Bəlalı talelər

post-img

“Xoşbəxt şəkillər”in söylədikləri

Düz 50 il əvvəl – 1974-cü il oktyabrın 30-da ilk dəfə siyasi məhbuslar və repressiya qurbanlarının xatirəsi beynəlxalq gün kimi rəsmən qeyd olunub. Bu yadetmə keçmiş SSRİ-də məhkum olunmuş iki siyasi məhbusun həbsxanada sözügedən təşəbbüslə çıxış etməsindən başlayıb.

Bu yaxınlarda sosial şəbəkə seqmentində siyasi repressiya qurbanları Əhməd Cavadla Mikayıl Müşfiqin həmin cəza mexanizminə məruz qalmış xanımları - Şükriyyə Cavad (Bejanidze) və Dilbər Axundzadə ilə Xalq artisti Nəcibə Məlikovanın haçansa çəkilmiş birgə şəklini gördüm və fotonu kompüterimin “yaddaş”ına köçürdüm. Sonra xeyli maraqlansam da, həmin şəklin nə zaman və harada çəkildiyini dəqiq öyrənə bilmədim. Sadəcə, bir saytda yazılıb ki, şəkil 1978-ci ildə Göygöldə çəkilib. Hər bir halda, həzin duyğular yaradan fotonun özü adama çox şey söyləyir...

Deyilənlərə görə, Dilbərgil arabir Şükriyyə xanımgilə yığışar, xoş günlərinin xatirələrinə dalarmışlar. Bəlkə, o şəkil də həmin günlərin yadigarıdır.

Milli istiqlal şairi, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Dövlət Himnimizin mətninin müəllifi, “Türk Ocağı”nın təsisçisi Əhməd Cavadın ömür-gün dostu Şükriyyə ailəsinin, sevgisinin “cəza”sı boyuna ilk biçilənlərdən olub. Amma şərəflə yaşayıb, Əhməd Cavadı bilmərrə ayağa verməyib.

Əhməd Cavaddan sonra Şükriyyə balalarını saxlamaq üçün mağazada xadimə işləyib. Bir neçə ay keçib və o da həbs olunub. Şükriyyəyə təklif ediblər ki, Əhməd Cavaddan boşanaraq, qızlıq soyadına qayıtsın, bununla da canını qurtarsın. O isə təklifi qəti rədd edib və məhkum olmağı bundan üstün tutub. “Vətən Xaini Qadınlarının Akmola Düşərgəsi”ndə 8 il sürgün cəzası çəkib. Şükriyyə sonradan bəraət alsa da, xoşbəxt çağlarını geri ala bilməyib. Azadlığa çıxandan sonra da onun Bakıda qalmasına icazə verilməyib. Uşaq evlərinə səpələnmiş övladlarını taparaq, başına toplayıb və ömrünün sonuna – 1993-cü ilə qədər Əhməd Cavadın ata yurdu Şəmkirdə yaşayıb. Sevimli ərinin ölüm xəbərini isə bu itkidən 18 il sonra eşidib.

Şəkildə ortada əyləşmiş Şükriyyə xanım həmin an nələr düşünürmüş? Çox güman ki, Əhməd Cavadın “Şükriyyəm üçün” şeirinin misralarını xatırlayırmış:

Şükriyyə, taleyim, şükür xudaya!
Gördüyüm doğrumu, yoxsa pək röya?!
Dolub ürəyimə bu dadlı xülya,
Şirin günlərimi sürmərəm sənsiz!..

Bir də yada salırmış ki, 1917–18-ci illərdə Mir Cəfər Bağ ırovla Əhməd Cavad Qubada eyni məktəbdə mü əllimlik ediblər. Bəlkə, o zaman Mir Cəfərin “quyruğunu tapdalayıbmış ki, 20 il sonra cəzasını alıb...

XX əsr Azərbaycan ədəbiyyatının parlayan ulduzu, zəmanəsinin odlu nəğməkarı olan nakam şair Mikayıl Müşfiqin canından artıq sevdiyi sirdaşına, yarımçıq həyatının yoldaşına həsr etdiyi şeirlərdən boy göstərən məhəbbət dastanını, ülvi eşq əfsanəsini də hamı bilir. Müşfiqlə xoş güzəran yaşayıb nazlanan, əzizlənən sevgili Dilbər Axundzadə də ərinə görə siyasi repressiyaya uğrayanlardandır. Müşfiqlə 3 il nişanlı, cəmi 4 il də ailəli olub. Ömür-gün dostundan yarım il sonra Dilbəri də həbs ediblər. O da Şükriyyə kimi zindan zillətləri çəkib. Yaman gözəmi gəliblər, əcaba? Yox, rejimin caynağında haqsız yerə çığnanıb əziliblər.

Müşfiq Dilbərin həsrətinə bir gün belə dözməyib. Gözləri hey onu gəzib, eşq bağını xəzan vurduğunu anladıb:

Ayrılıq oduna könlüm dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neyçün oyanmaz,
Şirin röyasına qurban olduğum.

Beləcə, çoxunun həsəd apardığı bir eşqin iztirablı sonucu gəlib. Dərd içində qovrulan Dilbər sonralar qələmə sarılaraq belə misralar yazacaqdı:

Dilbərəm, ilk eşqim günəşdir sönməz,
Ömrümün baharı geriyə dönməz.
Min yol yalvarıram, şəklində dinməz,
Özünə, şəklinə qurban olduğum...

Bizcə, təqdim etdiyimiz şəkildəki Dilbərin pəjmürdə baxışlarından bunlar oxunur: “1937-ci il iyun ayının 4-də, gecə saat 3-də qapı döyüldü. Gözlənilməyən qonaqlardan biri cavan oğlan idi – Müşfiqin məktəb yoldaşı, azərbaycanlı. Digəri isə qaşqabaqlı yaşlı bir kişi. O oğlan Müşfiqə dedi ki, ay Müşfiq, səni aparmağa gəlmişik, vallah, özüm də həyəcan keçirirəm... Sonra evi axtardılar, Müşfiqin “Dilbərnamə”sini də götürdülər. Bu zaman Müşfiq dedi ki, ona dəyməyin, o Dilbərə aiddir, verin ona... Lakin sonradan “Dilbərnamə”ni bir daha görə bilmədik”.

Mikayıl Müşfiq özü isə xüsusi xidmət orqanları tərəfindən “əksinqilabi-millətçi” fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edildi. Dilbər xanım da bir neçə ay sonra həbs edilib, təxminən, ilyarım dustaq olub. 1939-cu ilin yazında xəstəliyinə görə azad edilsə də, bir də onun ömrünə yaz gəlməyib.

Əli NƏCƏFXANLI
XQ





Mədəniyyət