Laçınım, Laçınım, Laçınım mənim...

post-img

“MDB-nin mədəniyyət paytaxtı” estafetini Səmərqənddən alan dağlar gözəli

Xatırlayıram, 50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və onlara demişdim ki, – yeni köçkün şəhərciyi açılırdı – dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu. Əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşımı Şuşada qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu, böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Laçın şəhəri, 26 avqust 2023-cü il

Kütləvi informasiya vasitələrinin son günlər Moskvadan verdiyi xəbərlər əsnasında “Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq” – cümləsini eşidəndə beynimdən keçən ilk fikirlər belə oldu: “Allah səni qorusun, Azərbaycan Ordusu, eşq olsun sənə, Ali Baş Komandanımız!” Dərhal da cənab Prezidentin ötən ilin avqustunda Laçında söylədiyi fikirləri öz-özümə təkrar elədim ki, bu məzmunda qəzet materialı hazırlamalı olsam, istifadə edim.

Xatırladaq ki, Moskvada Laçının MDB ölkələrinin mədəniyyət paytaxtı elan ediləcəyi barədə məlumatı hansısa informasiya agentliyi və ya qəzet əməkdaşı deyil, birbaşa Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov keçirdiyi brifinqdə səsləndirmişdi. O da əlavə edilmişdi ki, 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtıdır.

Əvvəlcə onu xatırladım ki, Ali Baş Komandanımızın həmin gün Həkəri çayının sahilindəki meydanda keçirilən “Laçın Şəhər Günü” adlı tədbirdə əyləşməsini lentə köçürən fotomüxbirlərin bəxti gətirmişdi. Çünki dövlət başçımız o tədbirdə elə xoşbəxt idi, elə əmin-arxayın əyləşmişdi ki, istənilən azərbaycanlı onu görəndə deyərdi: Daha bizə zaval yoxdur!

Cənab Prezident orada xatırlatdı ki, Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Sonra əlavə etdi ki, əslində, hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi. Amma Laçının işğalı strateji nöqteyi-nəzərdən böyük bir sınaq idi, böyük bir fəlakət idi: “Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni, bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi – çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edilmişdi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızın işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdur”.

Bəli, barbar qonşularımızın onillər boyu işğal altında saxladıqları Laçın, Şuşa, Füzuli və digər şəhərlərimiz artıq beynəlxalq aləmin diqqət mərkəzindədir. İşğal dövründə buralara “erməni əsgərlərinin hünərini” görmək istəyən bəzi fransız turistləri və qonşu ölkələrdən hansınınsa narkotacirləri gəlirdilərsə, indi Şuşa, Laçın, Füzuli, Ağdam, demək olar ki, hər ay dünyanın sayılıb seçilən ziyalılarını, siyasətçi, diplomat, səyyah, mədəniyyət xadimi və KİV təmsilçilərini qəbul edir.

Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrdən Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın təmsilçiləri bizim işğaldan azad edilmiş ərazilərimizə dövlət başçısı səviyyəsində səfər ediblər. Rusiya təmsilçiləri isə həmin ərazilərdə keçirilən beynəlxalq tədbirlərin hamısında iştirak edirlər. Yəni vəhşi qonşularımızın bu şəhər və kəndlərimizdə törətdiyi barbarlıqların miqyası hamıya məlumdur. O da faktdır ki, bu dağıntı və xarabalıqlar MDB miqyasında hamıdan çox Ermənistana məlumdur. Yeri gəlmişkən, Ermənistan rəhbərliyi MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi toplantısında yenə cığallıq edərək qurumun yaymaq istədiyi iki sənədi imzalamadı. Onsuz da onların hansısa sənədi imzalayıb-imzalamamasının heç bir əhəmiyyəti yoxdur. Çünki Nikol Paşinyan hansısa sənədə imza atıb İrəvana qayıdınca okeanın o biri tayından zəng gəlir ki, Nikol, həmin imzadan imtina et. O da imtina edir.

Laçın haqqında danışanda mən daha iki laçınlını xatırlayıram. Biri ötən əsrin son onilliyində Geologiya İdarəsində işləyən Akif Quliyev idi. O, Laçının Minkənd kəndindən idi. Mən həm dövlət radiosunda çalışarkən, həm də sonralar “Bakı” qəzetində uzun müddət davam etdirdiyim bir rubrikanın mövzuları üçün onunla tez-tez görüşürdüm. Akif müəllim danışırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin oxumaq üçün xaricə göndərdiyi yüz gəncdən 11-i Laçından, həmin 11 nəfərin doqquzu isə Minkənddən idi. Azərbaycanın çoxlu rayon və kəndləri olduğunu nəzərə alsaq, bu rəqəmlərin fərqinə varmalıyıq.

Xatırladığım ikinci laçınlı isə işğaldan əvvəl rayonda müəllim işləmiş Əlqəmə Əhmədov idi. Bu adam Laçının işğalından ömrünün sonunadək (səhv etmirəmsə, 2013-cü ildə vəfat etmişdir) hər il işğalın ildönümü ərəfəsində redaksiyamıza yazı gətirirdi. Hər dəfə elə bilirdim ki, köhnə yazılarından hansınısa gətirəcək. Ancaq hər dəfə yeni yazı ilə gəlirdi. Bəlkə də Laçının muzey işçiləri, yaxud bu rayonun tarixini öyrənən alimlər Laçın haqqında onun qədər məlumata malik deyildilər.

Əlqəmə müəllim yazırdı ki, Laçının işğalı zamanı 13 min 745 yaşayış evi qarət edilərək yandırılıb. Ümumilikdə, Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib. Rayon 267 nəfər şəhid verib, 66 laçınlı girov götürülüb. İşğala qədər orada 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib.

Fikrimcə, Laçın haqqında danışarkən Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni istismar edən əcnəbi şirkətlərin fəaliyyətinə etiraz edən ekofəallarımızın 2023-cü ilin aprelində yaydığı bəyanatı da yada salmağa zərurət var. Orada deyilirdi ki, qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən Laçın – Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyası 138 gündür ki, davam edir :

“Biz ötən müddətdə gecə-gündüz fasiləsiz keçirilən aksiyada təbii sərvətlərimizin talan edilməsi ilə bağlı şüarlar səsləndirmiş, beynəlxalq ictimaiyyət və təşkilatlardan Azərbaycan ərazilərində törədilən ekoloji cinayətlərə son qoyulmasını istəmişik. Gənc könüllülər və ekofəallar olaraq Azərbaycanın bu sahədə tələbini dünya ictimaiyyətinə çatdırmaqdan və öz haqlı mübarizəmizi aparmaqdan şərəf duyuruq!”

... Hər halda, biz daha həmin tarixə qayıtmır, Laçının bərpasından, möhtəşəm quruculuq işlərindən söz açırıq. Elə bu sətirləri də dövlət başçımızın yuxarıda qeyd etdiyimiz tədbirdə laçınlılara xitabən səsləndirdiyi fikirlərlə tamamlayırıq:

“Əziz laçınlılar, mən sizi bir daha ürəkdən salamlayıram, Şəhər Günü münasibətilə təbrik etmək istəyirəm. Əminəm ki, siz öz dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqsınız. Siz buna layiqsiniz. 30 il siz həm fiziki, həm də mənəvi əzab çəkmisiniz. Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq!”

İnanırıq ki, həmişə belə olacaq, İnşallah!

İttifaq MİRZƏBƏYLİ



Sosial həyat