Təşkilatla əməkdaşlıq ölkəmizə hansı faydaları gətirəcək?
Prezident İlham Əliyevin oktyabrın 24-də Rusiyanın Kazan şəhərində keçirilmiş XVI BRICS Sammitində iştirakı Azərbaycanın bu təsisatla əməkdaşlığa verdiyi önəmin göstəricisidir. BRICS platforması nə üçün vacibdir? Yazıda, əsasən, bu suala cavab tapmağa çalışacaq, mövcud istiqamətdə bir sıra məqamların üzərində dayanacağıq. Ən sonda isə BRICS formatının hazırkı məqamda Azərbaycan–Ermənistan sülhü baxımından nə dərəcə əlverişli olduğundan söz açacağıq.
Əvvəla, onu deyək ki, BRICS sürətlə inkişaf edən beş ölkənin – Braziliyanın, Rusiyanın, Hindistanın, Çinin və Cənubi Afrika Respublikasının formalaşdırdıqları təşkilatdır. Birinci kənd təsərrüfatı məhsulları ilə zəngindir, ikinci dünyada ən böyük mineral, üçüncü müasir intellektual, dördüncü isə ucuz əmək resurslarına malikdir. Cənubi Afrika Respublikasına gəldikdə isə ölkə təbii resurslarının çoxluğu ilə seçilir. Şübhəsiz, bu göstəricilərlə hesablaşmamaq şərtdir. Deməli, BRICS-n dünyada söz sahibi olma üstünlüyü var. Yəni, sırf iqtisadi blok kimi yaradılmış qurumun geosiyasi reallıqlara təsir qüvvəsi nəzərə alınmalıdır. Ölkəmiz isə dəyişən güc balansının xarici siyasət strategiyalarına təsirlərini hər zaman qiymətləndirib və balanslı siyasətinə sadiqdir.
Azərbaycan multilateralizm prinsipini əsas götürərək, çoxtərəfli diplomatiya həyata keçirir. Ölkəmiz uzun müddətdir ikili standartlar siyasətinə məruz qalır, onun təsirlərini üzərində hiss edir. İkili standartlar siyasəti isə özünü ədalətsiz yanaşmalarda göstərir. Bu, o deməkdir ki, Azərbaycan BRICS-ə, ilk növbədə, ədalətli platforma kimi yanaşır. Yəni ondan gözləntimiz budur. Deməli, təşkilat multilateralist çoxtərəfli diplomatik fəaliyyətimizin, belə demək mümkünsə, növbəti təzahür platforması kimi maraqlıdır. Daha doğrusu, həmin platformalardan biri və mühümüdür.
Azərbaycan Cənubi Qafqaz üzrə başlıca aktordur. Bu missiya həm yeni dünya düzəninin, həm də ölkəmizin dünya siyasətindəki yeri və rolunun, bir növ, diktəsidir. Aktorluq Azərbaycanın qarşısında əlverişli perspektivlər açır. Ancaq müxtəlif təzahürləri ilə üzləşdiyimiz ikili standartlar siyasəti ədalətsizliyə və ayrı-seçkiliyə əsaslanır. Nəticədə görürük ki, ölkəmizin mövqeyi və statusu layiqincə dəyərləndirilmir. Deməli, daha faydalı və əlverişli düzən axtarılması mütləqdir. BRICS-i bu baxımdan tapıntı saymaq mümkündür. Əminliklə deyə bilərik ki, təşkilatla əməkdaşlığımız Cənubi Qafqazda təhlükəsizliyi, sülhü sarsıtmaq istəyən güclərə qarşı mexanizmlərimizi daha da təkmilləşdirmək imkanı verəcək. Bu imkan, eyni zamanda, ona görə yaranacaq ki, ölkəmiz BRICS-in köməyi ilə iqtisadi alətlərini şaxələndirmək şansı qazanacaq, bununla bağlı yeni elementlərə yiyələnəcək. Nəticə etibarilə, Azərbaycanın qlobal dəyişikliklər fonunda regiona təsir risklərini idarə etmək potensialı da güclənəcək.
Bir daha ədalət amili üzərində dayanaraq deyək ki, BRICS mahiyyətcə anti-Qərb düzənidir. Dünya Qərbin, o cümlədən, ABŞ-nin ədalətsiz yanaşmalarına şahiddir. Təşkilat ədalətsizliklərin iqtisadi zəmindəki təsirlərinin azaldılması aləti kimi effektivdir. Effektivlik Qərbin sanksiya siyasətinin təsirlərini heçə endirmək imkanındadır. Çünki BRICS ölkələrinin dünya iqtisadiyyatındakı rolu böyükdür. Yəni, bu baxımdan da ölkəmiz üçün fayda var. Azərbaycan qurumla əməkdaşlıqla heç bir çətinliksiz, bərabərhüquqlu şəkildə iqtisadiyyatını diferensiallaşdırmaq imkanı qazanacaqsa, deməli, fayda da özünü çox gözlətməyəcək.
Nəzərə alaq ki, iqtisadi sabitlik, eyni zamanda, siyasi stabillik, əmin-amanlıq və firavanlıq deməkdir. Ölkəmiz nəinki özündəki stabilliyi əsas götürür, habelə, bütövlükdə, Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi naminə səylər göstərir. Bunun üçün isə təminat lazımdır. Hesab edirik ki, BRICS-lə əməkdaşlığın verdiyi təminatlar daha ciddidir. Bu təminatlar Qərb imperializminə qarşı duruş gətirmək, ümumən, təkqütblü dünyanın mənfi reallıqlarına müqavimət immunitetidir.
Onu da vurğulayaq ki, Qoşulmama Hərəkatına uğurlu sədrlik edən, təşkilatda səmərəli fəaliyyət göstərən Azərbaycan COP29-un sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Mövcud konteksdə həm də BRICS ölkələri ilə dialoqumuz var və proses səmərəli əməkdaşlıq fazasındadır. Hesab edirik ki, bu meyilin gələcəkdə inkişaf etdirilməsi şərtdir. Deməli, təşkilatla əməkdaşlığın belə bir dividend payı da var.
Nəhayət, bu gün BRICS platformasını ölkəmiz üçün aktual edən daha bir məqama diqqət yetirək. Söhbət əvvəldə bildirdiyimiz məqamdan – Bakı ilə İrəvan arasındakı münasibətlərdən gedir. Məlum olduğu kimi, Kazanda Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirildi. Əlbəttə, tam anlamda demək olmaz ki, görüş Cənubi Qafqazda sülhə nail olmaq, konkret olaraq, Bakı ilə İrəvan arasında yekun barış müqaviləsinin imzalanması baxımından real faydalı nəticələr verdi. Ancaq fakt budur ki, ölkə liderlərinin təmasında özünəməxsusluq var. Müstəqillik illərində ilk dəfə idi ki, onlar hər hansı vasitəçilərsiz bir araya gəldilər. Deməli, BRICS sülh yolunda vasitəçilərsiz görüş platforması baxımından da öz sözünü demiş oldu.
Azərbaycan və Ermənistan liderlərinin Kazandakı görüşü nə qədər birbaşa təmas kimi görünsə də, istər-istəməz, BRICS vasitəçiliyi amili üzərində dayanmaq mümkündür. Onu da nəzərə alaq ki, Ermənistan uzun müddət, belə demək mümkünsə, “tetatet”likdən yayınıb, bunu birbaşa təmas zamanı əldə ediləcək nəticələrin Azərbaycan tərəfindən heçə endiriləcəyi ritorikası ilə əsaslandırıb. Əlbəttə, bu, bəhanə idi. Hazırda Kazan görüşü mövcud mənfi stereotipi sıradan çıxarmış kimi görünür.
Digər tərəfdən, Azərbaycan və Ermənistan liderlərinin Kazan sammiti zamanı bir araya gəlmələrini BRICS-in vasitəçiliyi kontekstində dəyərləndirsək, deyə bilərik ki, ənənəvi Qərb və Rusiya xətləri, müəyyən mənada, heçə enmiş durumdadır. Rusiya ilə bağlı hər şey aydındır, çünki ölkə BRICS-in nüvəsini təşkil edənlərdəndir. Qərbə gəldikdə isə Ermənistanın sülh yolunda bundan sonrakı hərəkət və davranışlarına diqqət yetirməsi lazım gələcək. Tam mümkündür ki, Qərb özünün təmsil olunmadığı düzəndəki görüşə görə Nikol Paşinyan administrasiyasına cəza kəssin. Sual olunur: Ermənistan rəhbərliyi bunun qarşısında duruş gətirə biləcəkmi? Suala ən düzgün cavabı zaman verəcək.
Ə.RÜSTƏMOV
XQ