Rusdilli elektron media vasitələrini nəzərdən keçirərkən Parisin etirazlardan qurtula bilməyən küçələri, Emmanuel Makronun yarıtmaz siyasəti, “sarı jiletlilər”in bitməyən etirazları, Yelisey sarayının onlara düşmən kəsilməsi, dünyanın ən güclü dövlətlərindən birinin iqtisadiyyatının çökmək üzrə olması, beynəlxalq aləmin Fransa siyasətinə münasibətinə dair yeni məlumatlara rast gəldim.
Diqqətimi cəlb edən ilk məlumat Fransa diplomatiyasına rəhbərlik edənlərdən birinin son günlərin ictimai-siyasi proseslərindən sonra dilə gətirdiyi acı etiraf oldu. Belə ki, “Regnum.ru” saytının oktyabrın 24-də yaydığı xəbərdə deyilir: “Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir – nümayəndəsi (ministr-deleqat) Benjamen Xaddad LCI telekanalına verdiyi müsahibədə deyib: “BRICS-in Kazan Sammiti və ABŞ-dəki prezident seçkiləri sübut edir ki, Qərb Avropa da daxil olmaqla dünyaya nəzarət etmək imkanını itirib”. Xatırladaq ki, fransız diplomat “itirir” yox, məhz “itirib” deyir.
O ki qaldı, “sarı jiletlilər” məsələsinə, deməliyik ki, 2020-ci ildə dünyanı COVID-19 pandemiyası bürüyəndə Fransanı həm də “sarı jiletlilər” hərəkatı başına götürmüşdü. Bu isə ölkənin yeni prezidenti Emmanuel Makronun həm 2017-ci ildə (seçkidən əvvəl) verdiyi vədlərin heç birini yerinə yetirməməsi, həm də xalqın rifahına zidd olan addımlar atmasına etiraz idi.
Rusiyalı həmkarlarımızın hazırladığı “Beynəlxalq həyat” jurnalı Fransadakı “sarı jiletlilər” hərəkatı barədə çoxsaylı materiallar vermişdir. Həmin materialların birində oxuyuruq ki, Makron iqtidarının öz vətəndaşlarına qarşı amansız münasibətini ən yüksək səviyyədə qınayan ölkə Birləşmiş Krallıq olmuşdur. “International Affairs” jurnalının siyasi şərhçisi Sergey Filatovun “Fransada “sarı jiletlilər”in şok statistikası” adlı məqaləsində (xatırladım ki, bu material yeni olmadığına görə, bəzi rəqəmlər dəqiq olmaya bilər) yazılır ki, fransızlar haqqında belə şeyləri ancaq ingilislər yaza bilərdi. Onlar “Sarı jiletlilər” hərəkatının az bilinən təfərrüatlarını açıqlayırlar: “Şok statistika Makron xaosunun dərinliyini ortaya qoyur – küçələrdə 50 min etirazçı var, 11 nəfər “sarı jiletli” ölüb”.
Rus həmkarımız yazır ki, Britaniyanın “Express” nəşri fransız mətbuatının əhəmiyyət vermədiyi çox şeyi ictimaiyyətə açıqlayır: “Əbəs yerə deyil ki, bu yaxınlarda fransızlar “LJ Hərəkatı” (“sarı jiletlilər” – İ.M.) haqqında ən çox məlumatı... fransız dilində fəaliyyət göstərən Rusiyanın RT telekanalından alırlar”. Yaxud, başqa bir məlumat: “Fransa daxili işlər naziri Kristof Kastaner “sarı jiletlilər” böhranı zamanı 11 nəfərin öldüyünü bildirib. Hərəkat iştirakçılarından 2500 nəfər, o cümlədən 76 nəfər ağır yaralanıb. Həmçinin 1800-ə yaxın təhlükəsizlik qüvvəsi yaralanıb”.
