Bolqarıstanda Azərbaycanın multikulturalizm modeli təbliğ olunub

post-img

Bolqarıstanda Bakı Slavyan Universitetinin, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin və Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın multikulturalizm modelinin və mədəniyyətlərarası dialoqun təqdimatı” mövzusunda dəyirmi masa təşkil edilib.

Dialoq şəklində keçirilən tədbirdə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri, alimlər, müxtəlif müəssisələrin nümayəndələri və tələbələr mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska multikulturalizm mövzusunun müasir dünyada çox aktual olduğunu və Bolqarıstanda Azərbaycanın multikulturalizm dəyərlərinin və tolerantlığın təbliğində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin mühüm rol oynadığını vurğulayıb. Bununla bərabər o, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil edilən Qış və Yay Məktəblərində iştirak edən bolqar tələbələrinin Azərbaycanın dəyərləri ilə yerində tanış olmaq imkanını əldə etdiklərini söylədi.

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov multikulturalizm dəyərlərinin əsrlər boyu Azərbaycan xalqına xas olduğunu və bunun gələcək inkişafına dövlət səviyyəsində fəal dəstəyin verildiyini vurğulayıb. O, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin tarixən Azərbaycanda yaşayan çoxsaylı etnik və konfessiya qruplarının vahid Vətən – Azərbaycan ideyası ətrafında birləşməsinə əsas təşkil etdiyini qeyd edib.

İctimai Birliyinin sədri və “Akkord” jurnalının baş redaktoru Mariya Hüseynova-Atanasova çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə başlayıb: “Azərbaycan dünya miqyasında milli, dini, etnik dözümlülük, tolerantlıq və qardaşlıq məkanı kimi tanınır”. Həmçinin, o, Azərbaycanda həyatından, milli azlıqlara qarşı münasibətdən, milli azlıqlarının dili və adət-ənənələrinin qorunması sahəsində dövlət siyasətindən danışıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Təhsil şöbəsinin müdiri dosent İrina Kunina mərkəzin fəaliyyətindən, onun multikulturalizmlə bağlı dövlət milli siyasətinin həyata keçirilməsinə elmi və ekspert-analitik dəstəyindən, həyata keçirilən layihələrdən danışıb və mərkəzin bu sahədə Sofiya Universiteti ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Bolqarıstan Elmlər Akademiyasının Balkanşünaslıq İnstitutunun professoru Nadya Boyadjiyeva multikulturalizmin tədqiqatı mövzusunun dünyanın bütün regionları üçün son dərəcə əhəmiyyətli, Balkanlar üçün isə onun şəksiz olduğunu qeyd edib və İnstitutun alimləri tərəfindən bu sahədə həyata keçirilən elmi layihədən qısa danışıb.

Türkologiya ixtisasında oxuyan tələbə Veronika Balkandjı 2024-cü ilin sentyabr ayında keçirilən multikulturalizm məktəbində iştirakı haqqında təqdimatı göstərərək onun Azərbaycandan gözəl təəssüratlarını paylaşıb.

Bütün çıxışlardan sonra tədbirdə iştirak edən qonaqlar Bolqar Jurnalistlər Birliyinin sədri Snejana Todorova, bolqar yazıçısı və şairi Vladimir Kaloyanov, Bolqarıstan Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutunun əməkdaşı Valentin Kaftandjiev, diasporanın nümayəndəsi Sabir Quliyev mövzu ilə bağlı öz mövqelərini bildirdilər.

Siyasət