Fransa Yeni Kaledoniyanın azadlıq istəyini qan içində boğur

post-img

Fransa XXI əsrdə neokolonializm siyasətini bütün qəddarlığı ilə davam etdirən Avropa dövlətidir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransanın bu amansız siyasəti, təəssüf ki, nə dünyaya “insan haqları”, “demokratiya” dərsi vermək iddiasında olan Avropa İttifaqı, nə də digər dünya gücləri tərəfindən pislənilir. Bu isə rəsmi Parisə azsaylı xalqlara, ada dövlətlərinə qarşı amansız “parçala və hökm sür!” siyasətini davam etdirməyə imkan verir.

Bu gün Fransanın müstəmləkəsi altında olan Yeni Kaledoniya, Mayot adaları, Fransız Qvianası və s. dövlətlər həmin siyasətin ağrı və əzablarına dözmək məcburiyyətindədirlər. Bu ərazilər Fransa sərhədlərindən minlərlə kilometr uzaqda olsa da, Paris XXI əsrdə belə onların müstəqilliyini tanımaq niyyətində deyil.

Elə son vaxtlar ərzində bu ərazilərdə genişlənməkdə olan milli azadlıq hərəkatları, müstəqillik çağırışları fransız əsgərlərinin çəkmələri altında qan içində boğulur. Bu müstəmləkələrdəki yerli əhali ən adi hüquqlardan məhrumdur. Təsəvvür edin ki, Mayot adaları əhalisinin, demək olar, yarısının doğum haqqında şəhadətnaməsi yoxdur. Fransız ordusunun Yeni Kaledoniyada törətdikləri isə yumşaq desək, Avropa “demokratiyası” adına açıq-aşkar ləkədir. Həmin bölgədə Parisin neokolonializm siyasətinə qarşı kütləvi etiraz aksiyasında yüzlərlə insan, o cümlədən 11 nəfər hərəkat fəalı siyasi mülahizələrinə görə həbs edilib. Etiraz aksiyasının yatırılması zamanı ölənlər də olub.

Xatırlatmaq yerinə düşərdi ki, Sakit okeanının cənubunda, Avstraliya və Fici adaları arasında yerləşən Yeni Kaledoniyada cəmi-cümlətanı 300 minə yaxın əhali yaşayır. Onların yalnız 40 faizi və ya 112 mini yerli kanaklardır. Bu adalar qrupu XIX əsrdən Fransanın nəzarətindədir. Son vaxtlar bu ərazidə baş qaldıran etirazlar keçən əsrin 80-ci illərindən bəri “ən pis iğtişaşlar” adlandırılır. 1998-ci il Numea sazişinə əsasən, Fransa əraziyə daha çox siyasi muxtariyyət verməyə razılaşıb. Əyalət və məclis seçkilərində də yalnız orada yaşayan yerli sakinlərin iştirakı barədə razılaşma olub. Lakin həmin vaxtdan bəri əraziyə 40 mindən çox Fransa vətəndaşı köçürülüb. Sazişə əsasən, bölgənin gələcəyi ilə bağlı üç referendumun keçirilməsi nəzərdə nəzərdə tutulsa da, Parisin saxtalaşdırmaları üzündən səsvermələr Fransanın tərkibində qalmaqla nəticələnib. 2021-ci ildə keçirilmiş sonuncu referendumun nəticələri isə bölgənin müstəqilliyi uğrunda mübarizə aparan ictimai-siyasi qüvvələr tərəfindən indiyədək tanınmır.

Son illərdə Fransa qanunvericiliyində Yeni Kaledoniyaya sonradan köçənlərə əyalət seçkilərində səsvermə hüququnun verilməsi ərazidə narazılıqları daha da artırıb. Hesab edilir ki, yeni dəyişiklik parlamentdə yerli kanakların səslərinin azalmasına gətirib çıxarır. Bu isə adalarda etirazları qızışdırır. Aksiyalar da, təbii ki, hər dəfə yerli əhali arasında ölüm və yaralanma, onlarca, bəzən yüzlərlə insanın həbsi ilə nəticələnir. Son belə aksiyalardan birində 200 nəfərə yaxın insan saxlanılıb.

Eyni zamanda, hər aksiyadan sonra Yeni Kaledoniyanın hava limanı bağlanır, məktəblərdə dərslər dayandırılır. Paytaxt Numeada fövqəladə vəziyyət və komendant saatı elan edilir. Parisdən adalar qrupuna polis qüvvələri yeridilib, əhaliyə qarşı zorakılıq və qəddarlıq halları baş verib. Ticarət mərkəzləri, avtomobillər yandırılıb. Rəsmi Paris “iğtişaşçılara ən sərt cəzalar” veriləcəyini bəyan edib.

