Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatının birinci gününə yekun vurulub.
Milli Gimnastika Arenasında təşkil edilən turnirdə ilk olaraq yeniyetmə idmançılar 3 alət üzrə qüvvələrini sınayıblar.
Komandalar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut) üzərində güclərini yoxlayıblar.
Beləliklə, 3 hərəkətin cəminə görə kişilər, qadınlar və qarışıq komandalar arasında ilk günün finalçıları müəyyənləşib.
Danimarkanın kişilərdən ibarət kollektivi 55900, qadınlardan ibarət komandası 50250 xal toplayaraq bütün rəqiblərini qabaqlayıblar. Qarışıq komanda yarışlarında isə İslandiya 50600 xalla həlledici raundda iştirak hüququ qazanıb.
Final mərhələsi oktyabrın 18-də baş tutacaq və çempionatın ilk mükafatçıları bəlli olacaq.
Qeyd edək ki, oktyabrın 17-də böyüklərin mübarizəsinə start veriləcək. 14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi turnirə oktyabrın 19-da yekun vurulacaq.