Beynəlxalq münasibətlər sistemində vacib aktorlardan olan Azərbaycanın xarici siyasət kursu milli maraqlarımızı təmin etməklə yanaşı, ölkəmizin nüfuzunu artırmaqdadır. Nəhəng layihələrin məhz Azərbaycanda reallaşması, ölkəmizə göstərilən yüksək ehtiram qeyd etdiyimizin təsdiqidir. Beynəlxalq aləmlə fəal əməkdaşlıq edən rəsmi Bakı keçmiş ittifaq ölkələri ilə də MDB səviyyəsində sağlam əlaqələr qurur, dost ölkələrlə siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişafa töhfələr verir. Prezident İlham Əliyevin oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasına qatılması, səfər çərçivəsində keçirdiyi görüş mühüm məqamlarla yadda qaldı.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, Azərbaycan- Rusiya əlaqələri son onilliklərdə beynəlxalq münasibətlərdə qlobal səviyyədə və regional ölçüdə artan münaqişə kontekstində qibtə ediləcək sabitlik nümayiş etdirib. Bundan əlavə, ildən-ilə Moskva ilə Bakı arasında qarşılıqlı əlaqələrin dərinləşməsi və genişlənməsinin nəzərəçarpacaq mütərəqqi dinamikası müşahidə olunur. Ən əsası, iki ölkə arasında fəal və praqmatik iqtisadi qarşılıqlı əlaqələr onilliklər ərzində ikitərəfli münasibətlərin təməli olaraq qalır. Ölkələr iri infrastruktur layihələri formasında qarşılıqlı faydalı əməkdaşlıq bazası formalaşdıra biliblər.
Bütün bunların nəticəsidir ki, ikitərəfli münasibətlər uğurla inkişaf edir və bu, özünü ən yüksək və digər səviyyələrdə gerçəkləşdirilən təmaslarda, eləcə də ölkələr arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsində özünü göstərir. Əlbəttə, Prezident İlham Əliyevlə Prezident Vladimir Putin arasında mütəmadi görüşlər, ikitərəfli və beynəlxalq gündəliyin əsas məsələlərinin müzakirəsi iki ölkə arasında münasibətlərin inkişafına müstəsna töhfə verir. Rusiya Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi.
Qeyd etmək yerinə düşərdi ki, dövlət başçısının Moskvada səsləndirdiyi mesajlar kontekstində keçirilən iclas Azərbaycanın həm MDB məkanında, həm də bütövlükdə dünya miqyasında yüksək əhəmiyyətini inandırıcı şəkildə nümayiş etdirən növbəti platformaya çevrildi. Prezident İlham Əliyevin Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi barədə sözləri bir daha təsdiqlədi ki, MDB ölkələrinin bütün rəhbərləri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası faktı yekun olaraq tanındı.
Bundan başqa, dövlət başçısı Bakının bir aydan sonra ev sahibliyi edəcəyi ən böyük beynəlxalq tədbir olan COP29 iqlim konfransına da diqqəti çəkdi. Qeyd edək ki, BMT-nin Bakı İqlim Konfransı postsovet məkanında ilk olacaq. Sammitdə iştirakını və nümayəndə heyətlərinin təmsil olunmasını təsdiq edən dünya liderləri arasında MDB ölkələrinin başçıları da var.
Eyni zamanda, Moskvada Azərbaycan və Rusiya liderləri bir daha görüşüb ikitərəfli münasibətləri müzakirə etmək imkanı qazandılar. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında münasibətlərin kifayət qədər nəzərəçarpan dinamikasını qeyd etdi. Dövlət başçısı Rusiya liderinin Azərbaycana dövlət səfərindən sonra ikitərəfli münasibətlərin dinamikasının kifayət qədər nəzərə çarpdığını vurğuladı. Bundan başqa, cari ilin avqust ayında Bakıda qəbul olunmuş qərarların icrası çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri, hökumət üzvləri səviyyəsində çox sayda təmasların olduğunu diqqətə çatdırdı.
Deputat yekun olaraq qeyd etdi ki, Moskva səfəri zamanı Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə müşahidə edilən son dərəcədə mənfi tendensiya barədə də fikirlərini bölüşdü. Bu neqativ tendensiya Qərb ölkələrinin, xüsusilə də ABŞ-nin dəyənək kimi istifadə etdiyi sanksiya rejimidir. Bu məsələdə də Prezident İlham Əliyev qüdrətli ölkənin lideri kimi sanksiyalar məsələsi ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoydu. “Rossiya-1” televiziya kanalına müsahibəsində dövlət başçısı qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə sanksiyaların mövcud olmağa haqqı olmadığını diqqətə çatdırdı. Azərbaycan lideri birmənalı şəkildə vurğuladı ki, Bakı istənilən sanksiyalara qəti şəkildə qarşıdır və beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir.