“Prezident təqaüdçüsü olmağımla bağlı ilk məlumatı mənə ailə üzvlərim verdi. Bu xəbəri eşidəndə çox sevindim, təəssüratlarımı dostlarımla bölüşdüm. Bu xəbər Qarabağ Universitetinə qəbul olunmağımdan sonra ikinci uğurumdur. Buna görə çox qürurluyam”.
Bu fikirləri “XQ”yə müsahibəsində Qarabağ Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Zenfira Nəsirova bildirdi. 684 balla Qarabağ Universitetinin hüquqşünaslıq ixtisasında təhsil alan Zenfira qeyd etdi ki, Xankəndi şəhərində yaşamaq və burada təhsil almaq olduqca xoşdur: “Hazırda tədris ilinin 3-cü həftəsidir. Dərslərimiz ənənəvi qaydadan fərqli olaraq, mühazirə və məşğələ şəklində keçirilmir. Tədris prosesi müzakirə, debat və sual-cavab üzərində interaktiv formatda qurulub. Müəllimlərimiz bilikləri, akademik məlumatları bizə ən asan üsullarla öyrətməyə çalışırlar. Biz də göstərilən diqqətə cavab olaraq yüksək nəticələr qazanmaq istəyirik. Qarabağ Universitetinə daxil olmuş tələbələr arasında ən yüksək balı mən toplamışam, Prezident təqaüdünə layiq görülən yeganə tələbəyəm və bunlar da məsuliyyətimi ikiqat artırır.”
Zenfira orta məktəbdə də bir çox nailiyyət əldə edib. Salyan şəhər Aşıq Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə oxuyarkən respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat üzrə gümüş medal qazanıb. Bununla yanaşı, 11-ci sinfi qızıl nişan və fərqlənmə attestatı ilə başa vurub.
Tələbə Qarabağ Universitetində yaradılan şəraitdən yararlanaraq yüksək ixtisaslı hüquqşünas olmağı qarşıya məqsəd qoyub.
Rizvan FİKRƏTOĞLU
XQ