paris Sazişinin müvafiq maddələri çərçivəsində karbon bazarlarının yaradılması üzrə əldə olunan razılaşmalar sayəsində tarixə düşəcək. Daha dəqiq desək, COP29-da, nəhayət, ikiqat hesablamadan qaçaraq, ölkələrin karbon kreditlərini necə yarada, ticarət edə biləcəyinə dair razılığa gəlindi.

COP29-un daha bir uğur göstəricisi: Bakı Sammiti dünyanın ən böyük neft-qaz şirkətlərinin nümayəndələrinin fəal iştirak etdiyi tərəflərin ikinci konfransı oldu. Konfransın gedişində “ExxonMobil” şirkətinin prezidenti Darren Vudsun verdiyi geniş müsahibə bu mənada diqqətə layiqdir. Onun əsas mesajı ondan ibarət idi ki, müasir enerji sistemindən aşağı karbonlu sistemə keçid əhəmiyyətli maliyyə resursları tələb edir. Eyni zamanda, enerji şirkətləri pul vəsaitlərinin hərəkətini və qoyulmuş kapitalın gəlirliliyini təmin etməklə öz səhmdarlarının maraqlarını qorumalıdır. Məlumdur ki, alternativ enerjiyə keçid yolu ilə hərəkət etməyin əsas açarı texnologiyanın dəyərini azaltmaqdır. Prosesi sürətləndirmək üçün hökumət dəstəyi və təşviqləri istifadə olunur, amma son nəticədə proses bazar tərəfindən seçilməlidir. Bu məqam da COP29-un uğurlarından biridir.

* * *

Artıq inkişaf etməkdə olan ölkələr iqlim böhranına qarşı mübarizədə əlavə imkanlar qazanacaqlar. COP29-un əsas özəlliyi həm də ondan ibarətdir ki, ev sahibi kimi Azərbaycan ada dövlətlərinin, qlobal Cənub, Karib hövzəsi ölkələrinin, Afrika qitəsinin geniş təmsilçiliyini təmin etdi. BMT-nin budəfəki iqlim konfransında iştirak etmək üçün 76 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi ki, bu da rekord göstəricidir. Azərbaycan hökumətinin müvafiq strukturları yüksək təşkilatçılıq bacarıqları nümayiş etdirərək bütün iştirakçıların rahat, təhlükəsiz fəaliyyəti üçün zəruri mühiti yaratmağa nail oldular. Təsadüfi deyil ki, Azərbaycan COP tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili meyarları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən əvvəl alan ilk ölkə kimi də tarixə düşdü.

BMT-nin COP29 sessiyasında bütün dünya təmiz ekologiyadan, yaşıl dünyadan pafosla danışan inkişaf etmiş ölkələrin gerçək üzünü gördü. Azərbaycan Prezidenti COP29 Liderlər Sammitində bunu açıq şəkildə vurğuladı. Həmin çıxış problemə yalnız Azərbaycanın deyil, qlobal Cənub ölkələrinin yanaşmasının ifadəsi idi. Doğrudan da, COP29-da qlobal Cənubun real ehtiyacları ilə yanaşı, qlobal Şimalın buna etinasızlığı aşkar şəkildə nümayiş olundu. Əlbəttə, buna yalnız təəssüflənmək olar. Məlum oldu ki, Qərbin aparıcı dövlətləri boyunlarına götürdükləri öhdəliklərə əməl etmək istəmirlər. Qlobal Cənubla qlobal Şimal arasında səmərəli dialoqun qurulmasına çalışan, konfransın maksimum nəticə ilə başa çatması üçün bütün resurslarını səfərbər edən Azərbaycan isə məkrli şəkildə hədəfə alınırdı. Bu qərəzli münasibət hələ ötən ilin dekabr ayında – Azərbaycanın ev sahibi olması barədə qərar verilərkən başlanmışdı və proses bütün hazırlıq dövründə davam etdi. Heç indi də səngiməyib.

* * *

BMT-nin COP29 sessiyasında beynəlxalq ictimaiyyətin təzyiqləri ilə üzləşən Qərbin inkişaf etmiş ölkələri güzəştə getməli oldular. Bununla paralel olaraq, inkişaf etməkdə olan ölkələr də iddialarını azaltdılar. Bu razılaşmanın məhz Azərbaycanın sədrliyi ilə əldə olunması nə qədər təqdirəlayiq hal sayılırsa, onun layihə müəllifinin İlham Əliyev olduğu heç kəsdə şübhə doğurmur.

Azərbaycan Prezidenti inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrinə görə bir-birini, günahlandırmaq əvəzinə öz imkanları daxilində problemlərin həllinə töhfə verməli olduqlarını xatırlatdı. Bakı Sammitinin gedişində dövlətimizin başçısı yaşıl dünya naminə hətta bir-birinə əks qütblərdə dayanan ölkələr arasında həmrəyliyi təmin etməyi bacardı. Dövlətimizin başçısı “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik sərgilədi. Dünyanın bütün ölkələrini yaşıl, ədalətli və sabit dünya naminə əl-ələ verib çalışmağa, bu işdə həmrəy olmağa çağırdı.

Beləliklə, İlham Əliyev “kollektiv Qərb”in, ermənipərəst düşərgənin çeşidli maneçilik cəhdlərinə baxmayaraq, COP29-la bağlı bütün planlarını uğurla həyata keçirdi və Azərbaycanın ən yeni tarixinin daha bir şanlı səhifəsinə imzasını qoydu.

İmran BƏDİRXANLI
XQ



Siyasət