Azərbaycanın mina problemi BMT-də müzakirə olunacaq

post-img

Oktyabrın 31-də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin Cenevrə ofisində “İnkişaf naminə minatəmizləmə” adlı yan tədbir keçirəcək. Tədbir BAMF-ın Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Minasız dünya təşəbbüsü – BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" layihəsi çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin (OHCHR) 2024-cü il sosial forumu daxilində keçiriləcək.

Bununla bağlı açıqlama verən BAMF prezidenti Umud Mirzəyev tədbirin təşkilatçıları və müzakirə olunacaq məsələlərdən danışıb:

“BAMF ilə yanaşı, “Sülhün kökləri” (Roots of Peace)” və Beynəlxalq Hüquq və İnkişaf İnstitutu (IRDG) təşkilatlarının evsahibliyi ilə baş tutacaq tədbirdə minaların və Müharibənin Partlamamış Qalıqlarının (MPQ) səbəb olduğu qlobal böhranın həlli üzrə məsələlər, mina probleminin 18-ci DİM kimi qəbul edilməsi təşəbbüsü və minaların insan hüquqlarına və insanların sosial-iqtisadi həyatına təsirindən danışılacaq.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsinin də iştirak edəcəyi müzakirələrdə BMT agentliklərinin, minaların, silahların, nüvə silahlarının qadağan olunması üzrə beynəlxalq kampaniyaların, mina aksiyası və insan hüquqlarının qorunması çərçivəsində çoxillik təcrübəyə malik dünyanın aparıcı təşkilatlarının nümayəndələri təmsil olunacaqlar.”

Qeyd edək ki, layihənin əsas məqsədi minaların insan sağlamlığına və təbiətə vurduğu ziyan, xüsusən qlobal sülh və inkişaf üçün yaratdığı maneələrə dair unikal çağırışlara və BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi mina probleminin müəyyən edilməsi təşəbbüsünə dəstək verməkdir.

XQ

Son xəbərlər