Azərbaycançılıq – kamil milli ideologiya

post-img

Tarixi təcrübə göstərir ki, mahiyyəti dürüst və anlaşıqlı ifadə edən ideoloji struktur olmadıqda, dövlətin və ölkə ərazisində yaşayan əhalinin siyasi, iqtisadi və mənəvi inkişafının əsasını təşkil edən yaşarı və hamı tərəfindən rahatlıqla qəbul edilən canlı ideoloji prinsiplər olmadıqda hökmən cəmiyyətdə boşluq yaranır. Nəticədə müxtəlif və bəzən də bir-birinə zidd, ənənəvi sosial-mədəni normalara uyğun olmayan fikirlərin və ideyaların qarışığı baş verir ki, bu da dövlətçiliyin formalaşmasına mənfi təsir göstərmiş olur.

Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi ziyalıların təməlini qoyduğu maarifçilik hərəkatı, sonralar Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılarımız tərəfindən inkişaf etdirildi və azərbaycançılığın nəzəri əsasları yaradıldı. Milli ideologiya və azərbaycançılıq məfkurəsi M.Ə.Rəsulzadənin yaradıcılığında özünəməxsus yer tutur. O, “Azərbaycan Cümhuriyyəti” əsərində milli məfkurəmizin əsaslarını daha da inkişaf etdirərək göstərirdi ki, azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə İslam, mədəniyyət etibarilə şərqlidirlər.

Vahid ideologiya bir xalqın adət-ənənəsini, həyat tərzini, yaşam formasını və fəaliyyət istiqamətlərini özündə ehtiva edən baxışlar sistemidir. Bu məqamlar, bütövlükdə, xalqımızın tarixi mövcudluğu, elmi-mədəni ənənəsi və irsi ilə bağlıdır. Gizli deyil ki, müstəqillik dövrünə qədər başqalarından ümid gözləmiş, milli-ideoloji fikir ortaya qoymamış, kənar təsirlərə sadiqlik göstərmişik.

Nə üçün belə olmağımızın səbəblərini götür-qoy etdikdə çox şeyləri sadalamaq olar: uzunmüddətli asılılıq və suverenliyin təkrar-təkrar pozulması, totalitar ideologiyanın və kütlə psixologiyasının təsiri, xarici siyasi rejimlərin və güc mərkəzlərinin basqısı, millətləşmə və demokratikləşmə prosesinə yaradılan maneələr, birləşmə düsturunun, eyni zamanda, milli ideologiyanın aparıcı və başlıca prinsipi olan azərbaycançılığın kifayət qədər işlənməməsi, idarəçilikdə buraxılan ciddi səhvlər və s.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının elmi-nəzəri bazasının müasir dövrün tələbləri əsasında formalaşmasında mühüm rol oynadı. Ümummilli lider haqlı olaraq deyirdi: “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə uyğun olmalı, müxtəlif sosial təbəqələrin bir ideya ətrafında birləşməsinə yol açmalıdır”. Ulu öndər azərbaycançılığın və kamil milli ideologiyanın əsas prinsiplərinin dövlətçilik və milli vətənpərvərlikdən ibarət olduğunu dəfələrlə vurğulamışdır. Ümumiyyətlə, min illər boyu tarixi inkişaf prosesində, Azərbaycanın maddi və mənəvi dəyərlər sisteminin təməl dayağı olan azərbaycançılıq məfkurəsi istər dövlətçilik dəyərlərimizin, istərsə də sosial-mədəni həyatımızın bütövlüyünün qorunmasında müstəsna rola sahib olmuşdur.

Onu da vurğulamaq lazımdır ki, azərbaycançılıq ideologiyası təkcə milli-mənəvi dəyərləri qorumaq və yaşatmaq demək deyildir. Eyni zamanda, bu dəyərlərin tərkib hissəsi olan milli kimliyinlə, mənsub olduğun dövlətinlə fəxr etmək, qürur duymaqdır. Məhz Ümummilli liderin dediyi kimi, “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Ulu öndər öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, kamil milli ideologiyanın başlıca vəzifəsi insan, cəmiyyət və milli durumu mədəniyyət atributuna çevirməkdə yardımçı olmaqdır, birgəyaşayışın əxlaq qaydalarının zəruriliyini və mahiyyətini aşılamaqdır. Kamil milli ideologiya birləşdirici simvola çevrilməli, taleyüklü problemlərin həllində dövlətə və cəmiyyətə dayaq olmalıdır.

Beləliklə, cəmiyyətin iqtisadi, siyasi, sosial və mənəvi fəaliyyət sahələrində, həmçinin beynəlxalq aləmlə dövlətin münasibətlərində əsas kimi qəbul olunan və rəhbər tutulan ideya və prinsiplərin, müddəa və şərtlərin cəmini ifadə edən milli ideologiyanın mühüm təyinatı aşağıdakı müddəalardan ibarətdir:

– Cəmiyyətin müxtəlif həyat sahələrinin təşkili və idarə olunması;

– ölkənin bütün spesifik cəhətləri nəzərə alınmaqla fərdlər və qruplar arasında sosial tarazlıq, maraqların təmin edilməsi;

– vətəndaş–dövlət münasibətlərinin qanunla tənzimlənməsi və cəmiyyətdaxili normaların məqsəd kimi reallaşması.

Bütün bunlardan çıxış edərək, Azərbaycan cəmiyyətini mənən dirçəltməyə, yaradıcılıq potensialını gücləndirməyə, ictimai şüuru dövlət quruculuğunun başlıca amilinə çevirməyə qadir olan ideoloji struktur ‒ azərbaycançılıq ideologiyasını yaratmaq ideyası Heydər Əliyev siyasətinin əsas prinsipi kimi yaşayır və yaşayacaqdır.

Azərbaycançılıq ideologiyası ölkədə kimliyindən asılı olmayaraq, bütün fərqli etnikləri bir arada birləşdirir. Sağlam təməllərə söykənərək birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ehtiva edir. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Ona görə də azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu ideologiya siyasi və dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, güclü olmasına xidmət edir. Ona görə də azərbaycançılıq ideologiyasının ölkədə yaşayan hər bir vətəndaşa hakim olması üçün daha geniş tədbirlər həyata keçirilməlidir. Güclü maarifləndirmə işi aparılmalı, ideologiyanın təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması hamı üçün başlıca məqsəd olmalıdır. Çünki milli ideologiyasız heç bir millət inkişaf edə bilməz.

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının da vahid ideya ətrafında birləşməsini şərtləndirən, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır.

Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir. Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət maraqları ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür.

Dövlətçilik hislərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir.

Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycançılıq məfkurəsinin təkamül dövrü özünəməxsus dinamizm ilə seçilən bu ideologiyanı zənginləşdirir, milli-ictimai şüurun əsaslarını müəyyən edir. Dünya birliyində Azərbaycan xalqının mövqeyini yüksəldir. İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi səciyyələndirərək demişdir: “Əsrlər boyu biz millət, xalq olaraq öz dəyərlərimizi qoruyub saxlamışıq. Bu gün bu suala çox diqqət yetirilir. Bu gün çətinliklə üzləşən, qlobollaşan dünyada milli dəyərlərimiz dövlətçiliyin əsasını təşkil edir. Dövlətçiliyimiz güclü ideoloji əsaslara söykənir. Azərbaycançılıq ideyası bizim əsas ideoloji dayağımızdır”.

Nəticə olaraq demək lazımdır ki, ulu öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən kamil milli ideologiya ‒ azərbaycançılıq həmişəyaşar və əbədi mənəvi sərvətimizdir.

Ayıq SƏMƏDOV

Siyasət