Revan.şistlər xislətlərinə sadiqdirlər

post-img

Ermənistanda Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəməyən, yeni müharibə, revanş xəyalı ilə yaşayan siyasi zümrə yenidən fəallaşıb. Bu da gözlənilən idi. Ötən illərin təcrübəsi sübut edir ki, onlar Azərbaycanla münasibətlərin yaxşılaşmasına, sülhə, etimad yaradılmasına doğru addım atılarkən dərhal hərəkətə keçərək bu prosesi pozmağa çalışırlar.

Ölkəni uzun illər idarə etmiş, onun təbii sərvətlərini çapıb-talamış, Azərbaycanla sülh danışıqlarını hər dəfə pozmuş Qarabağ klanının bu gün parlamentdə “Hayastan” adı altında zühur etmiş tərəfdarları, əsasən Paşinyanın işdən çıxardığı məmurların cəmləşdiyi “Şərəfim var” fraksiyası ilə birgə xislətinə sadiqlik nümayiş etdirir. Həmçinin, müxtəlif partiyaları təmsil edən və müstəqil siyasətçi olduğunu bəyan edən şəxslər, politoloq və ekspertlər də revanşist iddialar səsləndirirlər. Onların yuxusuna haram qatan əsas məsələ Ermənistan parlamentinin oktyabrın 23-də “Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə”ni təsdiq etməsi olub. Məlum olduğu kimi, həm “Hayastan”, həm də “Şərəfim var” fraksiyası məsuliyyəti bölüşmək istəməyərək səsverməni boykot ediblər.

Bundan bir gün sonra – oktyabrın 24-də Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüş olub. Görüşdən bir gün sonra isə hər iki ölkədə adı çəkilən əsasnamələr ən yüksək səviyyədə təsdiqlənib. Bundan əlavə, oktyabrın 25-də Ermənistan tərəfi noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün xarici işlər naziri Ararat Mirzoyanın adına dəvət aldığını açıqlayıb. Məlumatı Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan açıqlayıb. O, əlavə edib ki, hazırda bu məsələ hökumətdə müzakirə olunur. Elə həmin gün Ermənistan teleqram kanalları rəsmi İrəvanı yüksək səviyyəli tədbirdə xarici işlər naziri Ararat Mirzoyanın təmsil edəcəyi barədə xəbərlər yayıblar. Bütün bunlar Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması üçün müsbət jestlər kimi qiymətləndirilə bilər. Odur ki, radikallar və revanşistlər hərəkətə keçərək prosesi pozmağa çalışırlar.

Politoloq Suren Surenyants “Sputnik Ermənistan”a müsahibəsində bildirib ki, Nikol Paşinyanın BRICS Sammitində iştirakı ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevlə ünsiyyət üçün lazım idi. Onun sözlərinə görə, həm Paşinyanın plenar iclasdakı çıxışı, həm də kənarda baş verənlər göstərdi ki, “Outreach”/“BRICS+” formatı Ermənistan baş naziri üçün müstəsna olaraq Bakı–İrəvan münasibətləri kontekstində maraqlıdır: “İstisna etmirəm ki, Nikol Paşinyanla İlham Əliyevin görüşü barədə razılıq MDB dövlət başçılarının oktyabrın 8-də Moskvada keçirilən sammitində əldə olunub”.

Onun fikrincə, tərəflər sülh prosesinin bütün məqamlarını, delimitasiya-demarkasiya prosesini, o cümlədən danışıqların növbəti mərhələsinə start verəcək Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təşkili ilə bağlı texniki xarakterli məsələləri müzakirə ediblər. Bununla belə, politoloq hesab edir ki, hər iki tərəf institusional sülhün bərqərar olması perspektivindən uzaqdır və danışıqların başa çatma vaxtı barədə danışmaq hələ tezdir. Hər halda Surenyants əmindir ki, noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyasına qədər sülh müqaviləsi imzalanmayacaq: “Paşinyan Ermənistan–Azərbaycan danışıqlarının dinamikasını nə qədər “çəhrayı rəngdə” təqdim etsə də, 80–90 faizlik razılaşmadan nə qədər danışsa da, buna baxmayaraq, ziddiyyətlər hələ də çox dərindir. Xüsusilə, bunlar kommunikasiyaların açılması, anklavlar, delimitasiya və demarkasiya ilə bağlı məsələlərdir”.

Surenyantsın müşahidələrinə görə, danışıqlarda qeyri-müəyyənlik qalmaqdadır: “Ermənistan razılaşdırılmış 13 bəndi imzalamaq təklifindən geri çəkilir, yoxsa Azərbaycan mövqeyini yumşaldır? Mən Azərbaycanın mövqeyini yumşaltması üçün heç bir səbəb görmürəm. Azərbaycan güclü tərəfdir”.

“Joxovurd” qəzeti isə dünənki sayında yazır ki, N.Paşinyan Kazandan qayıtdıqdan sonra “Mülki müqavilə” fraksiyasının deputatları ilə görüş keçirib. O, BRICS Sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə apardığı danışıqların nəticələrini təqdim edib. Nəşrin qeyd etdiyi kimi, iclas deputatların təşəbbüsü ilə keçirilib və onun işində nazirlər kabinetinin üzvləri də iştirak ediblər. Əvvəlcə Paşinyan çıxış edib, daha sonra parlamentarilər ona sərhədlərin delimitasiyası prosesi və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi ilə bağlı suallar veriblər. Görüş axşam saatlarına qədər davam edib. “Deputatların sözlərinə görə, Paşinyan onlara yeni heç nə deməyib. O, görüş iştirakçılarının hamısının bildikləri məsələlərdən danışıb” – deyə “Joxovurd” yazır.

