Ermənistan Cənubi Koreyadan da tank almaq istəyir

post-img

Son 35 ildə Cənubi Qafqazda sülh və sabitlik üçün başlıca təhdid olan Ermənistan bu siyasətini hazırda da davam etdirir. Bu ölkədə hakimiyyətlər dəyişsə də, siyasət dəyişmir. Maraqlıdır ki, 44 günlük İkinci Qarabağ müharibəsi və ötənilki lokal xarakterli antiterror tədbirləri də rəsmi İrəvana dərs olmayıb. Nikol Paşinyan iqtidarı müdafiə silahları almaq adı altında ölkəni cəbbəxanaya çevirir. Bütün vasitələrlə hücum silahları ilə təchiz olunan Hayastan əsas qanununda və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir.

Bu istiqamətdə yayılan son məlumat da diqqəti cəlb edir. Məlumata görə, Ermənistan indi də Koreya Respublikasının (Cənubi Koreya) istehsalı olan və dağlıq əraziyə uyğunlaşdırılmış K2 tanklarının alınması imkanını nəzərdən keçirir. Bunu “Army Recognition” portalı Cənubi Koreya mətbuatına istinadən xəbər verib. Məlumata görə, Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti “Hyundai Rotem” tərəfindən hazırlanmış K2 “Qara panter” əsas döyüş tanklarının alınması imkanlarını araşdırmaq üçün 2024-cü ilin sentyabrında Cənubi Koreyaya səfər edib. Bundan əlavə, Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da sentyabrın 6-da Cənubi Koreyaya işgüzar səfər edərək orada silah alışı məsələlərinə dair bir sıra görüşlər keçirib.

Qeyd edək ki, Papikyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Cənubi Koreyanın paytaxtı Seula səfər etməsi ilə bağlı ötən ay ölkənin müdafiə nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda səfərin işgüzar xarakter daşıdığı qeyd edilmişdi. O, səfər çərçivəsində sentyabrın 9-da “Hərbi sferada məsul süni intellekt” sammitinin açılış mərasiminə qatılmışdı. Tədbir Koreya Respublikası, Niderland, Böyük Britaniya, Sinqapur və Keniyanın müdafiə və xarici işlər nazirlikləri tərəfindən hərbi texnologiyaların daha yaxşı mənimsənilməsi və döyüş əməliyyatları zamanı süni intellektdən istifadəyə nəzarət üzrə beynəlxalq mexanizmlərin yaradılmasının təşəbbüskarı olmaq məqsədilə təşkil olunmuşdu.

Ermənistanın ciddi şəkildə silahlanması ölkəmizdə haqlı olaraq təhlükəsizlik qayğılarının yaranmasına səbəb olur. Artıq hamıya məlumdur ki, İrəvan Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkməyib. Rəsmi İrəvan bunu şifahi şəkildə bəyan etsə də, konstitusiyasından Müstəqillik bəyannaməsinə istinadın yer aldığı bəndi çıxarmayıb. Onlar ölkəmizin çoxsaylı iradlarına cavab olaraq, hələ bu yaxınlarda konstitusiya dəyişikliyi üzrə referendumun 2027-ci ildə keçiriləcəyini bəyan ediblər. Buna paralel olaraq, Ermənistan Fransadan, Hindistandan silah-sursat alır, Yunanıstan və Kipr Respublikası ilə hərbi və hərbi-texniki əməkdaşlığı genişləndirir. Avropa Sülh Fondu vasitəsilə Ermənistana silahlı qüvvələrini inkişaf etdirmək üçün ilkin olaraq 10 milyon avro vəsait ayrılıb. İndi isə bu ölkələrin siyahısına Cənubi Koreyanın da qoşulması ciddi mətləblərdən xəbər verir.

Məhz bu məqamları nəzərə alan Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirdi ki, hərbi gücümüzün, ordumuzun döyüş qabiliyyətinin artırılmasına paralel olaraq, biz yerli hərbi sənaye kompleksimizi də daha sürətlə inkişaf etdirməliyik. Cari ildə bu məqsədlə böyük vəsait ayrılıb və gələn il də ayrılacaq. Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçib. Yəqin ki, növbəti bir-iki il ərzində bizim hərbi sənaye kompleksimiz həm çeşidlərin sayına, həm də ki, istehsal olunacaq məhsulların keyfiyyətinə görə daha böyük olacaq. Burada bir neçə məqsəd güdülür. İlk növbədə, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. İkincisi, biz xarici mənbələrdən daha az asılı olmalıyıq. Təbii ki, bu asılılığı tam aradan qaldırmaq mümkün olmayacaq. Bunu da biz bilməliyik. Amma maksimum dərəcədə özümüzü yerli istehsalla təmin etməliyik. Bu sahədə, xüsusilə müasir dövrdə tətbiq olunan texnoloji yeniliklər bizim ümumi intellektual potensialımızı gücləndirəcək. Çünki bu sahədə çalışan kadrlar, öz işlərini tamamilə yeni, texnoloji və metodoloji əsaslar üzərində qururlar və quracaqlar. Minlərlə yeni iş yeri yaradılacaq. Artıq bütün bunlar bizim təkcə planlarımız deyil, həyata keçirilən layihələrdir.

Şübhə yoxdur ki, cənab İlham Əliyevin növbəti illər üçün əsas vəzifələrimizdən biri kimi xarakterizə etdiyi bu sahənin inkişafı dövlətimizin xarici təhdidlər qarşısında daha güclü olmasını təmin edəcək. Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov da bu fikirdədir. Mövzu ilə bağlı XQ-yə açıqlama verən Ş.Ramaldanov bildirdi ki, Ermənistan hazırda silah aldığı ölkələrin sayını artırmağa çalışır. Onun sözlərinə görə, bu mənada indi Cənubi Koreyadan gələn xəbərlərin yaxın gələcəkdə Yaponiyadan gəlməsi istisna olunmur: “Ancaq bunların başında Ermənistanın yeni havadarları – ABŞ və Avropa İttifaqı dayanır. Hindistan istisna olmaqla, bu gün Ermənistanın silahlandırılmasında iştirak edən digər ölkələr Rusiyaya qarşı olan koalisiyanın üzvləridir. Bu isə Ermənistanın hazırkı siyasi mövqeyi ilə üst-üstə düşür. Artıq Cənubi Koreyadan K2 tanklarının alınması ilə bağlı məlumatlar var. Bunu praktiki şəkildə həyata keçirməyin nə dərəcədə mümkün olub-olmayacağı məsələsi hələlik açıq qalır. Amma, havadarlarının dəstəyi nəticəsində Ermənistanın bu tankları əldə etməsi gözləniləndir”.

Ş.Ramaldanov qeyd etdi ki, bu gün Ermənistanın ayrı-ayrı sahələrinə, o cümlədən, humanitar, demokratiya və iqtisadiyyat sahələrinə yönəldilən maliyyə dəstəyi İrəvana öz büdcəsi hesabına silah və hərbi texnika almaq imkanı yaradır. Onun sözlərinə görə, Qərb ölkələri Ermənistana anti-Rusiya sanksiyalarından yan keçmək və müvafiq olaraq böyük gəlirlər əldə etmək üçün imkan yaradırlar. Nəticədə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi artaraq 2024-cü ilin ilk altı ayında 8,4 milyard dolları keçib. ABŞ və Fransadan İrəvana irimiqyaslı iqtisadi yardımlar edilir. Hazırda Ermənistan 6-7 ölkədən silah və hərbi texnika alır.

Hərbi ekspert bildirdi ki, K2 tankları ən müasir tələblərə cavab verir və qabaqcıl texnologiyaya malikdir. Bu tankın bəzi elementləri ABŞ və Avropada istehsal edilmiş müxtəlif tanklardan alınaraq təkmilləşdirilib. Cənubi Koreya onu özünün daxili bazarı üçün istehsal etməyə başlamışdır: “K2 tankları ilə bağlı ən böyük kontrakt Polşa ilə imzalanıb. Söhbət 180 tankın alınmasını nəzərdə tutan 3 milyard dollarlıq müqavilədən gedir. Ancaq Cənubi Koreyanın bu tankların istehsalını 2 ildən sonra dayandıra biləcəyi ilə bağlı məlumatlar da var. Çünki Seul daxili təlabatını ödədikdən sonra onun istehsalını dayandırmaq istəyir”.

Ş.Ramaldanovun sözlərinə görə, K2 tankları Avropa və ABŞ istehsalı olan tanklardan çəki etibarilə daha yüngül – 55 tondur. Avropa və ABŞ istehsalı olan tankların çəkisi isə 72 tondur: “Biz burada K2-nin çəki baxımından da nə qədər münasib olduğunu görürük. Digər tərəfdən, bu tankların mərmi doldurma prosesi avtomatlaşdırılmış şəkildə gedir. Hətta, bəzi məlumatlara görə, 10-15 mərmini bir dəqiqəyə atmaq imkanı var. K2-nin 120 millimetrlik topu ilə 8 kilometr uzaqlıqdakı hədəfi vurmaq imkanından bəhs edilir. Özünümüdafiə sistemi müasir tələblərə cavab verir. Hətta, alçaqdan uçan hədəflərə qarşı da K2-nin topundan istifadə oluna bilər. Tankın hərəkət sürəti qrunt ərazidə saatda 50-55, asfalt yolda isə 70 kilometrdir. Bu baxımdan düşünürəm ki, K2 tankları hazırda dünyada hərbi sənaye kompleksləri tərəfindən istehsal olunan ən qabaqcıl tanklardan biri kimi özünü təsdiq edə bilib”.

Müsahibimiz onu da qeyd etdi ki, hələlik Ermənistanın neçə ədəd K2 alacağına dair məlumat yoxdur. Ancaq İran ərazisi vasitəsilə daşınacağı ehtimal edilən bu tanklar Hayastanda peyda olarsa və bizim təhlükəsizliyimizə təhlükə yaradarsa, ordumuzun legitim hərbi hədəfinə çevriləcəklər: “Azərbaycan dövləti, ordusu Ermənistanın silahlandırılması məsələsini daim nəzarət altında saxlayır. Bununla bağlı lazım olan məlumatlar toplanılır. Azərbaycan diplomatiyası Ermənistanın silahlanmasının qarşısını almaq üçün aktiv fəaliyyətdədir. Ancaq bu gün ordumuzun arsenalında olan istər tanklar, istərsə də tank əleyhinə mübarizə vasitələri ən müasir tələblərə cavab verir. Düşünürəm ki, proses bu istiqamədə davam edəcək. Müharibə şəraitində olduğumuz ölkənin tank kimi ağır silahlarla silahlandırılması diqqətimizin daha da artırılmasına gətirib çıxarmalıdır. Ermənistanı revanş tipli addımlar atmaqdan çəkindirmək üçün qabaqlayıcı addımların atılmasını istisna etmirəm”.

Ermənistanın silahlandırılması siyasətinin bölgə üçün nə vəd etməsinə dair sualımızı cavablandıran politoloq Ramiyə Məmmədova isə bildirdi ki, hazırda Cənubi Qafqazda gedən proseslər bütün dünyanın diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu da regionun mühüm geosiyasi əhəmiyyəti ilə bağlıdır: “Qərb ölkələri Ermənistanda öz mövcudluqlarını artırmaq istəyirlər. Onlar özlərini Ermənistanın himayədarı kimi aparırlar. ABŞ, Fransa və Avropa İttifaqı əsas aktorlar kimi Rusiyaya qarşı çıxan dövlətləri öz tərəflərinə çəkirlər. Vaxtilə Gürcüstan bölgədə belə bir rol oynayırdı. İndi isə Gürcüstan fərqli yol tutub. Hazırda Ermənistan Qərbə inteqrasiya etməyə çalışır. Proses zamanı Azərbaycanın düşmən obrazı yaradılır, Qərb mediasında ölkəmizin, guya, Ermənistanın cənubuna hücum edəcəyinə dair yalan məlumatlar yayılır. Ermənistan sürətlə silahlandırılır”.

R.Məmmədova dedi ki, erməni diaspor və lobbisinin çox güclü olduğu ABŞ, Fransa kimi ölkələr bu prosesdə xüsusi fəallıqları ilə seçilirlər: “Həmin dövlətlər Ermənistan vasitəsilə Cənubi Qafqazda böyük rol oynaya biləcəklərini düşünürlər. Bu məqsədlə Ermənistana ciddi maliyyə resursları ayrılır. Hindistan BRICS təşkilatı daxilində Rusiya ilə çox yaxşı münasibətlərdə olsa da, Ermənistanı silahlandırır. Təbii ki, Nyu-Dehli bu məsələyə daha çox iqtisadi prizmadan yanaşır. Hindistana silah satmaq üçün bazar lazımdır. Fransadan fərqli olaraq, Hindistan silah satışı bazarında yeni olduğu üçün, belə deyək, müştəri axtarır. Cənubi Koreya və digər ölkələr də silah bazarında öz yerlərini tutmaq istəyirlər. Ermənistan da bundan yararlanmağa çalışır”.

Politoloq onu da qeyd etdi ki, silah alması üçün Ermənistana həm yol, həm də maddi dəstək göstərən dövlətlər var. Bununla da Hayastan rəhbərliyi öz ordusunu daha da gücləndirir. Nəticədə İrəvanda yeni “arzular” baş qaldırır. Onlar düşünürlər ki, ABŞ, Fransa, digər Avropa dövlətləri, İran və sair ölkələr yeni mümkün müharibədə İrəvana dəstək verəcəklər. Ancaq Azərbaycanın həm maddi və hərbi resursları, həm də dünyada dostlarının sayı daha çoxdur. Əgər Ermənistan verilən yardımlarla silah-sursat alırsa, Azərbaycan öz gücü hesabına bunu edir.

Səxavət HƏMİD
XQ





Siyasət