Azərbaycanın Qarabağ savaşı çağdaş ədalətli müharibə idi

post-img

Son 2 əsrdə Rusiyanın himayəsinə sığınan riyakar ermənilər yaranmış tarixi şəraitdən xaincəsinə istifadə edib Azərbaycan xalqına qarşı amansız qətllər, kütləvi soyqırımlar törətmiş, torpaqlarımızı işğal etmişlər.

Ən dəhsətli soyqırımlardan biri 1905-ci ildə erməni daşnaq və rus bolşevik birləşmələri tərəfindən Bakıda və Şuşada silahsız azərbaycanlılara qarşı törədilmiş, minlərlə insan vəhşicəsinə qətlə yetirilmişdir. Həmin vaxtlarda Azərbaycanın özünü müdafiə etmək üçün silahlı hərbi qüvvələri olmayıb. Doğrudur, 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edəndən sonra Xalq Cümhuriyyəti hökuməti 40 min nəfərlik ordu yaratmışdır. Lakin 1920-ci ilin 28 aprelində bolşevik ordusunun Bakıya daxil olması AXC süquta uğradı və milli ordu buraxıldı.

Şübhəsiz ki, sovetlər dövründə Azərbaycanda milli ordu quruculuğundan söhbət gedə bilməzdi. Bu iş nə qədər çətin olsa da, Azərbaycanda ordu quruculuğunun təməli ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişi ilə qoyulmuşdur. Sovetlər dövründə azərbaycanlı gənclərdə hərb elminə marağın artırılması və bunun üçün real şəraitin yaradılması Ulu öndərin gələcək Azərbaycanın müstəqilliyinə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi.

Heydər Əliyevin ölkəmizdə hərb elminin formalaşdırılmasına göstərdiyi müstəsna qayğının sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey, 1981-ci ildə ADPU-nun nəzdində hərbi və fiziki təlim fakültəsi təsis olunmuşdur. Ulu öndər bunlarla yanaşı, 1982-ci ildə 550 nəfər azərbaycanlı gəncin keçmiş ittifaqın nüfuzlu ali hərbi məktəblərində təhsil almalarını təmin etmişdir.

Bütün bunların nəticəsi idi ki, Azərbaycan 1991-ci ilin 18 oktyabrında müstəqilliyini bərpa edəndə respublikada kifayət qədər peşəkar hərbçi var idi. Lakin ozamankı iqtidar öz səriştəsizliyi ucbatından mövcud hərbi qüvvələrdən və imkanlardan düzgün istifadə etməyi bacarmadı. Bütün bunlar Qarabağ uğrunda gedən döyüşlərdə faciələrə və torpaq itkilərinə səbəb oldu.

Xalqın istəyi və təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldi. Bu hadisə Azərbaycanın tarixinə “Qurtuluş günü” kimi daxil oldu. Ulu öndəin bütün mənalarda müstəqilliyimizə sahib çıxması Qarabağ uğrunda gedən döyüşlərdə də əsaslı dönüş yaratdı. Milli Ordu quruculuğu sahəsində yeni mərhələ başlandı. Kriminogen şərait yaradan silahlı dəstələr qısa bir vaxtda ləğv edildi. Özünümüdafiə qüvvələri birləşdirilərək nizami orduya çevrildi. Milli hərbi kadrlar hazırlayan hərbi məktəblərin fəaliyyəti günün tələbləri səviyyəsinə yüksəldildi. Ordumuz Türküyə və digər NATO dövlətləri ilə əməkdaşlığa başladı, birgə təlimlər keçirildi.

Prezident, Ali Baş Komandan Heydər Əliyevin ordu quruculuğu sahəsində uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsində Azərbaycanın düşmən üzərində tarixi qələbəsinin təməlini qoymuşdur. Ulu öndərin xalqımız qarşısında tarixi xidmətlərindən biri də ölkənin gələcək inkişafını təmin edəcək layiqli siyasi davamçısını yetişdirməsi olmuşdur. Heydər Əliyevin zəmanəti və xalqın istəyi ilə 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev öz sələfinin daxili və xarici siyasətinin davam etdirmiş, ordu quruculuğunun modernləşdirilməsinə müstəsna əhəmiyyət vermişdir. Məqsəd uzun sürən sülh danışıqlarının sonunda işğal edilmiş ərazilərimizin hərbi yolla azad edilməsini təmin etmək olmuşdur.

Lakin Ermənistan işğalçılıq siyasətini davam etdirərək 2020-ci il iyul ayında özünün bütün hərbi imkanlarından istifadə etməklə Azərbaycanın Tovuz rayonuna qarşı hərbi təxribata başladı. Erməni tərəfinin məqsədi Tovuz rayonu ərazisindən keçən neft-boru kəmərini öz nəzarəti altına ala bilmək idi. Lakin Azərbaycan ordusunun əks hərbi əməliyyatı qarşısında tab gətirə bilməyən mənfur düşmən gərgin döyüşlərdən sonra geri çəkilmək məcburiyyətində qaldı.

Ermənistan rəhbərliyi 27 sentyabr 2020-ci il tarixdə növbəti açıq təxribata əl atdı. Səhər saat 6-da Müdafiə naziri Ali Baş Komandana məlumat verərək bildirdi ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Adekvat cavab tədbiri görmək üçün Azərbaycan müharibəyə qoşuldu.

2020-ci il 27 sentyabr hadisələrilə əlaqədar olaraq Ali Baş Komandan İlham Əliyev sonralar bildirirdi ki, münaqişə dondurulmuş vəziyyətdə olsa da müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Əslində, sentyabrın 27-də həmin plan reallaşdırılmağa başladı. Beləliklə, müharibə dövründə Azərbaycan silahlı qüvvələrinin müharibə hazırlığının əsası, təbii ki, döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı. Buna görə də Silahlı Qüvvələrimizin hərbi əməliyyatları düşmən üçün çox gözlənilməz olurdu.

Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Müharibənin ilk günündə düşmənin 30 ilə qurduğu müdafiə xətti yarıldı və bundan sonra hərbi üstünlük Azərbaycan Ordusunun tərəfində oldu və 44 gün ərzində ordumuz bütün cəbhə bölgələrində irəli getdi.

Düşmənin müdafiə xəttinə tank əleyhinə maneələr, tikanlı məftillər və minalanmış sahələr daxil idi. Müharibənin ilk günlərində Ali Baş Komandan bildirdi ki, biz düşmənin müdafiə xəttini yara bilməsəydik, işimiz çətin olardı. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.

Ali Baş Komandan Hadrut əməliyyatından danışarkən bildirmişdir ki, erməni tərəfi Azərbaycan Ordusunun bu yolla gedəcəyini guman etmirdi və bu onlar üçün gözlənilməz oldu. Hadrutdan qabaq oktyabrın 4-də Cəbrayıl şəhəri azad edilmişdi. Cəbrayılın azad edilməsi rəmzi baxımdan daha vacib idi. Çünki Cəbrayıl azad edilən ilk şəhər idi. Bundan əvvəl bir neçə kənd və qəsəbə azad edilmişdi.

17 oktyabrda Füzuli şəhərinin azad edilməsi də ikinci Qarabağ müharibəsinin gedişində mühüm məsələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Cəbrayıl şəhərindən əvvəl Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin də azad edilməsi müstəsna əhəmiyyət daşıyırdı. Çünki həmin məntəqələrdə düşmənin çox möhkəmləndirilmiş müdafiə vasitələri vardır. Ona görə də ordu düşmənin müqavimətini qırmaq üçün orada bir neçə gün çox fəal hərbi əməliyyatlar aparmalı olmuşdur. Bəzi istiqamətlərdə düşmən silahını ataraq qaçmaq məcburiyyətində qalırdı. Ermənilərin özlərinin etiraf etdiyi kimi, onlardan 10 mindən artıq fərari olmuşdu.

Zəngilan şəhərinin alınmasına gəldikdə isə onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı. Sonrakı hərbi əməliyyatlar nəticəsində Qubadlı azad edildi. Azərbaycan Silahlı qüvvələri artıq Laçın rayonunun cənubuna çıxdı. Güləbird və digər kəndlərin azad edilməsi Laçın dəhlizinə ordumuzun nəzarət etməsini təmin etdi.

Ali Baş Komandanın dediyi kimi, qələbəmizin zirvəsi Şuşa əməliyyatının uğurlu aparılması oldu. Sıldırım qayalardan, yolsuzluq şəraitində, üstündəki yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək, bu, sadəcə inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər olunması idi. Düşmənin tərəfində tankların, BTR-lərin, digər döyüş maşınlarının olmasına baxmayaraq, Azərbaycan zabit və əsgərləri noyabrın 8-də düşmənlə hərb tarixində misli-bərabəri görünməmiş əlbəyaxa döyüşə girmişdilər.

Düşmən tərəfi Şuşada Azərbaycan döyüşçülərinin rəşadəti qarşısında tab gətirə bilməyib, xeyli itki verdikdən sonra, salamat qalanları canlarını qurtarmaq üçün hərb meydanından qaçdılar. Azərbaycan Ordusunun Şuşanı azad etməsi düşmənin belini qırdı, bununla da düşmən praktik olaraq təslim oldu.