“Live Journal” isə yazır ki hərəkatın başlanmasından sonra Fransanın bütün şəhər və rayonlarında 50 min etiraz aksiyası keçirilib. Etiraz aksiyaları fransız sürücülərin avtomobillərində saxlamaları tələb olunan sarı qoruyucu gödəkçələrin adını daşıyır. Əslində, hərəkat ölkədə yanacağın qiymətlərinin artması səbəbindən başlamışdı. Lakin hökumətin və prezident Emmanuel Makronun iqtisadi siyasəti insanları daha çox narazı saldığına görə etirazların miqyası gündən-günə böyümüşdür.
İngilis ekspertin fikrincə, “Sosial böhran Makron iqtidarını təhdid etdi və onu yoxsul işçilərin, eləcə də, pensiyaçıların gəlirlərinin artırılmasına yönəlmiş 10 milyard avro (8,9 milyard funt sterlinq) dəyərində güzəştlər paketi təklif etməyə məcbur etdi. Lakin hərəkata dəstəyin azaldığını görən Makron ölkə həyatının iki mürəkkəb sisteminin – pensiya təminatı və işsizliyə görə müavinət sisteminin köklü şəkildə yenidən qurulmasını əhatə edən islahat proqramı haqqında göstəriş verdi və bu xalqın qəzəbini alovlandıra biləcək “partlayıcı məsələlərdir”.
Yelisey sarayı etirazçıların tələblərini yerinə yetirmək əvəzinə, onları düşməncəsinə cəzalandırdığına görə hələ 1933, 1954, 1968-ci illərdən təməli qoyulan (yanacağın qiymətinin və vergilərin artması səbəbindən) iqtisadi məzmunlu etirazlar indi artıq siyasi məzmun da kəsb edir. “Sarı jiletlilər” in tələbləri arasında, həmçinin Fransanın Avropa İttifaqından, eləcə də NATO-dan çıxması ilə bağlı referendumun keçirilməsi də yer alır. Üstəlik, onlar Ukrayna və Yaxın Şərqdə münaqişəyə son qoyulmasını tələb edir, Ukraynaya hərbi qüvvələrin göndərilməsinə qarşı olduqlarını bildirirlər.
Bundan başqa, Fransada, az qala, hər həftə bir afrikalı, asiyalı və ya hansısa insan qətlə yetirilir. Biz orada müqəddəs dinimizin və Məhəmməd peyğəmbərin (s.ə.s) təhqir edilməsindən narahat olduğumuz günlərdə Parisdən xəbər gəlmişdi ki, bir rahib, kilsə xadimi qətlə yetirilib. Yəni bu ölkə belə idarə olunur. Necə deyərlər, “Ağası gülüm olanın başına külüm olsun”. Ona görə də xəbər agentlikləri yazırlar ki, Fransada xalqın etirazları da bitib-tükənmir, hakimiyyətin etirazçılara yönəlmiş cəzaları da.
Yeri gəlmişkən, hamıdan danışdıqsa, Fransadakı bədbəxt həmkarlarımızın taleyini də yada salaq. Çünki Emmanuel Makronun rəhbərliyi dövründə bu ölkədə 200-ə qədər jurnalistə qarşı müxtəlif ayrı-seçkilik halları, həmçinin fiziki zorakılıq tətbiq olunub. Həmin jurnalistlər arasında nəinki Asiya və Afrikanın, hətta Avropanın da bir çox ölkələrinin mətbuat təmsilçiləri var. Bu isə o deməkdir ki, Makron iqtidarı azad medianın fəaliyyətini məhdudlaşdırmaqla Fransanın qeyri-demokratik ölkə olduğunu gizlətmir.
Nəticədə Emmanuel Makronun reytinqi getdikcə azalır. O isə reytinqinin qayğısına qalmaq əvəzinə, Ermənistanı silahlandırmaqla, Cənubi Qafqaza burnunu soxmaqla məşğuldur. Özü bilər. Biz ona yol göstərmək fikrində deyilik. Onsuz da, burnu sınanda dayanacaq.
İttifaq MİRZƏBƏYLİ