Vətən müharibəsinin xronikası: 30 oktyabr

post-img

Zəfər marafonun 34-cü günü

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

• Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

• Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə baxımından xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib. Cəbhənin müxtəlif istiqamətlərində işğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd Su-25 təyyarəsi, üç ədəd T-72 tankı, bir PDM, iki ədəd “Smerç” və bir ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, iki ədəd “Qvozdika” özüyeriyən haubitsası, bir ədəd “Osa” ZRK, bir ədəd P-18 radiolokasiya stansiyası, dörd ədəd avtomobil texnikası sıradan çıxarılıb.

• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən foto və videoreportaj yayıb.

• Bərdəni atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus bir “Smerç” yaylım atəşli reaktiv sistemi, Bərdə və Tərtər şəhərlərinə atəş açan düşmənin iki “Smerç” sistemi, bir ədəd “Osa” zenit-raket kompleksi bölmələrimiz tərəfindən məhv edilib.

• Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini, raket-artilleriya silahları anbarını dəqiq zərbələrlə məhv edib.

• Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanıb.

• İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki “Soltanlı”, “Xələfli”, “Xudafərin” və “Qumlaq” sərhəd zastavaları üzərində oktyabrın 30-da Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd zastavaları xidməti–döyüş fəaliyyətinə başlayıb.

Bu münasibətlə təşkil edilmiş tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında əzəli Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin qovulması üzrə uğurlu döyüş əməliyyatlarımızın Böyük Qələbə gününü anbaan yaxınlaşdırdığı vurğulanıb.

Azərbaycan–İran dövlət sərhədinin Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülməsinin böyük hərbi-siyasi və iqtisadi əhəmiyyət daşıması, İran İslam Respublikasının sərhəd mühafizə orqanları ilə faydalı əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etməsi, Azərbaycan və İran sərhədçilərinin bilavasitə dövlət sərhədində qarşılıqlı əlaqələrinin və birgə fəaliyyətlərinin sərhəd təhlükəsizliyinin təminatı üçün mühüm əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

Dövlət sərhədində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin hərbi-vətənpərvərlik ruhunun yüksək olması, Vətən sərhədlərinin keşiyində qürurla xidmət etmələri, işğaldan azad edilən sərhəd zastavalarında ən qısa müddətdə müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılacağı, hərbi qulluqçular və onların ailə üzvləri üçün zəruri xidmət və yaşayış şəraitinin yaradılacağı bildirilib.

Azərbaycan–İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam bərpası üçün son dərəcə önəmli hadisədir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oktyabrın 19-da Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini təbrik etməsi, oktyabrın 22-də isə Azərbaycan–İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətilə bütün Azərbaycan xalqını təbrik etməsi hər bir Azərbaycan sərhədçisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, bu ərazilərdə xidməti–döyüş fəaliyyətinin təşkil edilməsi, zəruri sərhəd mühafizəsi sisteminin bərpa edilməsi istiqamətində hazırda təxirəsalınmaz tədbirlər həyata keçirilir.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və 27 ildən sonra azad edilmiş bu ərazilərdə dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.

XQ





Siyasət