Ümumiyyətlə, oktyabrın 25-də hər iki ölkənin əsasnaməni təsdiqləməsi xaotik şəkildə aktiv fəaliyyəti imitasiya etməyə başlayan Ermənistan müxalifəti üçün əsl şok olub. “Müqəddəs mübarizə” adlanan qondarma hərəkat “hər şey əldən gedir” şüarı ilə insanları küçələrə çıxarmağa çalışdı. Amma gözlənildiyi kimi, bu hərəkata qoşulanların sayı çox az oldu. Əhalinin dəstəyinin olmamasına baxmayaraq, revanşistlər yenə də iddia edirlər ki, hər şey əvvəldən belə planlaşdırılıb. Arxiyepiskop Baqrat Qalstanyan Ermənistan prezidentinin parlamentin təsdiq etdiyi reqlamenti artıq imzaladığı üçün bu hərəkətin gec olub-olmaması sualına cavab verərək deyib ki, onların hərəkətləri gecikməyib, vaxtında olub. Lakin onların hərəkətlərinin “vaxtında olması” Ermənistan cəmiyyətində müxalifətin populyarlıq dərəcəsinə adekvatdır. “Qarabağ klanının xaç atası” Robert Koçaryanın reytinqi 2 faiz həddindədir. Onun digər ortaqlarının reytinqi isə daha aşağıdır.

Politoloq Stepan Danielyan isə qeyd edib ki, İrəvan üçün geosiyasi “ağırçəkili” ölkələr arasından vasitəçilərin cəlb edilməsi faydalı olardı. Bu da təhlükəsizlik zəmanətlərinin alınmasına və Bakının təzyiqindən yayınmağa (?) kömək edərdi. Bu baxımdan o, regional “3+3” formatını Bakı ilə danışıqlar platforması kimi nəzərdən keçirməkdən imtina edən xarici işlər naziri Ararat Mirzoyanın mövqeyindən çaşdığını vurğulayıb: “Mən Ararat Mirzoyanın mövqeyini başa düşə bilmirəm, çünki ikitərəfli format, bu halda, yalnız Azərbaycana sərf edir. Yəni, uduzan tərəf həmişə danışıqlarda vasitəçilərin iştirakına can atır. Vasitəçilər və onların təminatları güc balansının pozulması şəraitində çəkindiricidir. Bu cür danışıqların nəticəsi əvvəlcədən müəyyən edilir. Güclülər hər zaman şərtləri diktə edəcək, zəif tərəf isə əsassız güzəştlərə gedəcək. Biz bunu Ermənistan–Azərbaycan danışıqlarında görürük”.

Politoloq digər məsələlərlə yanaşı, baş nazir Paşinyanın sammitdə iştirakını əvvəlcədən müəyyən edən başqa bir amili də qeyd edib. Onun fikrincə, Paşinyan Kazana dəvətdən imtina edə bilməyib: “Dəvət birbaşa Rusiya Prezidenti Vladimir Putindən gəlib və biz görürük ki, Ermənistan hökumətinin başçısı Rusiya ilə münasibətləri daha da gərginləşdirməməyə çalışır. Bunun bir çox səbəbi var, amma əsas odur ki, biz Qərbdən heç vaxt alternativ təkliflər almamışıq”.

Mövzu üzrə fikirlərini öyrəndiymiz Qərbi Kaspi Universitetinin professoru, politoloq–diplomat Fikrət Sadıxov bildirdi ki, iki dövlət arasında delimitasiya məsələsi öz həllini tapmaq üzrədir. Onun sözlərinə görə, oktyabrın 25-də hər iki ölkənin liderləri Dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında əsasnaməni təsdiqləyiblər. Bu isə o deməkdir ki, bu məsələdə müəyyən mənada qarşılıqlı güzəştlər var: “Bu, müsbət bir addım, müsbət haldır. Bundan sonrakı vəziyyət bizim irəliləyiş əldə etməli olduğumuzu göstərir. Digər məsələləri də bu şəkildə həll etməliyik. Amma görünən odur ki, Ermənistanda Nikol Paşinyana, onun hökumətinə qarşı çıxışlar var. Revanşistlər, radikallar, eyni zamanda, parlamentdəki müxalifət qüvvələri, təbii ki, bunu qəbul etmək istəmirlər. Aydın məsələdir ki, bu, onların konkret mövqeyidir. Paşinyanın siyasətindən narazılıq var, onlar bunu açıq şəkildə bildirirlər. Amma onlar başa düşməlidirlər ki, burada digər çıxış yolu yoxdur. Yəni, onlar Azərbaycanla müzakirə aparmasalar, müəyyən razılaşma olmasa, deməli, prosesdə tərəqqi də ola bilməz. Ona görə də zənnimcə, müəyyən qüvvələr bunu qəsdən edirlər ki, ikitərəfli münasibətlərimiz elə pis olaraq da qalsın. Onlar başa düşürlər ki, əks-təqdirdə Paşinyanın rəhbərliyi altında atılan addımlar Azərbaycanla müəyyən sülhə gətirə bilər. Bu isə onları qane etmir. Onlar əllərindən gələni edirlər ki, buna qarşı çıxa bilsinlər”.

F.Sadıxovun sözlərinə görə, digər reallıq bundan ibarətdir ki, Ermənistan əhalisinin əksəriyyəti hər halda Paşinyanın partiyasını dəstəkləyir: “Bu da onun üstünlüyüdür. Düşünürəm ki, Paşinyan daha iradəli olmalıdır. O, bundan istifadə edərək bu və digər məsələlərlə bağlı öz addımlarını cəsarətlə atmalıdır”.

Səxavət HƏMİD
XQ



Siyasət