Musa Qasımlı: Azərbaycan Ermənistanı məğlub etməklə onu müdafiə edən dövlətlər üzərində də qələbə qazandı

post-img

Vətən müharibəsindən əvvəl Nikol Paşinyan və digər Ermənistan rəsmilərinin səsləndirdikləri bəyanatlarla indi səsləndirdikləri fikirlər arasında xeyli fərq var.

Bunu AZƏRTAC-a müsahibəsində Milli Məclis sədrinin müavini professor Musa Qasımlı söyləyib.

Musa Qasımlı 2020-ci il sentyabrın 27-dən əvvəl Paşinyanın, eləcə də Ermənistan rəhbərliyinin yersiz iddialarla çıxış etdiklərini, real güclərinə uyğun gəlməyən bəyanatlar verdiklərini xatırladıb: “Ermənistan tərəfi Gəncəni, Mingəçeviri vuracaqları, işğal edəcəkləri, hətta Bakıya qədər gəlib çıxacaqlarını deyirdilər. Amma onların bütün bu cəfəng bəyanatlarına 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu son qoydu. Ermənistan məğlub oldu və diz çökdü. Azərbaycanın qazandığı Qələbə təkcə Ermənistan, dünya erməniliyi üzərində deyil, bütövlükdə onları müdafiə edən dövlətlər üzərində qazanılan Qələbə idi. Bu gün Azərbaycan bütün ərazisində dövlət suverenliyini bərqərar edib, separatçılığın kökünü kəsib. Bir neçə yüz ildən bəri zorla yaradılan problemi Prezident İlham Əliyev kökündən birdəfəlik həll edib. Bu, böyük tarixi Zəfərdir və yaranışından bəri heç bir zaman erməni ünsürü indiki kimi ağır zərbə almayıb”.

Siyasət