İrəvanın hüquqi avantürizmi

post-img

Paşinyan iqtidarı gözdən necə pərdə asır?

Ermənistan Konstitusiya məhkəməsinin Müstəqillik bəyannaməsinin konstitusiyada yer almayan müddəalarının etibarsızlığına dair qərarı geniş müzakirə predmetinə çevrilməkdədir. Birmənalı olaraq demək mümkündür ki, ölkənin hakim düşərgəsindən başqa, bütün siyasi qüvvələri bu qərara qarşıdır. Bu fonda baş nazir və komandası isə susqundur.

Erməni iqtidarı Konstitusiya məhkəməsinin qərarını Azərbaycanın Ermənistanın qanunvericilik sənədlərində qonşulara qarşı ərazi iddialarının aradan qaldırılmasına dair tələbinin yerinə yetirilməsi kontekstində əsaslandırmağa tələsmir.

Ona görə ki, iqtidar bunu özünə sığışdırmır, hesab edir ki, açıq tekstlə real mahiyyətdən danışmaq müxaliflərdə hiddət və qəzəb doğuracaq. Ən əsası isə rəsmi İrəvan avantürist iddialardan uzaq durduğunu rəsmən açıqlamaq niyyətində deyil. Mövzu ilə bağlı hələlik ancaq Ermənistan parlamentinin spikeri Alen Simonyanın fikri var. Onun dediyi budur: Bakı İrəvan qarşısında yeni tələblər qoya bilər. Yəni, indidən vurğu ölkəmizi qaralamaq üzərinə qoyulur. Deməli, Simonyan Konstitusiya Məhkəməsinin qərarının mənasızlığını dərk edir. Elə Paşinyanın digər həmfikirləri də eyni düşüncədədirlər.

Görünür, erməni hakim komandası məsələni yalnız beynəlxalq müstəvi üçün nəzərdə tutur. Təxminən belə: Azərbaycanın tələbini yerinə yetirdik, indi ölkə sülhə gəlmək istəmir. Söhbət hansı sülhdən gedir, bu da məlumdur. Rəsmi İrəvan və onun xaricdəki havadarları yalnız erməni avantürizminin ayaqda qalacağı sülhü istəyirlər. Çalışırlar ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə düşən öhdəliyi yerinə yetirməsin. Söhbət Naxçıvana maneəsiz – heç bir gömrük və sərhəd nəzarəti olmayan yolun təmin edilməsindən gedir. Buna qarşılıq “Dünyanın kəsişməsi” ideyası ortaya atılır ki, təşəbbüsün Ermənistanı qlobal beynəlxalq tranzitin açar nöqtəsinə çevirməsi nəzərdə tutulur.

Azərbaycanın proseslərin vurğuladığımız gedişatı ilə razılaşmayacağı bəllidir. Ölkəmiz ona görə razılaşmır ki, “Dünyanın kəsişməsi”nin reallaşması nəticəsində güclənəcək Ermənistan həm mühüm kommunikasiyaların işini pozmaq, təhdid yaratmaq şansı qazanacaq, həm də ölkənin yenidən ərazi iddiasına baş vurması ehtimalı böyükdür.

Azərbaycan gələcəyə kompleks şəklində baxır. Bu səbəbdən Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinin vacibliyi ilə yanaşı, ölkənin dövlət sənədlərindəki ərazi iddialarının aradan qaldırılmasına dair şərt irəli sürür. Hazırkı reallıq onu deməyə əsas verir ki, rəsmi İrəvan hər iki məsələdən boyun qaçırır. Məlum olduğu kimi, Paşinyan iqtidarı Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı məsələsini qabardır, bu yolla üçtərəfli bəyanatdan imtina yolunu tutur. Bilavasitə, ikinci məsələyə gəldikdə isə Ermənistan Konstitusiya məhkəməsinin qərarı müxtəlif interpretasiyalar üçün tam açıqdır. Yəni, bu qərar hələ ölkənin qonşulara qarşı ərazi iddialarından daşınması anlamına gəlmir.

Qeyd edək ki, Ermənistan SSR Ali Soveti Müstəqillik Bəyannaməsini 1990-cı ilin avqustunda qəbul etmişdi. Sənəd gələcək dövlətin konturlarından ibarətdir. Bəyannamənin preambulasında, elə birinci abzasındaca Qarabağı Ermənistana birləşdirmək istəyindən danışılır. 11-ci bənddə isə 1915-ci ildə Osmanlı dövlətində yaşananlar “erməni soyqırımı” kimi təsvir olunur və qondarma soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq məramı açıqlanır. Sonradan, yəni 1995-ci ildə qəbul edilmiş Ermənistan konstitusiyası isə Müstəqillik bəyannaməsinə əsaslanıb. Bundan imtina bir məhkəmə qərarı ilə ola bilərmi? Aydındır ki, yox.

İkincisi, Azərbaycanın tələbi Ermənistanın bütün dövlət sənədlərindəki ərazi iddiasının aradan qaldırılması ilə bağlı idi. İndiki halda Müstəqillik bəyannaməsindən imtina yoxdur. Prinsipcə, Ermənistanın ondan imtinasının qeyri-mümkünlüyünün hüquqi aspektləri də mübahisələndirilə bilər. Çünki 1990-cı ildə müstəqil Ermənistan mövcud deyildi. Deməli, hazırkı erməni dövlətinin dövlətsizlik şəraitində qəbul edilmiş sənədə müdaxilə səlahiyyətinin uzaqlığından söz açılması mümkündür. Erməni qövmündən nə desən, çıxar...

Ermənistan Konstitusiya məhkəməsinin qərarı ilə bağlı çoxsaylı qeyri-müəyyənlikləri sənədə əks çıxan cinahların təmsilçiləri də vurğulayırlar. Əslində, onların məsələyə münasibətindəki ayrı-ayrı nüanslarda rəsmi İrəvanın gələcək üçün ehtimal edilən manipulyasiyalarının işartıları var. Tutaq ki, ölkə konstitusiyası Müstəqillik bəyannaməsinin özündə olmayan müddəalarını nəzərə almır. İndiyədək nəzərə aldığı yazılmışdı ki, Konstitusiya məhkəməsi indi bunun əksini sübut etməyə çalışır? Xeyr! Məhkəmə qərarı erməni əsas qanununun bəyannaməyə istinaddan tam imtinasıdırmı? Əlbəttə ki, yox! Belə bir məsələ hüquqi cəhətdən də yolverilməzdir. Çünki onun reallaşması referendumdan keçməlidir. Deməli, bu prizmadan da Konstitusiya məhkəməsinin qərarının hansısa əhəmiyyəti yoxdur. Qərar şərh mahiyyətlidirsə, əhəmiyyəti heç yoxdur.

Nə vaxtsa məhkəmənin tam fərqli şərhi də mümkündür. Nəzərə alaq ki, bunun üçün imkanlar saxlanılmaqdadır. Digər tərəfdən, erməni cəmiyyətinə həmişə təlqin edilib ki, Müstəqillik bəyannaməsi konstitusiyanın bir hissəsidir. Mövcud baxışda dəyişiklik varmı? Xeyr! Başqa bir yandan, bəyannamənin ayrı-ayrı müddəalarından imtina məntiqi yerinə düşmür. Çünki orada göstərilənlər, hətta ərazi iddialarının özü də normativ hüquqi akt kimi təsvir edilə bilməz. Elə isə sual oluna bilər: Azərbaycan nə üçün Ermənistan qarşısında belə bir tələb qoyub? Ölkəmiz ümumən təminat axtarışındadır və sülh üçün səmimiyyətin başlıca faktor olduğunu qəbul edir. İstəyir ki, Ermənistan otuz ilə yaxın müddətdə işğalçılıq siyasəti gerçəkləşdirən ölkə olaraq buna yol verməyəcəyinə dair həm siyasi, həm də mənəvi öhdəlik götürsün. Amma görürük ki, belə bir öhdəlik yoxdur və Ermənistan Konstitusiya məhkəməsinin qərarı gözdən pərdə asmaqdır.