Noyabrın 9-da Azərbaycan Ordusu 70-dən artıq kəndi, yaşayış məntəqəsini azad etdi. Düşmən tərəfi noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalamalı oldu. 10 noyabr 2020-ci ildə Moskvada imzalanmış müqaviləyə əsasən, Dağlıq Qarabağ münaqişə zonasında hərbi əməliyyatlar tam dayandırıldı.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi, 27 il kağız üzərində qalan 4 qətnaməsinin, sonrakı illərdə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası Azərbaycan Ordusunun gücü, Ali Baş Komandanın düşünülmüş siyasəti, xalqının əzmkarlığı, birliyi sayəsində gerçəkləşdirildi.

Bu, Azərbaycanın hərbi və siyasi qələbəsi, regionda və bütövlükdə, dünyada vəziyyətin kökündən dəyişməsi idi. Bu qələbə Azərbaycaın Cənubi Qafqazın ən qüdrətli dövləti, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev regionun ən müdrik və qətiyyətli dövlət başçısı olduğunu bir daha təsdiq etdi. Azərbaycanın Vətən savaşı dünya tarixinə çağdaş ədalətli müharibənin mükəmməl nümunəsi kimi daxil oldu.

Ordu üçün müasir nümunəli hərbi texniki vasitələrin alınması baxımından silahlı qüvvələrin modernləşdirilməsi həmişə diqqətdə saxlanılmış və sürətlə aparılmışdır. Silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması üzrə aparılan gündəlik işlər həmişə nəzarətdə saxlanılmışdır. Əlbəttə, silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması müharibədə, özü də belə əlverişsiz coğrafi şəraitdə Azərbaycan Ordusunun qalib gəlməsinin təməlini təşkil etmişdir.

Müasir dövrdə hər bir müharibə hibrid müharibəsi adlanır və bu müharibənin informasiya tərkib hissəsindən az əhəmiyyət daşımır. İkinci Qarabağ müharibəsinin gedişində Ali Baş Komandan İlham Əliyev dünyanın müxtəlif ölkələrindən olan 30-dan artıq KİV-nə müsahibə verdi və özünün polad məntiqi sayəsində dünyanın diplomatiya tarixinə yeni nümunələr, çalarlar gətirdi.

İkinci Qarabağ müharibəsinin nəticələri bu gün dünyanın aparıcı ölkələrinin baş qərargahlarında öyrənilir. Dünya səviyyəli hərbi ekspertlərin çoxu onu, dronlar müharibəsi adlandırırlar. Nəticə göstərdi ki, Azərbaycan ikinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının bütün siniflərindən düzgün istifadə etmişdir.

Qələbədən sonra Azərbaycan Qənimətlər Parkını yaratdı. Bu ağır döyüşlərdə qazanılmış zəfərin nümunəsidir. Həmin parkın rəmzi mənalarından biri ondan ibarətdir ki, xalqımız bu müharibəni heç vaxt unutmayacaq. Xocalı soyqırımının həlak olmuş mülki və hərbçi vətəndaşlarımızı xatirələrdə daimi yaşatmaq üçün bu park lazımdır. Qənimətlər Parkından əlavə, Zəfər Muzeyinin tikilməsi də planlaşdırılmışdır.

2023-cü ilin 19-20 sentyabrında isə 24 saata yaxın davam edən antiterror əməliyyatının nəticəsi olaraq Dağlıq Qarabağ düşməndən tam azad olundu və bununla Azərbaycanın bir dövlət kimi ərazi bütövlüyü və suverenliyi təmin edildi.

30 ildən sonra işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan müharibənin yaralarını sağaldır və bu işin vüsətli sürəti heyrət doğurur. İndi işğaldan azad olunmuş bölgədə geniş miqyasda abadlıq quruculuq işləri aparılır, ilk növbədə, elektrikləşdirmə işləri, Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan elektrik stansiyaları bərpa olunub istifadəyə verilib. Bütün istiqamətlərdə uzunluğu 1000 km olan yollar çəkilib və yolların çəkilişi davam etdirilir.

Keçmiş qaçqın və köçkünlərin öz doğma yurdlarına qayıtması yüksək vüsətlə aparılır. Laçına, Qubadlıya, Zəngilana, Şuşaya, Füzuliyə. Yalnız rayon mərkəzlərinə deyil, kənd və qəsəbələrdə də insanların onlar üçün inşa olunmuş mənzillərlə təmin olunması yüksək səviyyədədir.

Xalqımız qəti əmindir ki, düşmənə endirilən “Dəmir yumruq” Azərbaycanın firavan gələcəyi naminə bundan sonra da ölkəmizə yeni möhtəşəm qələbələr qazandıracaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edərək daha da möhkəmlənəcək.

Ədalət FƏRƏCOV,
ADPU-nun professoru,

Sultanəli QURBANOV,
ADPU-nun dosenti

Siyasət