“AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi” hazırlanacaq

post-img

AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması haqqında olub.

Bu barədə AMEA-dan məlumat verilib.

İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 2022-ci ilin sonlarından akademiyada çoxşaxəli islahat və yeniləşmə hərəkatına start verilib. Həyata keçirilən ardıcıl və kompleks tədbirlər nəticəsində akademiyanın strukturu əsaslı olaraq modernləşdirilib, elmin yeni prioritetləri dünya elminin çağırışları və dövlət siyasətinin strateji hədəfləri ilə uyğunlaşdırılıb, elmin dövlətin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji siyasətinin həyata keçirilməsində iştirakı əhəmiyyətli dərəcədə gücləndirilib, beynəlxalq elmi əlaqələr genişləndirilib.

Diqqətə çatdırıb ki, müasir dünyanın çağırışlarına, Azərbaycanda dövlət siyasətinin sosial-iqtisadi, mədəni-mənəvi, ideoloji prioritetlərinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində müəyyən edilmiş yeni məqsəd, fəaliyyət istiqamətləri və vəzifələrə uyğun olaraq “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması zərurəti yaranıb.

“Hazırlanacaq sənədin başlıca hədəfi qlobal tendensiyalar nəzərə alınmaqla, ilk növbədə, Azərbaycanın strateji inkişaf kursu çərçivəsində onun tərəqqisinə ciddi elmi töhfələr verməkdən ibarətdir. Bu zaman cəmiyyətin intellektual imkanlarının artırılması ilə sosial faydalılığın vəhdətinin təmin edilməsi prinsipial vəzifələrdən biri kimi nəzərdə tutulmalıdır. Burada ictimai-humanitar elmlər - fəlsəfə, tarix, filologiya, kulturologiya, folklor, sənətşünaslıq, siyasi elmlər və digər elm sahələri arasında əlaqələr yeni səviyyəyə yüksəldilməlidir. Başlıca prinsip azərbaycançılıq və müstəqil dövlətçilik olmaqla ölkənin dayanıqlı inkişafında elmin iştirakının artırılmasından ibarət olmalıdır”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Müzakirədə çıxış edən AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev məsələ ilə bağlı rəy və təkliflərini diqqətə çatdırıb.

İclasda “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması məqsədilə müvafiq komissiya və işçi qrupu yaradılıb.





Elm