Vətən müharibəsinin xronikası: 9 oktyabr

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzdək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri işğaldan azad olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bununla əlaqədar xalqa müraciət edib. Dövlətimizin başçısı adları çəkilən yaşayış məntəqələrinin işğaldan azad olunması münasibətlə bütün Azərbaycan xalqına təbrikini çatdırıb. Ölkə rəhbəri daha sonra deyib: “Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə sahib olubdur”.

Azərbaycan Prezidenti xalqa müraciətində döyüş şəraitində düşmən əlinə Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika keçmədiyini, işğalçının bununla bağlı faktları saxtalaşdırdığını, öz xalqını, beynəlxalq aləmi aldatdığını vurğulayıb. Eyni zamanda, Azərbaycan Ordusunun döyüşlərdə öz üstünlüyünü göstərdiyini, əsgər və zabit korpusunun yüksək mənəvi psixoloji keyfiyyətlər nümayiş etdirdiyini bildirib: “Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil. Onlar mövqeləri qoyub qaçırlar. Baxmayaraq ki, 30 il ərzində təmas xətti boyunca və bir neçə xətt üzrə dərin eşelonlanmış müdafiə sistemi qurulub. Mühəndis-istehkam qurğuları qurulub. Onları yarmaq, onları keçmək çox çətindir. Bəzi hallarda bəzi istehkamları keçmək üçün bizə bir neçə gün lazım olur. Eyni zamanda, biz bütün işləri elə aparırıq ki, az itkilər verək”.

• Prezident İlham Əliyev “CNN International” televiziya kanalının “Connect the World” verilişində müsahibə verib. Ali Baş Komandan müsahibədə diqqətə çatdırıb ki, bu müharibə ilə bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaq hüququmuzu müdafiə etməkdən ibarətdir. Sentyabrın 27-də Azərbaycanın hərbi mövqelərinə, şəhər və kəndlərimizə artilleriya atəşi açan Ermənistan olmuşdur. Toqquşmalar gedən günlərdə Ermənistan ordusu tərəfindən 31 nəfər mülki şəxs qətlə yetirilmişdir, demək olar ki, 200 nəfər yaralanmışdır, mindən çox ev dağıdılmış və ya onlara ciddi ziyan dəymişdir. Biz cavab verməli idik, özümüzü müdafiə etməli idik. Bizim cavabımız Ermənistan üçün çox həssas və ağrılı oldu. Onlar çox ciddi məğlubiyyət acısını yaşadılar, onlar bizdən qaçdılar, biz ərazimizin bir hissəsini azad etdik, biz işğaldan azad olunmuş ərazilərə milli bayrağımızı sancdıq. Biz ərazi bütövlüyümüzü bərpa edirik və biz haqlıyıq. Biz öz torpağımızda savaşırıq, Ermənistan digər ölkənin torpağında vuruşur”.

• “Sky News” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsini yayımlayıb. Müsahibədə jurnalistin “25 faiz azərbaycanlı əhalinin Dağlıq Qarabağa qayıtmasına icazə verilsə, siz Dağlıq Qarabağın müstəqilliyini tanıyarsınız?” sualına cavabında dövlətimizin başçısı bildirib ki, bu məsələ heç vaxt danışıqlar masasında olmayıb. Azərbaycanın mövqeyi həmişə çox aydın olub: Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini heç vaxt tanımayacaq: “Çünki bu, bizim qədim torpağımızdır. Dağlıq Qarabağın tarixi indi yaxşı məlumdur. İkincisi, bu, Azərbaycanın tərkib hissəsidir və biz kiçik sayda olan insanlara nəyə görə müstəqillik verməliyik? Azərbaycan dünyadakı bütün ölkələr kimi multietnik ölkədir. Milli azlıqlar Azərbaycanda və dünyanın bir çox ölkələrində sülh və ləyaqət içində yaşayırlar. Milli azlıq olmaq o demək deyil ki, sizin ayrılmağa, separatizmə hüququnuz var. Separatizm beynəlxalq ictimaiyyət üçün böyük təhlükədir və dünyanın bütün ölkələri separatizmi qınayır”.

Prezident İlham Əliyev müsahibədə vurğulayıb ki, ölkəmizə qarşı yönələn işğal faktı Dağlıq Qarabağda ermənilərin separatizminin və Azərbaycana qarşı Ermənistan dövlətinin hərbi təcavüzünün nəticəsi idi. Bu da bizim indi üzləşdiyimiz vəziyyətə gətirib çıxardı. İşğal bir milyon azərbaycanlının köçkün düşməsi, azərbaycanlılara qarşı etnik təmizləmə aparılması, şəhər və kəndlərimizin dağıdılması ilə nəticələndi: “İndi biz ərazilərimizi azad etdikdə orada baş verənlərə dair videolar mövcuddur. Hər şey məhv edilib, sanki Stalinqraddır, İkinci Dünya müharibəsindən sonra Stalinqradın vəziyyətindən daha da pisdir”.

• Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri cəbhənin mühüm istiqamətlərində düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb. Ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.

• Müdafiə Nazirliyi: Ermənistan ərazisindən Mingəçevir şəhəri istiqamətində atılan ballistik hədəf Azərbaycanın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq 20 kilometrdən artıq hündürlükdə məhv edilib.

• Müdafiə Nazirliyi düşməndən azad edilən Suqovuşan yaşayış məntəqəsinin görüntülərini paylaşıb.

• Baş Prokurorluq: Döyüşlərdə Ermənistan tərəfindən iştirak etmiş Fransa vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyan barəsində cinayət işi başlanıb.

• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərində Azərbaycan bayrağının dalğalanmasını əks etdirən görüntüləri paylaşıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 9 oktyabr saat 17:00-a olan məlumata görə, 31 mülki şəxs həlak olub, 168 nəfər isə xəsarət alıb. Həmçinin 1091 ev, 143 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb. Bu barədə Baş prokurorluq məlumat yayıb.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

XQ





Siyasət