2024-cü ilin may ayında Yeni Kaledoniyada Fransadan müstəqillik tələb edənlərin etirazları başlanıb. Mayın 13-dən 27-dək davam edən etiraz aksiyaları zamanı polisin müdaxiləsi 10 nəfərin ölümünə səbəb olub. Bununla bağlı yayılmış məlumatlarda qeyd olunub ki, iyulun 10-da Yeni Kaledoniyanın cənubunda hüquq-mühafizə orqanlarının əməkdaşları 1 nəfəri öldürüblər. Bununla da, təxminən iki ay əvvəl arxipelaqda başlanan etirazlar zamanı ölənlərin sayı 10-a çatıb.

Etiraz aksiyası zamanı həbs edilmiş 11 fəal hazırda Fransada istintaq altındadır. Onlardan biri də Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının lideri Kristian Tendir. Numea şəhərində saxlanılaraq dindirilən digər 10 nəfər də Fransa təcridxanalarına aparılıb. Onlara qarşı cinayətkar birlik yaratma, quldurluq və vəzifəli şəxsləri öldürməyə cəhd maddələri ilə ittiham irəli sürülüb və istintaq aparılır.

Müstəqillik tərəfdarları əsasən Muluzdakı təcridxanaya yerləşdiriliblər. Yeni Kaledoniya Konqresi katibliyinin direktoru xanım Frederik Muliava isə Klermon-Ferrandakı həbsxanada saxlanılır.

Yeni Kaledoniyada həbs olunanlar arasında hərəkatın lideri Kristian Tenlə yanaşı, Brenda Vanabo, Frederique Muliava, Guillaume Vama, Joël Tjibaou, Yeva Vaetheane, Stev Une, Dimitri Tein Qenegei, Gilles Joredie var. Öldürülən şəxslər isə Rok Viktorin Vamytan və Nasaie Daoukadır.

Təəssüflər olsun ki, bütün bunlar barədə heç bir Qərb dövləti, beynəlxalq təşkilat danışmaq istəmir. Üzdəniraq Avropa Parlamentinin ermənipərəst deputatları Yanis Matiyatis, Şerban Sturza, Cordan Bardela, Mixael Blossom, Mari Tussan, eləcə də qurumun sosial hüquqlar üzrə komissarı Nikolas Şmit bir dəfə də səsini qaldırmayıb.

Yeni Kaledoniya və digər müstəmləkə bölgələrində yaşananlara münasibət bildirməyə ehtiyac görməyənlər bunun əvəzinə müstəqil xarici siyasət yürüdən ölkələri hədəfə alırlar. Hələ Avropa Parlamentində bir dəfə də olsun Fransa hökumətinin dənizaşırı ərazilərdə yürütdüyü repressiv siyasət müzakirəyə çıxarılmayıb. Avropa İttifaqının digər qurumları da analoji mövqe nümayiş etdirirlər. Ümumiyyətlə, bütün Aİ ölkələri insan haqları sahəsində kök salmış problemlərə, artan islamofobiya və ikrah doğuran neokolonial siyasətə, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçəlilər” kimi aksiyalarda həyatlarını itirməsinə göz yumurlar. Eləcə də, Yeni Kaledoniya və digər ərazilərdə aksiyaların qanla boğulması kimi hallara tam etinasızlığı və biganəlik hökm sürür.

Bunun əvəzində öz gözündə tiri görməyib başqasında çöp axtaran rəsmi Paris baş verənlərdə Azərbaycanı günahlandırmağa çalışır. Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyadakı etirazları “görünməmiş üsyan” adlandıraraq, bunların “xarici təsirin nəticəsi” olduğunu bildirib.

Fransanın xarici işlər naziri Cerald Darmanen isə Fransa-2 telekanalına müsahibəsində qeyd edib: “Bu, fantaziya deyil... Təəssüf edirəm ki, bəzi müstəqillik tərəfdarı olan liderlər Azərbaycanla anlaşma ediblər”.

Fransanın Avropa İttifaqı Parlament Assambleyasındakı deputatı François-Xavier Bellamy isə Azərbaycanı “Fransanı parçalamaqda” ittiham edib. O, özünün “X” hesabında yazıb: “Azərbaycan Yeni Kaledoniyaya “müdaxilədən sonra bu gün “dekolonizasiya” və “Fransa əsarətindən qurtuluş” üçün hazırlıqlar çərçivəsində Polineziyadan seçilmiş məmurları qəbul edir”.

Hazırda Fransa hökuməti, prezident Makronun özü elə hesab edir ki, zorakılıq, qəddarlıq, həbslər və s. metodlarla, eləcə də şirnikləndirici vədlərlə yerli xalqları əsarət altında saxlamaqda davam edə biləcəklər. Amma yox, ox artıq yaydan çıxıb. Parisin sadiq müstəmləkə hesab etdiyi ərazilər daha əvvəlki qaydada yaşamaq istəmirlər. Ona görə Fransanın başı hələ çox ağrıyacaq.

Paşa ƏMİRCANOV
XQ



Siyasət