Avropa İttifaqına notamız – AP-ni ayağınıza bağlayın!

post-img

Azərbaycan XİN-in səfir Mixalkonun diqqətinə çatdırdıqlarına sözardı

Oktyabrın 25-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Notaya səbəb Avropa Parlamentinin oktyabr 24-də qəbul etdiyi qətnamə, eləcə də qurumda bununla bağlı keçirilmiş müzakirələr çərçivəsində Avropa komissarı tərəfindən səslənmiş anti-Azərbaycan mahiyyətli fikirlər olub. XİN həmin fikirlərin əsassız və qərəzli olduğunu, bu cür yanaşmanın qəti şəkildə pislənildiyini səfirin diqqətinə çatdırıb.

Əvvəla, onu deyək ki, AP-nin üç əsas səlahiyyəti var. Bunlar Avropa İttifaqına dair qanunlar qəbul etmək, həmin qanunların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək və qurumun büdcəsinin icrasına nəzarət etmək. Bu səlahiyyətlər üzv ölkələr tərəfindən müəyyənləşdirilib. Deməli, Azərbaycanla bağlı qətnamə qəbulu AP-nin səlahiyyətlərinə ziddir. Ən azı, ona görə ki, ölkəmiz qurumun da tərkibində yer aldığı Avropa İttifaqının üzvü deyil. Baxmayaraq ki, Azərbaycan Aİ-nin müxtəlif strukturları ilə sıx əlaqələrə malikdir və bu əlaqələri pozmaq cəhdləri də müşahidə olunmaqdadır. Əminliklə deyə bilərik ki, oktyabrın 24-də qəbul edilmiş qətnamə bu cəhdlərdən biridir.

Bəli, AP növbəti dəfə ölkəmizi, belə demək mümkünsə, qərəz atəşinə tutdu. Əslində, bunun baş verəcəyi gözlənilən idi. Çünki qurumda Azərbaycanda insan haqlarının vəziyyəti və Bakı–İrəvan münasibətlərinə dair müzakirənin aparılacağına dair press-reliz özlüyündə hər şeyi deyirdi. Sənəddə vurğulanırdı ki, Ermənistan və Azərbaycan ötən il Bakının hərbi hücuma keçməsi, Qarabağı ələ keçirməsi və 100 minə yaxın erməninin bölgəni tərk etməsinə səbəb olan, onilliklərlə davam edən münaqişənin bataqlığındadır: “Avropa Parlamentinin üzvləri buna görə də əsassız hərbi hücumu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qətiyyətlə pisləyib və Aİ-ni Azərbaycanla, o cümlədən, enerji sahəsində münasibətlərinə yenidən baxmağa çağırıblar”.

Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi AP-nin ermənipərəstlərini narahat edir və onlar vaxtaşırı ölkəmizə qarşı hədyan yağdırmasalar dayana bilmirlər. Bu, az qala, patalogiya halını almış xəstəlikdir. Nəzərə alsaq ki, gələn ay Azərbaycan mötəbər tədbirə – COP29-a evsahibliyini gerçəkləşdirəcək, deməli, xəstəliyin yeni təzahür formalarının işə düşməsində qeyri-adi heç nə yoxdur.

Beləliklə, AP-də oktyabrın 22-dən başlanmış Azərbaycanda insan haqlarının vəziyyəti və Bakı–İrəvan münasibətlərinə dair müzakirələr qətnamənin çıxarılması ilə nəticələndi. Guya ki, qurumdakılar iki gün çalışdılar. Əslində, mənasız yerə toplaşıb Fransada hazırlanmış mətni üzündən oxudular, bir-iki ermənipərəst də çıxış edərək, öz aləmində, ciddilik fonu yaratdılar. Kişilər iş gördülər. Kişi də deyirik, ehtiyatlanırıq ki, xətirlərinə dəyər. Çünki pensioner geylərin bir yerə toplaşaraq, yaratdıqları klubun təmsilçiləri bu sayaq müraciət formasına alışıq deyillər.

Qəribə vəziyyət yaranıb. Bir tərəfdə Azərbaycan və Ermənistan liderləri görüşüb sülh barədə müzakirə aparırlar, digər yanda isə AP Azərbaycanı qınayır, elə təəssürat yaradır ki, sanki ölkəmiz barış mühitinin formalaşmasına razı deyil. Qurum başlıca vurğunu Bakı ilə İrəvan arasındakı münaqişənin sona çatmaması üzərinə qoyur. Bu, adi bir mesaj deyil. AP-dəkilər konfliktin hələ də davam etməsi görüntüsünü formalaşdırmaq niyyəti güdürlər. Axı münaqişənin sona çatması onlara sərfəli deyil. Sərfəli deyil ki, beynəlxalq hüquq prinsiplərini görməzdən gəlir, Qarabağın Azərbaycan olması reallığını qəbul etmir və beynəlxalq ictimai rəyə bu sərsəm düşüncəni aşılayırlar.

Olmazmı ki, AP-dəkilər dövrün həssaslığını nəzərə alıb susaydılar? Əlbəttə, olmaz, çünki onlara təlimat verib üstümüzə salanların sülhlə bağlı öz gözləntiləri var. Vurğuladıq ki, bu gözlənti barış mühitinin yaranmasının qarşısı almağa hesablanıb. Ona görə də Azərbaycan XİN səfir Mixalkonunun diqqətinə bunu çatdırır: Aİ-nin müxtəlif institutları vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyasının davam etdirilməsi, suverenliyimizə və ərazi bütövlüyümüzə qəsd edən, daxili işlərimizə müdaxilə edən bəyanat və addımları Ermənistanda revanşizmi təşviq edir, regionda sülh səylərinə xələl gətirir.

Ancaq digər məqamlar da var. Ümumən, kollektiv Qərb Azərbaycanla münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı hörmət, bərabərhüquqluluq və ümumi fayda prinsipləri əsasında qurulmasını arzulamır, fundamental prinsipləri heçə sayır. Məhz bu səbəbdən erməni avantürizmini diri saxlamaq niyyəti güdür. İstəyir ki, avantürizmin köməyi ilə Azərbaycana təzyiq rıçaqları qazansın. Axı otuz ilə yaxın müddətdə belə bir yol tutub. Ona görə də ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ağır daşdır. Daş Qərbin boynundan asılıb. AP-nin “qətnamə məntiqi” və digər bu sayaq sərsəm gedişlər isə ağırlığı aradan qaldırmaq yönümlü fəaliyyətdir. Əlbəttə, ortada Avropa demokratiyası adına son dərəcə rəzil durum var. Çünki bəşəri dəyər və prinsiplər bir qrup ermənipərəstin əlində oyuncağa çevrilib. Bu qrup həmin dəyərlərin, obrazlı desək, boynuna ip salıb onları təhqir etməklə və aşağılamaqla məşğuldur. Mənzərə nəinki rəzildir, eyni zamanda, son dərəcə miskindir.

Bəli, Azərbaycan XİN Avropa İttifaqından Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə mahiyyətli, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinməyi tələb edib. Görəsən, ölkəmizin tələbinə düzgün yanaşılacaqmı? Bu barədə nə isə demək çox çətindir. Çünki keçmişin təcrübəsi var. Əbəs yerə AP-nin Azərbaycanla bağlı “qətnamə məntiqi”nin mövcudluğunu vurğulamadıq. İndiyədək bu qoca korrupsioner və rüşvətxor “geylər klubu” min cür oyundan çıxıb, “Köhnə qitə”nin erməni lobbi və diaspor təşkilatlarından aldıqları “haqları” doğrultmaq üçün ən ağlagəlməz metodlara əl atıblar.

COP29 yaxınlaşdıqca belələrinin daha da azğınlaşacağı, bu tədbir xüsusunda qoparılmış anti-Azərbaycan tozunu ciyərlərinə çəkəcəkləri proqnozlaşdırılır. Axı üfunətli orqanizmləri ilə çirkabsız qalanda özlərinə yer tapa bilmirlər. Zamanında onlar Aİ-ni və üzv dövlətləri “Qarabağda atəşkəs rejiminin və insan hüquqlarının çoxsaylı pozulması hallarına görə” Azərbaycanın, guya, məsuliyyət daşıdığını da bildirmişdilər. Bundan başqa, Aİ-nin Xarici Siyasət üzrə ali nümayəndəsini “Qarabağın erməni əhalisinin hüquqlarına və təhlükəsizliyinə hörmətlə yanaşmağa həqiqi iradə nümayiş etdirənə” qədər, Azərbaycanla tərəfdaşlıq sazişinin yenilənməsi üzrə danışıqları dayandırmağa çağırmışdılar. 2024-cü il yanvarında AP-nin Brüsseldəki binasında “Dağlıq Qarabağın mədəni və dini irsinin qorunması” adlı konfransın təşkili və orada Qarabağdakı mədəni və dini irslə bağlı ənənəvi erməni tezislərin təkrarlanması da eyni məkrli ssenarinin davamıdır.

Sonda onu da deyək ki, Ermənistan hakimiyyəti ilə xaricdəki ermənipərəst anti-Azərbaycançı qüvvələr müştərək “fəaliyyət” içərisindədirlər. Bunu sübuta yetirən yüzlərlə fakt var. Əminliklə bildirə bilərik ki, hazırda AP-də çıxarılmış qətnamənin, necə deyərlər, bir ucu İrəvana çatır. Deməli, erməni iqtidarı riyakarlıq edir. Bir yanda sülhə hazır olduğunu deyir, digər tərəfdə isə Azərbaycana qarşı çıxır. Elə həm də bu səbəbdən ona güvən və etibar yoxdur.

Ə.RÜSTƏMOV
XQ





Siyasət