BRICS ilə əməkdaşlıq ölkəmizin çoxyönlü xarici siyasətinə əsaslanır
Azərbaycan ötən illər ərzində beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Eyni zamanda, həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, respublikamızın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayıb. Əldə edilən uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirib.
Bu gün əminliklə qeyd edə bilərik ki, ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın qazandığı uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər respublikamızı regionda güc mərkəzlərindən birinə çevirir, bütün beynəlxalq təşkilatlar, çox sayda nüfuzlu dövlət ölkəmizə ciddi maraq göstərir, yaxın olmaq, tərəfdaşlıq etmək istəyir.
Həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq təşkilatlarda da uğurla təmsil olunur. BMT, NATO, İƏT kimi dünya siyasətində söz sahibi olan təşkilatlarda respublikamızla əməkdaşlıq strateji prioritet kimi müəyyənləşdirilir. Azərbaycanın BRICS təşkilatına qoşulmaq istəyi də yüksək dəyərləndirilir.
Yeri gəlmişkən, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4,5-ci bəndində Azərbaycanın BRICS-lə əməkdaşlığında iştirakı alqışlanıb.
Qeyd edək ki, 2006-cı ildə yaradılan BRICS (BRICS) Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. BRICS-in əsas məqsədi üzv dövlətlər arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Xatırladaq ki, əvvəlcə investisiya imkanlarını müəyyənləşdirən qruplaşma hökumətləri 2009-cu ildən indiyədək hər il rəsmi sammitlərdə toplaşaraq çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
BRICS-yə üzv dövlətlərin liderlərinin bu il oktyabrın 22–24-də Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən sammitində Prezident İlham Əliyevin iştirakı da mühüm tarixi hadisə kimi diqqət çəkib. Bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov redaksiyamıza təqdim etdiyi şərhdə deyib:
– Azərbaycanın BRICS-də iştirakı strateji uğurlar və iqtisadi əməkdaşlıq perspektivləri vəd edir. Prezident İlham Əliyevin Rusiyaya səfəri və Kazan şəhərində XVI BRICS Sammitində iştirakı bunu təsdiqləyir. BRICS 2009-cu ildə ticarət, investisiya və maliyyə əməkdaşlığını artırmaq, elm, texnologiya və innovasiyalar sahəsində birgə əməkdaşlığı inkişaf etdirmək, eləcə də mədəni, sosial və humanitar mübadiləni genişləndirmək məqsədilə yaradılıb. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası ilə yaradılan BRICS-yə üzv ölkələrin sıraları sonradan daha da genişləndirilib. Dünya əhalisinin 45 faizini, qlobal iqtisadiyyatın 37 faizdən çox hissəsini əhatə edən BRICS artıq yeni gücə və yeni iqtisadi tərəfdaşlıq platformasına çevrilməkdədir. Bu isə, təbii ki, təşkilat üzvləri üçün çoxşaxəli və yeni inkişaf imkanları yaradır. Mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər BRICS-ə daxil olan üzv ölkələrin ümumi iqtisadiyyatı dünyanın ən zəngin ölkələrinin cəmi iqtisadiyyatlarını geridə qoyacaq.
Azərbaycanın BRICS-nin əksər üzvləri ilə bu və ya digər dərəcədə iqtisadi əlaqələri formalaşıb və inkişaf etməkdədir. 2023-cü ilin rəqəmləri Azərbaycanın xarici ticarət dövriyyəsində BRICS ölkələrinin payının, təqribən, 18 faiz təşkil etdiyini göstərir ki, bu da 2022-ci illə müqayisədə 13,5 faiz artım deməkdir. Ümumilikdə isə, 2021–2023-cü illərdə idxal, ixrac, ümumi ticarət dövriyyəsində BRICS üzvlərinin payı aşağıdakı diaqramlarda əks olunur:
Göründüyü kimi, idxalda Rusiya və Çin, orta hesabla, 18 faiz və 15,7 faizlə üstünlük təşkil edir. İxracda isə Rusiya və Hindistan daha çox xüsusi çəkiyə malikdir. Belə ki, ölkəmizin ümumi ixracının, orta hesabla, 3,2 faizi Rusiyanın, 3,4 faizi isə Hindistanın payına düşür. Ümumilikdə, BRİCS üzvləri ilə ticarət dövriyyəsində ilk üçlükdə, orta hesabla, 8,1 faizlə Rusiya, 5,2 faizlə Çin və 2,9 faizlə Hindistan yer alır.
Kazanda keçirilən 16-cı sammitdə daha 30 ölkənin BRICS-ə üzv olmaq və ya tərəfdaşlıq üçün müraciət etdiyini nəzərə aldıqda, bu beynəlxalq platformanın gələcəkdə daha genişmiqyaslı iqtisadi əlaqələrin qurulmasında əhəmiyyəti artmış olur. Müraciət edən ölkələr içərisində Türkiyə, Pakistan, Qazaxıstan kimi iqtisadi əlaqələrimizin daha güclü olduğu dövlətlər də var.
Ölkəmizin BRICS beynəlxalq platformasına üzvlük təşəbbüsü iqtisadi inteqrasiya, enerji resurslarının istifadəsi, investisiya və infrastruktur layihələri, üzv ölkələr arasında mədəni və sosial əməkdaşlığın inkişafı, respublikamızın xarici siyasətinin daha da şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycanın BRICS-ə üzv olması, iqtisadi, siyasi və sosial sahələrdə geniş imkanlar təqdim edərək, ölkənin beynəlxalq mövqeyini gücləndirməklə, həm regional, həm də qlobal səviyyədə daha balanslı, eləcə də ədalətli bir sistemin yaradılmasına yönəlmiş müsbət bir addım olacaq.
Təşkilat daxilində nəqliyyat dəhlizlərinə diqqətin artırılması, nəqliyyat infastrukturunun, o cümlədən limanların inkişafı, təkmilləşdirilməsi və s. kimi məsələlər prioritetdir. Bütün bunlar isə Avropa və Asiya arasında mühüm nəqliyyat–tranzit qovşağı olan Azərbaycanın əhəmiyyətini daha da artırır, eləcə də ölkəmin potensial imkanlarından daha səmərəli istifadəyə imkan yaradır. Qeyd ediənlər deməyə əsas verir ki, BRICS – iqtisadi əməkdaşlıq və inkişaf üçün strateji tərəfdaşlığın yeni istiqamətidir.
V.BİNYƏTOĞLU
XQ