“Azərbaycan tərəfi Qarabağın erməni əhalisinə öz evlərinə qayıtmaq imkanı yaradıb”.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistinin guya Azərbaycanın erməni əhalisinin öz evlərinə qayıtmaması üçün Xankəndidə evləri sökməsi ilə bağlı sualını cavablandırarkən bildirib.
M.Zaxarova qeyd edib ki, söhbət Azərbaycanın ərazisindən gedir və orada bu ölkənin qanunları qüvvədədir.
“Biz öz evlərini tərk etmiş əhaliyə ora qayıtmaq üçün imkanın yaradılmasına yönəldilən konstruktiv addımları dəfələrlə şərh etmişik, vurğulamışıq. Biz azərbaycanlı həmkarlarımızla ikitərəfli təmaslar zamanı bu məsələni qaldırırıq və müvafiq izahatlar və izahlar alırıq... Mən bir daha vurğulamaq istəyirəm ki, qayıtmaq imkanı yaradılıb”, - deyə diplomat bildirib.