Ötən ayın son günlərindən uşaqlar arasında yayılan qəribə bir xəstəlik artıq valideynlərin narahatlığına səbəb olub. Balacalarda yüksək hərarət, öskürək, qusma, ishal kimi hallar günlərlə davam edir. Bəziləri iddia edir ki, bu, koronavirusun yeni ştammıdır. Yeni hansısa virusun yayıldığını ehtimal edənlər də var.
Yayılan xəbərlərdə bildirilir ki, xəstəlik uşaqlarda bəzən boğulma, xırıltılı səslə müşahidə olunur. Hərarətsalıcılar və digər preparatlar yüksək temperaturun enməsinə, ümumiyyətlə, uşağın sağalmasına kömək etmir. Son həftələrdə poliklinika və xəstəxanalara məhz bu əlamətlərlə müraciət edənlərin də sayı artıb.
Bütün bunlara aydınlıq gətirmək üçün “Memorial Klinika”nın pediatrı Vaqif Qarayevdən “XQ” üçün müsahibə aldıq. Həkim hazırda uşaqlar arasında yayılan müxtəlif gedişli xəstəliklə bağlı ətraflı məlumat verdi, valideynlərə tövsiyəsini açıqladı:
– Əslində, burada qeyri-adi bir xəstəlik yoxdur. Payız fəslində həmişə olduğu kimi, havanın dəyişkənliyi ilə bağlı bəzi viruslar yenə baş qaldırıb. Ən çox respirator viruslar, yəni tənəffüs yolu sistemini zədələyən infeksiyalar özünü göstərir. Amma bu il həm xalq arasında soyuqdəymə dediyimiz xəstəlik, bir də qeyd etdiyiniz qusma, ishalla müşahidə olunan xəstəliklə bağlı müraciətlər var. İkincini yaradan səbəb uşaqlarda koksaki virusunun olduğuna işarədir. Hazırda hər ikisinə aid əlamətlər var. Birinci halda öskürək, boğaz ağrısı, yüksək qızdırma, burun tıxanıqlığı, digər virusun yaratdığı xəstəlikdə isə qızdırma, ishal, qusma müşahidə edilir.
– Xəbər yayılıb ki, bu yoluxma koronavirusun “Omicron” ştammının mutasiyalarından biri ilə bağlıdır.
– Belə deyil, bunlar mövsümlə bağlı hər il müşahidə etdiyimiz xəstəliklərdir. Ötən illərdə də olub, bu il də var, gələcək illərdə də müşahidə ediləcək. Bəzilərinin dediyi kimi, uşaqlar arasında yayılan bu xəstəliklər koronavirusla, onun mutasiya olunmuş ştammları ilə bağlı deyil. Olsa belə, daha yüngül formada keçir və uşaqlar arasında da problem yaratmır.
– Xəstəlik həm məktəb yaşlı, həm də daha kiçik uşaqlar arasında yayılıb.
– Məktəblərin açılması, havaların dəyişkən olması, uzun müddət bir-birindən ayrı düşən şagirdlərin yaxın təması xəstəliyin yayılmasını sürətləndirir. Onlar xəstəliyi evə bayırdan gətirirlər. Evdə bağça yaşlı uşaq varsa, onun xəstələnməsi labüd olur. 3 yaşa qədər olan uşaqların xəstələnməsinə ciddi diqqət edilməlidir. Xüsusən qusma, ishalla gedən xəstəlik kiçik yaşlı uşaqlar üçün qorxuludur. Çünki onlar qusma və ishalla çoxlu maye itirirlər. Vaxtında buna müdaxilə olunmasa, xəstənin vəziyyəti çox ağırlaşa bilər və hətta xoşagəlməz hallar baş verər.
1 yaşa qədər uşaqlarda bu əlamətlərin olması daha təhlükəlidir. Valideyn mütləq həkimə müraciət etməlidir. Çünki itirilən mayenin yeri kompensasiya olunmalıdır. Uşaq su içə bilmirsə, uşağa lazım olan preparatlar infuziya (el arasında deyildiyi kimi sistem) yolu ilə yeridilir. Su içə bilən uşaq gün ərzində davamlı maye qəbul etməlidir. Amma yenə də burada həkim məsləhəti və müdaxiləsi önəmlidir. Çünki ishala qarşı müəyyən preparatların təyin olunması vacibdir.
Sadaladığınız o biri əlamətlərlə özünü göstərən xəstəlik barədə deyə bilərik ki, bu, qrip deyil. Qrip tamamilə başqa virusların törətdiyi xəstəlikdir. Amma biz adi qızdırmaya da, burun tıxanıqlığına da qrip deyirik. Qrip ciddi xəstəlikdir. Vaxtilə 10 milyonlarla insanın həyatına son qoyan “ispanka” adlanan qrip olub. Hələ ki, həmin qrip müşahidə olunmur, arzulayaq ki, heç yenidən üzləşməyək. Amma, yeri gəlmişkən, onu da mütləq qeyd etməliyik ki, hazırda ölkəmizdə qripə qarşı peyvəndlər var və dövlətin tibb müəssisələrində vaksinasiya aparılır.
– Valideynlərə tövsiyəniz...
– Ata-analara tövsiyə edərdim ki, uşaqları peyvənd etdirməkdən çəkinməsinlər. Öskürək, boğaz ağrısı, burun tıxanıqlığı və hərarətlə gedən xəstəliklərdə temperatura mütləq nəzarət etsinlər. Temperatır 38 dərəcədən yuxarı olarsa, mütləq hərarətsalıcılardan istifadə olunmalıdır.
Hazırda burun üçün kifayət qədər damcı dərmanları var. Dəniz duzu ilə zəngin akvamaris, akvalor kimi preparatlardan istifadə etməklə burun tıxanıqlığını aradan qaldırmaq lazımdır. Uşaqlar gün ərzində çoxlu maye qəbul etməlidirlər. Qidalarında tərəvəz və vitaminlərdən bol-bol istifadə etsinlər. Təkar edirəm ki, 3 yaşa qədər uşaqlarda sadaladığımız əlamətlərdən hər hansı biri müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.
Hazırladı:
Zərifə HÜSEYNOVA
XQ