Oktyabrın 2-dən 8-dək Azərbaycan paytaxtında təşkil olunan 10-cu Beynəlxalq Kitab Sərgisinə dünən yekun vurulub. Səmərəli keçən bir həftə ərzində dünyaşöhrətli yazarlar, yerli ədəbiyyat adamları və sərginin digər fəxri qonaqları ilə maraqlı və yaddaqalan görüşlər keçirilib.
Bayram çərçivəsində, həmçinin uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları da təşkil olunub.
Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə görkəmli qazax alimi, akademik Darxan Kidralinin “Daşa yazılan tarix”, dahi türkmən şairi Məhdimqulu Fəraqinin “Aşiq olmuşam” kitablarının təqdimatı olub. Mərasimlərdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov, alimlər Firuzə Ağayeva, İsmixan Osmanlı və digər natiqlər bu cür nəşrləri ümumilikdə türk xalqlarının birgə tarixi və ədəbi keçmişinin öyrənilməsi üçün əhəmiyyətli mənbə kimi dəyərləndiriblər.
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə əməkdaşlığı ilə Rusiyada nəşr olunmuş “Qətl günü” (Yusif Səmədoğlu), “Beş dəqiqə və ədəbiyyat” (Elçin) və “Əfsanənin ikinci həyatı” (Elvira Araslı) kitablarının təqdimatı da maraq doğurub. Mərasimdə çıxış edən Mərkəzin ədəbi əlaqələr üzrə koordinatoru Püstə Axundova, Rusiya Tərcümə İnstitutunun direktoru, tanınmış şair Yevgeni Rezniçenko, tərcüməçilər Etimad Başkeçid, Mahir Qarayev və İmir Məmmədli, professor Telman Cəfərov və başqaları Rusiyada işıq üzü görmüş kitabların mövzu aktuallığı, bədii məziyyətləri haqqında fikirlərini bölüşüblər.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Hikmət Barutçugilin Ebru sənəti mövzusunda ustad dərsində əvvəlcə videoçarx göstərilib. Sonra Məhəmməd Füzulinin “Su qəsidəsi” əsərini Ebru sənətində canlandırmış ustad Hikmət Barutçugil bu yaradıcı sahənin özəlliklərini izah edib. İştirakçılar gənc nəsil arasında bu sənətin tanıdılması və yayılması üçün gözəl imkanların olduğunu bildiriblər.
Milli Aviasiya Akademiyası tərəfindən isə “Füzulinin söz dünyası” mövzusunda açıq dərs təşkil olunub. Akademiyanın müəllimi pedaqoji elmlər üzrə fəlsəfə doktoru Zəminə Abdullayeva şairin əsərləri əsasında onun sevgi, hikmət, ilahi məhəbbət mövzularına yanaşmasını ətraflı təhlil edib. Tələbələr və mütəxəssislər Füzulinin poetik dili, fəlsəfi düşüncəsi, onun klassik Şərq ədəbiyyatında yeri barədə fikirlərini bölüşüblər. Şairin yaradıcılığına həsr edilmiş videoçarx da izlənilib. Videoçarxda ulu öndər Heydər Əliyevin Məhəmməd Füzuli haqqında çıxışından kadrlar da yer alıb.
AYB-nin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu oxucularla görüşündə şeirlərini söyləyib, fikir mübadiləsi aparıb. Eləcə də Cavid Zeynallının, Fəxri Ağayevin kitablarının təqdimatı olub. Qeyd edilib ki, sərgi çərçivəsində keçirilən bu cür görüşlər oxucuların yazarlarla birbaşa ünsiyyət qurmasına, ədəbi mühitlə daha yaxın tanış olmasına şərait yaradır.
Sərgidə təqdimatı keçirilən “Ən böyük dissident elə mən özüm olmuşam! Heydər Əliyev və yaradıcı ziyalılar” ikicildliyinin müəllifi Xalq yazıçısı Elmira Axundova deyib:
– Çalışacağam ki, bu kitabın ardı da gəlsin, işim çoxşaxəli olsun. Məsələn, “Heydər Əliyev və cavanlar”, “Heydər Əliyev və həyat yoldaşı”, “Heydər Əliyev və ziyalılar”. Bunların hamısı çox maraqlıdır. Buna görə də onları çap etməyə davam edəcəyəm. Həmçinin indi kitablarım xarici dillərdə də çap edilir. Bu kimi sərgilər, görüşlər hamısı olduqca əhəmiyyətli işlərdir.
Sərginin son günü Mədəniyyət Nazirliyinin dəstəyi ilə şərqşünas Cəfər Həsənovun “Seyid Yəhya Bakuvi. Əsraru Talibin və ya həqiqət yolçularının sirləri” kitabının təqdimat mərasimində alimlər, ədəbiyyatçılar, oxucular, jurnalistlər və s. iştirak ediblər. Kitabın müəllifi əsərin yazılma prosesindən, S.Y.Bakuvi irsinin Azərbaycan mədəniyyətindəki əhəmiyyətindən söz açıb.
Xalq şairi Ramiz Rövşənin “Nəfəs” kitabının, Şuşaya aid virtual sərgilərin təqdimatı hər kəsin ürəyindən xəbər verib.
Minlərlə oxucu sərgi kampaniyalarından yararlanaraq, çoxsaylı yeni və dəyərli kitab alıb.
***
Dünən axşam sərginin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli 10-cu Bakı Kitab Sərgisində, ümumilikdə, 327 tədbirin keçirildiyini, həmçinin bir çox dünyaşöhrətli yazarların kitab təqdimatlarının və oxucularla görüşlərinin təşkil olunduğunu bildirib. O, ötən illə müqayisədə builki sərgidə yeni naşirlərin də iştirak etdiyini diqqətə çatdırıb.
Sonra mükafatlandırma mərasimi keçirilib. “Ən yaxşı kitab” nominasiyası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzuli Kitabxanası” seriyası, “Ən kreativ stend tərtibatı” nominasiyası üzrə Təhsil Nəşriyyat-Poliqrafiya MMC, “Everest” və “Çinar” nəşriyyatlarının stendi, “Ən çox oxunan uşaq yazarı” nominasiyası üzrə Bəhram Bağırzadə, “Ən çox oxunan müəllif” nominasiyası üzrə Elxan Elatlı, “Ən fəal nəşriyyat” nominasiyası üzrə isə “Qanun” və "TEAS Press" nəşriyyatları qalib elan edilib. Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və İctimai Televiziya və Radio Yayımları Şirkətinə “Media tərəfdaşı” sertifikatları təqdim olunub.
Ə.DOSTƏLİ
XQ