Məhkəmə arxeologiyası və antropoloji araşdırma

post-img

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Beynəlxalq Qırmızı Xaç Komitəsi mütəxəssislərinin iştirakı ilə “Məhkəmə Arxeologiyası” mövzusunda elmi seminar keçirilib.

İnstitutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində itkin düşmüş insanların axtarışı, tapılmış insan qalıqlarının identifikasiyası sahəsində birgə çalışan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və BQXK-nın son 2 ildəki fəaliyyətinin yüksək nəticələrindən danışıb. O, BQXK xətti ilə çalışan Ankara Universitetinin antropoloqları ilə əməkdaşlıq sayəsində institutun nəzdində Məhkəmə arxeologiyası üzrə milli mütəxəssislərin yetişdirilməsi və müvafiq elmi-tədqiqat strukturlarının formalaşdırılması kimi ilklərə imza atıldığını vurğulayıb.

Seminarda Ankara Universitetinin professoru, doktor Timur Gültəkinin “Təbii fəlakətlər və insan”, Ayla Sevim Erolun “İnsan qalıqları əsasında itkin düşmüş şəxslərin müəyyən edilməsi” mövzusunda məruzələr ediblər. BQXK-nın məhkəmə ekspertizası üzrə mütəxəssisləri Uyum Vehit və Natnipoon Rattanarungruang “BQXK-nın Humanitar məhkəmə ekspertizasının fəaliyyəti” haqqında təqdimat ediblər. Geoloq, təbii fəlakətlər üzrə ekspert, doktor Nehir Varol “Məhkəmə ekspertizasında hadisə yerinin idarə edilməsi” haqqında danışıb. Mütəxəssislər təbii və antropogen fəlakət ərazilərində itkin düşmüş insanların axtarışı, insan qalıqlarının identifikasiyası üzrə istifadə edilən üsul və texnoloji yeniliklər barədə məlumat veriblər. Edilli, Sırxavənd və vaxtilə işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının müxtəlif məntəqələrində AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları ilə birgə aparılmış təhqiqat işləri barədə məlumatlar seminar iştirakçılarının xüsusi marağına səbəb olub.

Sonra BQXK-nın ekspertləri sualları cavablandırıblar. Aparılmış fikir mübadiləsi zamanı Arxeologiya və Antropologiya İnstitutunun Ankara Universiteti ilə elmi əməkdaşlıq üzrə memorandum layihəsinin hazırlanması təklif olunub.

XQ

Mədəniyyət