ABŞ-nin dövlət missiyası: diktə və dəyənək!

post-img

II MƏQALƏ

Səni narahat edən şeylərə münasibətini dəyiş və onlardan təhlükəsizliyini təmin et.

Mark AVRELİY
VI Roma imperatoru

Gürcüstan məsələsi

İndiki mərhələdə ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycan məsələsinə yalnız nisbi olaraq avtonom xətt kimi baxa bilərik. Çünki hazırda Vaşinqtonu bütövlükdə regionda geosiyasi, geoiqtisadi, energetik və təhlükəsizlik aspektlərinin sintezində ümumi mənzərə maraqlandırır. Konkret olaraq, Amerika Cənubi Qafqaz dövlətlərinin deyil, kollektiv Qərbin maraqlarının tam üstün olmasına çalışır. Prosesin qısa mahiyyəti bundan ibarətdir. Bundan əlavə, ABŞ qarşısına qoyduğu məqsədə çatmaq üçün təzyiq, böhtan və şər də daxil olmaqla hər bir üsuldan istifadə edir. Həmin özəlliyi Azərbaycana, Gürcüstana ayrılıqda və eyni zamanda, Azərbaycan – Gürcüstan tandeminə qarşı tətbiq edir.

Vaşinqtonun bu cür möve seçməsi təsadüfi deyildir. Məsələ Qərbin, ümumiyyətlə, Avrasiyada geosiyasi mənzərəni öz xeyrinə dəyişmək kimi xüsusi məqsədlə bağlıdır. Bu ümumi mövqenin fonunda Cənubi Qafqazın yeri və roluna ayrıca qiymət verirlər. Həmin kontekstdə də Gürcüstan məsələsi ilə Azərbaycan istiqaməti arasında müəyyən geosiyasi bağlantı qurmağa çalışırlar. Bu zaman, ABŞ başda olmaqla, Qərb açıq ziddiyyətli gedişlər edir.

Çünki bu regionda Gürcüstan müstəqilliyini əldə edəndən sonra Qərb onun inkişafı və təhlükəsizliyinə çox ciddi diqqət yetirmişdir. O cümlədən Gürcüstanın problemlərinə Azərbaycanın problemlərindən qat-qat yüksək səviyyədə diqqət verilmişdir. Bu, xüsusilə M.Saakaşvilinin hakimiyyətdə olduğu dövrdə özünü daha qabarıq göstərirdi. Qərb və ABŞ Gürcüstanı hər bir məsələdə dəstəkləyirdilər, onu “demokratik” adlandırırdılar. Geosiyasi-nəzəri araşdırmalarında başqalarına nümunə göstərirdilər.

Bu məsələ Gürcüstanın Avropa İttifaqına (Aİ) assosiativ üzv olandan sonra daha da inkişaf etdi. 2024-cü ilə qədər Qərb qəbul etdiyi müxtəlif sənədlərdə açıq şəkildə Gürcüstanın ərazi bütövlüyü məsələsini qoymuşdur. Bunun fonunda Azərbaycanın ərazi bütövlüyünü üstüörtülü, bir çox hallarda isə Ermənistanın təcavüzünə əl yeri qoymaqla müdafiə edirdilər. Maliyyə məsələsində isə yenə də Gürcüstana və Ermənistana üstünlük verirdilər. Bununla yanaşı, ABŞ Gürcüstanda siyasi idarəetmə institutlarının yaradılması üçün ciddi fəallıq göstərmişdir. Məhz onların məsləhətləri ilə indi Gürcüstanda dövlət idarəetməsi fəlsəfəsi mövcuddur.

Bütün bunlar varmış ikən hansı səbəblərdən Gürcüstan da “qara antidemokratik” siyahıya salındı? İndi Tbilisinin küçə və meydanlarında ölkəni qarışdıran prosesləri hansı səbəblərdən təşkil edirlər? Gürcüstan niyə belə sürətlə antiQərb mövqeyinə yuvarlanmış və antidemokratik mahiyyətə malik dövlət imicini aldı?

Məqsəd vasitəyə haqq qazandırır

Problemin kökü Qərbin Cənubi Qafqazda nəyin bahasına olursa-olsun özünə sərf edən geosiyasi mənzərə yaratmaqla bağlıdır. Bunun üçün ümumi səviyyədə Rusiya, Türkiyə və İranın regionda mövqelərini zəiflətməyə cəhd edirlər. Onun fonunda isə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbə sayəsində regional geosiyasətdə baş verən müsbət dəyişiklikləri arxa plana atmaq planlarını reallaşdırmağa çalışırlar. İndi əsas olaraq iki istiqamətdə bu cür fəaliyyət göstərilir – Azərbaycan və Gürcüstan. Ona paralel olaraq, Azərbaycan – Gürcüstan tandeminin regional geosiyasi rolunu dəyişməyə cəhdlər müşahidə edilir. Tbilisidə keçirilən son mitinqdə baş verənlər bu baxımdan çox düşündürücüdür.

