Bu günlərdə Bakıda keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün ölkəmizə gələn Gürcüstan Milli Parlament Kitabxanasının baş direktoru, professor Konstantin Qamsaxurdiya və Macarıstanın Seçenyi adına Milli Kitabxanasının baş direktor müavini Yudit Gerenser Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.
Muzeyin ekspozisiyası ilə tanış olaraq heyranlıqlarını ifadə edən qonaqlar daha sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovla görüşüblər.
Bakıda keçirilən Beynəlxalq Kitab Sərgisi kimi mötəbər tədbirlərin həm ədəbiyyatlar, mədəniyyətlər, həm də xalqlar və ölkələr arasında əlaqələrin inkişafına müsbət təsir göstərdiyini vurğulayan Rafael Hüseynov Azərbaycanın istər Gürcüstan, istərsə də Macarıstanla mövcud olan xoş münasibət və iş birliyinin belə tədbirlərin yaratdığı yaxınlaşmalar nəticəsində yeni impuls qazandığını söyləyib.
Həm Macarıstanın Seçenyi adına Milli Kitabxanasının Baş direktor müavini Yudit Gerenser, həm də Gürcüstan Milli Parlament Kitabxanasının baş direktoru, professor Konstantin Qamsaxurdiya Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə davamlı əlaqələrdə maraqlı olduqlarını bildiriblər və gələcək əməkdaşlığın perspektivləri, müştərək layihələr haqqında fikir mübadiləsi aparıblar.
Qabil YUSİFOĞLU
XQ