Yeni televiziya kanalı Bakı və İrəvan arasında sülh müqaviləsi barədə
“Salam, bu, Bakıdakı ANEWZ xəbər departamentindən sizinlə danışan Orxan Amaşovdur. Ən son xəbərləri sizə təqdim edirik. Diplomatik mənbə bizə bildirdi ki, Azərbaycan və Ermənistanın yaxın günlərdə sülh müqaviləsi imzalamaq şansı azdır və bu ay ərzində diplomatik sürpriz gözləməyə əsas yoxdur. Tərəflər COP29-dan sonra danışıqları davam etdirəcəklər. Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransı keçiriləcək. Ermənistanın sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı qətiyyən aydınlıq yoxdur. Əgər belədirsə, onun təmsilçiliyinin miqyası hələ də sirr olaraq qalır”.
XQ xəbər verir ki, ANEWZ kanalının baş redaktor müavini, aparıcı Orxan Amaşov “Son xəbər” verilişindəki bu açıqlamasının davamında bildirib:
“Bu, Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən görüşündən sonra beynəlxalq gözləntilərin artması fonunda sürpriz oldu və burada razılıq əldə olunacağına ümid etməyə əsas verdi. Hər iki tərəf – Bakı və İrəvan dəfələrlə bəyan ediblər ki, rəsmi olaraq Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş adlanan müqavilənin mətninin layihəsi üzərində işin 80 faizi artıq tamamlanıb, lakin bəzi maneələr hələ də qalmaqdadır. O da məlumdur ki, sənəd layihəsinin 16 maddəsindən 13-ü üzrə tam konsensus əldə olunub. 3 maddədə mübahisəli məsələlər var. Azərbaycan tərəfi açıq şəkildə yalnız razılaşdırılmış maddələr əsasında sövdələşmənin bağlanmasına qarşı çıxır, Ermənistan isə aralıq saziş təklif edərək, razılaşmanın əldə oluna bilmədiyi üç müddəanın üzərindən keçir. Sual budur ki, bu müddəalar nədən ibarətdir və niyə onlarla razılaşmaq çətindir.
Həmin 3 vacib bəndin dəqiq məzmunu ictimaiyyətə tam açıqlanmasa da, onlardan birinin Ermənistan konstitusiyasının preambulasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsinə hüquqi cəhətdən tətbiq edilə bilən ərazi iddiaları ilə bağlı olduğunu güman edə bilərik. Ermənistan yenə də təkid edir ki, bu məqam çoxdan gözlənilən sazişin bağlanması üçün açardır. Ermənistan tərəfi bu tələbi daxili işlərə qarışmağa bərabər hesab edir və vurğulayır ki, sazişdən irəli gələn öhdəlikləri aradan qaldırmaq üçün daxili qanunvericiliyə hər hansı istinadı inkar edən xüsusi bənd olmalıdır. Belə bir tələb əsassızdır. Bundan əlavə, İrəvan bu yaxınlarda öz konstitusiyasının preambulasında qeyd olunan 1990-cı il Müstəqillik Bəyannaməsinin hüquqi müstəvidə öhdəliyini aşağı salıb.
Orxan Amaşov sonda qeyd edib ki, Azərbaycan və Ermənistan dövlətlərarası sərhədin 12,4 kilometrlik hissəsinin delimitasiyası və demarkasiyasını həyata keçirib: “Avqustun 30-da hər iki ölkənin sərhəd xidmətləri arasında buraxılış məntəqələrinin fəaliyyəti haqqında əsasnamə təsdiq edilib. Bütün zəruri daxili prosedurlar tərəflər tərəfindən yerinə yetirilib. Əldə olunan irəliləyişlərlə bağlı, Azərbaycan hesab edir ki, üçüncü tərəfləri cəlb etməyə ehtiyac yoxdur, çünki bu, ikitərəfli əsasda tənzimlənməlidir. Ermənistan, anladığımız kimi, sazişin bir hissəsi kimi dövlətlərarası sərhəddə Avropa İttifaqı missiyasının yerləşdirilməsinin tərəfdarıdır. Görünən odur ki, danışıqların yekun mərhələsindən keçmək üçün tərəflər sırf ikitərəfli müzakirələri aktivləşdirməlidirlər. ANEWZ-dən bu qədər. Sizi məlumatlandıracağıq”.
XQ