Digər bir məqama diqqət yetirək. Yuxarıda da vurğuladıq ki, Ermənistanın Müstəqillik bəyannaməsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsindən söz açılıb. Məlumdur ki, sonradan “Qarabağın müstəqilliyi” tezisi gündəmə gəldi. Ermənistan konstitusiyası “Qarabağın müstəqilliyi”nə dair hüquqi norma müəyyənləşdirmir. O zaman Konstitusiya məhkəməsi nədən imtina edib? Olmayan şeydənmi?

Əvvəldə bildirdik ki, erməni iqtidarı Konstitusiya məhkəməsinin qərarını şərh etməyə könülsüz yanaşır. Ancaq bunun zərurətə çevrilməsi proqnozlaşdırılır. Çünki məsələ erməni cəmiyyətində geniş müzakirə predmetinə çevrilməkdədir. Belə bir durumda Paşinyan və komandasının üzvləri nələrin üzərində dayana bilərlər? Məsələn, onların Konstitusiya məhkəməsinin qərarına əsasən, bəyannamənin Qarabağa aid bəndinin normativ deyil, simvolik xarakter daşıması ilə bağlı şərhlər vermələri mümkündür. Ən başlıcası isə erməni iqtidarının konstitusiyanın dəyişdirilməsinə ehtiyacın qalmadığına dair fikri tirajlaması proqnozlaşdırılır.

Yəni, söhbət prinsipcə əvvəlki formaya qayıdılmasından gedir. Məlumdur ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları 1988-ci ildə başlamışdı. Həmin vaxt Müstəqillik bəyannaməsi yox idi. Yəni, erməni avantürizmi üçün nəyinsə yazılması heç bir önəm daşımır. Bunu Azərbaycan cəmiyyəti də, dövləti də gözəl bilir. Torpaqlarımızın işğalı zamanı da hansısa sənəd əsas götürülməmişdi. Məqsəd sırf Qarabağı Ermənistana birləşdirməkdən ibarət idi. Lakin Azərbaycan buna qarşı çıxdı və havadarları İrəvana məsələnin beynəlxalq hüquq baxımından yolverilməzliyini anlatdılar. Nəticədə “Qarabağın müstəqilliyi” ideyası ortaya atıldı. Ermənistan danışıqlar prosesində separatçıları ayrıca tərəf kimi göstərməyə cəhd göstərdi. Ancaq onları dövlət kimi tanımadı. Görünür, buna bəyannamə imkan vermirdi.

Deməli, həmin sənədin konstitusiyada yer almayan müddəalarından imtina “Qarabağın müstəqilliyindən” imtina deyil. Üstəlik, baxırıq ki, rəsmi İrəvan və xaricdəki dəstəkçiləri Qarabağda “etnik təmizləmə”dən danışır, məsələni beynəlxalq platformalara daşıyır, həmçinin Bakı həbsxanalarındakı separatçı liderlərin azadlığa çıxmaları üçün kampaniyalar təşkil edirlər. Deməli, bölgənin Ermənistana birləşdirilməsi məntiqindən imtina olunur, “Qarabağda erməni hakimiyyəti” amili üzərində dayanılır. Aydındır ki, əgər bölgədə erməni dövləri qurulsa, sonradan onun Ermənistana birləşməsi su içimi kimi bir şey olacaq.

Sonda onu vurğulayaq ki, hər bir halda, Ermənistan avantürizmdən daşınmır. Azərbaycan prosesləri müşahidə edir. Ölkəmizdə yaxşı dərk edilir ki, İrəvanın gerçəkləşdirdikləri spekulyativ gedişlərdir. Problem Ermənistanın bu sayaq bəsit siyasi manevrlərə ümid bəsləməsindədir. Əvvəlki yazılarımızda da bildirdiyimiz kimi, Ermənistan odla oynayır.

Ə.RÜSTƏMOV
XQ

Siyasət