Avropayönlü siyasi dairələrin təşkil etdiyi həmin mitinqə Gürcüstanın prezidenti Salome Zurabişvili də qatılmışdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütöv halda üzünü Qərbə tutduğunu bəyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığa adekvat olduğunu həmin ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin ilk baxışdan S.Zurabişvilinin məntiqində bir ziddiyyəti görmək mümkündür.

Məsələ ondan ibarətdir ki, bu cür yanaşmaya görə, Gürcüstanın hazırkı hakimiyyəti ilə cəmiyyətin rəyi arasında ciddi uçurum mövcuddur. Bu isə o deməkdir ki, indi faktiki olaraq Gürcüstanı güc hesabına, cəmiyyətin iradəsinin əksinə olaraq idarə edirlər. Yəni ölkədə anti-Rusiya əhval-ruhiyyəsi çox güclüdür və bunu rəsmi Tbilisi nəzərə almalıdır.

Ancaq bu yanaşma həqiqəti əks etdirmir. Çünki gürcü cəmiyyəti üçün ölkənin ərazi bütövlüyü və dövlətin suverenliyi daha qiymətlidir. Və bu iki dövlətçilik atributu məhz Qərbin ciddi dəstək verdiyi öncəki iqtidar dönəmində itirilmişdir. O zaman daha güclü mövqeyə malik olan kollektiv Qərb niyə bu neqativ prosesin qarşısını almamışdır? Bacarmadılar, yoxsa bilərəkdən vəziyyəti daha kritik hala gətirdilər? İndi Gürcüstan siyasi şüuru bu suala cavab axtarır, lakin onu tapa bilmir. Çünki real vəziyyət Gürcüstana havadarlıq edən Qərbin siyasi dairələrinin qeyri-səmimi olduğunu ifadə etməkdədir.

Belə olan halda indiki Gürcüstan hakimiyyətini nələrdə qınamaq olar? Axı onlar öncəki iqtidardan ərazisi və suverenliyi pozulmuş bir ölkə almışlar. Bundan başqa, Qərbin ciddi etirazları və xəbərdarlıqlarına baxmayaraq, Moskva Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanımışdır. Kremlin əlində bunu sübut edən sənədlər vardır. Belə olan halda, hər hansı yeni təhlükə zamanı Rusiya Abxaziya və Cənubi Osetiyanı daha fəal müdafiə etməyəcəkmi?

Şübhə yoxdur ki, edəcək. Bunu Moldovada baş verən proseslər də göstərir. Bütün maneələrə baxmayaraq Rusiya Moldovada güclü təbliğat və təşviqat şəbəkəsi qurmuşdur və o, ölkənin ictimai rəyinə ciddi təsir etməkdədir.

Bundan başqa, 2008-ci ilə nisbətən Rusiya daha da güclüdür və bunu Ukraynada sübut etməkdədir. Ukraynada bütövlükdə Qərb cəbhəsi hələ Rusiyanı yenə bilməmişdir.

İndi bu faktların işığında Gürcüstanın hazırkı siyasi palitrasına baxaq. Belə görünür ki, Gürcüstanda iqtidar artıq Rusiya faktorunu gözardı edə bilməz. Birtərəfli qaydada Qərbə stavka edib, Rusiyanı arxa plana ata bilməz. Bundan başqa, bütövlükdə regionun təhlükəsizlik məsələsi vardır. Rəsmi Tbilisi anlayır ki, iki böyük güclərdən hansınınsa birmənalı olaraq tərəfini tutmaq konkret Gürcüstanla yanaşı, bütövlükdə regionu ciddi riskə atmaq deməkdir. Belə olan halda, Tbilisi balanslı siyasət yeritməyə məcburdur.

Son zamanlar məhz Qərbin regiondakı fəaliyyəti sayəsində bu məsələyə daha çox ehtiyac yaranmışdır. Ermənistanın Rusiya ilə Qərb arasında məntiqsiz və səbatsız oyun oynamağa başlaması ilə regionun əsas təhlükəsizlik qayğısı Azərbaycan–Gürcüstan tandeminin üzərinə düşmüşdür.

“Kökə” və “dəyənək”

Məsələ ondan ibarətdir ki, Qərb uzun müddət “kökə” uzatdığı Gürcüstana indi “dəyənəyi”ni göstərir. Həm siyasi ritorikada, həm də fəaliyyət müstəvisində təhdidlər və hədələr “göydə uçur”. Bu zaman, Gürcüstanın Qərbə üstünlük verməyən bütün siyasi kəsimi hədəfə alınır. O cümlədən, indiki iqtidar təzyiq altındadır. S.Zurabişvilinin meydanda verdiyi bəyanatlar da həmin təzyiqlərin diplomatik ritorikasından başqa bir şey deyildir. Bu, Gürcüstan Prezidentinin ölkədə Rusiyaya meyilli qüvvələri, ümumiyyətlə, siyasi qüvvə saymamasından anlaşılır. Belə olmasaydı, “bütün Gürcüstan Qərbə istiqamətlənmişdir” tezisini ifadə etməzdi.

Bu mövqenin yaratdığı riskli situasiya ondan ibarətdir ki, seçkidə iqtidar qalib gəlsə, vətəndaşların etirazı üçün əsas hazırlanmışdır. Yəni bəri başdan belə bir fikir yaradılır: bütün seçici kütləsi Qərbyönlü siyasi qüvvələrə səs verəcək, əgər bu olmasa, deməli, seçkidə saxtakarlıq olmuşdur”. Bu isə birbaşa radikallığa, qanunsuz davranışlara və kütləvi etirazlara səsləmək deməkdir. Gürcüstan cəmiyyətini iki düşərgəyə ayırıb, uzunmüddətli çəkişmələrə əsas yaratmaq deməkdir. Həmin ssenarinin reallaşması ilə Gürcüstanda qanunun və təhlükəsizliyn təmini məsələsi şübhə altına alınmış olur. Çünki belə rəy formalaşdırılır ki, bu iqtidarın fəaliyyəti bütövlükdə saxta faktorlara əsaslanmışdır. Onda onu nə yolla olursa-olsun devirmək lazımdır. Qərbin təcrübəsində ən çox sınanmış “yol “ isə “rəngli inqilabdır”!

Belə çıxır ki, Qərbin seçkilərdə üstün gəlməsi ilə Azərbaycanın da ciddi surətdə marağında olduğu çoxlu sayda layihənin işləməsi böyük risk altına düşür. Xaosun olduğu yerdə hər hansı təhlükəsizliyin təminindən söhbət gedə bilməz. Onda bütövlükdə regionun təhlükəsizliyi və sabitliyi məsələsinin Azərbaycan – Gürcüstan tandeminə transformasiya olduğu aydınlaşır.

Yeni regional təhlükəsizlik reallığı

ABŞ-nin Gürcüstan və Azərbaycana təzyiq cəhdləri fonunda regionda yeni təhlükəsizlik situasiyası yaranmağa başlamışdır. Burada Gürcüstandakı seçkilərin nəticəsinin ciddi rol oynayacağını proqnozlaşdırmaq olar. Belə ki, seçkilərin nəticəsindən asılı olaraq rəsmi Bakı və rəsmi Tbilisi regional fəaliyyətlərini koordinasiya edəcəklər. Azərbaycan sabitlik və əməkdaşlıq tərəfdarı kimi etibarlı təhlükəsizlik sisteminin qurulmasında çox maraqlıdır. Bundan başqa, rəsmi Bakı regionun lideri kimi üzərinə düşən məsuliyyəti tam dərk edir. Deməli, bütün variantlarda Azərbaycan regional sabitlik və təhlükəsizliyin təmininə çalışacaq. Bunun fonunda yeni maraqlı geosiyasi tendensiyalar meydana gələ bilər.

Həmin tendensiya “3+3” platformasının daha da aktuallaşması üçün Gürcüstanın ona qoşulması əsasında formalaşa bilər. Artıq Tbilisi üçün aydındır ki, ABŞ və Avropa ilə əvvəlki qarşılıqlı etimad mühiti mövcud deyildir. Kollektiv Qərbin son davranışları bu inamın üstündən xətt çəkdi. Onda prosesin digər tərəfi Rusiyaya olan etimadsızlığın aradan qaldırılması ola bilər. Çünki Gürcüstan hansısa yolu seçməlidir. Rusiya ilə münasibətlərin normallaşmasında isə başlıca rolu Azərbaycan oynaya bilər.

Bu o deməkdir ki, rəsmi Bakı öz təşəbbüsü ilə Gürcüstan – Rusiya münasibətlərində qarşılıqlı etimad yarada bilər (Bakının Türkiyə – Rusiya məsələsində artıq belə bir müsbət təcrübəsi vardır). Bunun üçün Tbilisi ilə Moskvanın Abxaziya və Cənubi Osetiya məsələsində hansısa ortaq mövqeyə gəlməsi lazımdır. Əlbəttə, çətin və mürəkkəb məsələdir. Ancaq Azərbaycan rəhbərliyi uzun müddətdir ki, bundan da çətin və mürəkkəb geosiyasi situasiyada uğur qazana bilir.

Şübhəsiz ki, Gürcüstanın da “3+3”-ə qoşulması ABŞ-nin regiondakı mövqeyini zəiflədəcək. Mümkündür ki, Ermənistan bu halda vəziyyəti qeyri-müəyyən etmək üçün “3+3” formatında qeyri-müəyyənlik yaratmağa çalışsın. Məsələn, bir bəhanə ilə ondan praktiki müstəvidə imtina etsin. Ancaq bunun uzun sürməyəcəyini düşünürük, çünki Ermənistanın özünün təhlükəsizliyə ehtiyacının getdikcə daha da artacağını proqnozlaşdırırıq.

Beləliklə, ABŞ-nin regionda pozucu və təzyiqedici fəaliyyəti artdıqca onun movqeyi daha da zəifləyir. Bu, Gürcüstanın geosiyasi mövqeyinə müəyyən düzəlişlər etməsi və Azərbaycanın “3+3” platformasını reallaşma istiqamətində daha aktiv hala gətirməsi fonunda baş verə bilər. ABŞ-nin regionda uğur qazanmaq şansı sürətlə azalır!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət