Vətənsiz Simonyan

post-img

Yaxud erməni parlament sədrinin əcdadları üçün nekroloq əvəzi

Ermənistan parlamentinin spikeri Alen Simonyan yenə sərsəmləyib. Deyəsən, obrazlı desək, Aşıq Ələsgərin sazı onun da gözünə girib. Simonyan böyük el sənətkarının abidəsinin açılışı fonunda səslənmiş Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıtmaları mövzusuna həyasızcasına reaksiya verib. 

Əvvəlcə onu bildirək ki, rəsmi İrəvan Qarabağ ermənilərinin bölgəyə qayıtmaları ilə bağlı məsələni daim gündəmdə saxlamaqdadır. Bir vaxtlar bunu Azərbaycan-Ermənistan sülh gündəliyinin tərkib hissəsinə çevirmək cəhdləri nəzərə çarpırdı. Ermənistan hakimiyətinin Qarabağ ermənilərinə beynəlxalq təhlükəsizlik təminatı ritorikasına baş vurduğu, beləliklə, Azərbaycanın yurisdiksiyasını şübhə altına almaq yolu tutduğu vaxtlar da olub. 

Amma avantürist niyyətlərin heç biri baş tutmadı. Erməni qövmü özünün olmayan Qarabağ torpağından suyu süzülə-süzülə çıxdı. Hələ o qövmün 44 günlük müharibə zamanı Azərbaycan torpaqlarından “it kimi qovulduğundan” danışmırıq. Yaxşı olar ki, Simonyan mənsubu olduğu millətin üzləşdiyi bu rəzalət barədə düşünsün. Amma təkcə düşünməsin, eyni zamanda, nəticə çıxarsın. 

Belə bir misal var: yersiz gəldi, yerli qaç. Cənubi Qafqazda erməni qövmünün heç vaxt yeri olmayıb və bu “mahiyyətini” indi də saxlamaqdadır. Bunu söyləmək üçün əlahəzrət tarix var. Tarixdən məlumdur ki, ermənilərin yaşadığımız coğrafiyaya köçü 1826-1828-ci illərin Rusiya-İran müharibəsindən sonra yaşanıb. Əlbəttə, bundan əvvəl, hələ çar I Pyotrun zamanından mövcud istiqamətdə cəhdlər olub, ancaq reallaşmayıb. Daha doğrusu, Rusiya uğur qazana bilmədiyi üçün məsələ gerçəkləşməyib. 

Əlbəttə, tarixi faktların hamısını sadalamaq niyyətindən uzağıq. Heç şübhəsiz, Simonyan özü də hər şeydən xəbərdardır. Ancaq həm onun, həm də ümumən ermənilərin iki əsrdir qətiləşdirdikləri bir fikir var ki, o da azərbaycanlılar və türklərlə dinc şəkildə birgə yaşamın qeyri-mümkünlüyüdür. Bunun əksi imperiya maraqlarının yerinə yetiriməsinə fokuslanaraq zombiləşmiş erməni qövmünün gen yaddaşı üçün tam kənar durumdur. 

Simonyan nəzərə almalıdır ki, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiyası erməni xəstəliyinin nəticəsidir. Spiker onu da nəzərə almağa borcludur ki, bu xəstəlik, yəni, özünün də sıralarında təmsil olunduğu qövmün ərazi iddiası nəticəsində ortaya çıxmış acgözlüyü yaşanmasaydı, hazırda Cənubi Qafqaz coğrafiyasında sülh və əmin-amanlıq mühiti hökm sürürdü. Bu mühit olmadığından və Ermənistan dövləti avantürist və anarxist niyyətlərə kökləndiyindən, Azərbaycan xalqı haqqı olanı əldə etmək uğrunda mübarizə ruhundadır. Qərbi Azərbaycan məsələsi məhz buna görə gündəmdədir. 

Azərbaycanlıların tarixi vətənlərinə qayıdışı beynəlxalq hüququn və fundamental insan haqlarının ayrılmaz tərkib hissəsidir və Ermənistana qarşı ərazi iddiası deyil. Ərazi iddiası fonunda hər cür alçaqlığa yol verən sıralarında simonyanların, paşinyanların və digər yanların təmsil olunduqları Ermənistan adlı dövlət qırığıdır. Ancaq Simonyanı qınamaq olmur. Axı bu məxluqun mücərrəd, heyvanilikdən fərqlənməyən təfəkkür tərzi üçün fundamental insan haqları anlayışı yoxdur. Ona görə Qərbi azərbaycanlıların doğma ocağına qayıdış hüququnu ərazi iddiası kimi yozur. Başqa nə düşünsün? Əsla, mümkün deyil! 

Azərbaycan Ermənistana qarşı ərazi iddiası irəli sürməsə də, ölkəmiz və xalqımız tarixi yadda saxlayır və ondan nəticə çıxarır. Nəticə çıxarır ki, gələcəkdə növbəti deportasiyalarla, faciələrlə, fəlakətlərlə üzləşməsin. Ermənistan adlı dövlət qeyd etdiyimiz bu əməlləri törətməkdən imtina etmədiyinə, daim təcavüzkarlığa kökləndiyinə, niyyətini həyasızcasına pərdələməyə cəhd göstərdiyinə görə, tarixdə olanların hamısını bir-bir yada salacağıq. Məsələn, bildirəcəyik ki, Ermənistan qədim Azərbaycan torpağıdır. Simonyanın təmsil olunduğu komandanın həyasızlığı güclənəcəyi təqdirdə, bunu nəinki deyəcək, əməli fəaliyyətə də keçəcəyik. Bəlkə keçməyək? Bir halda ki, Ermənistan sülh istəmir, bölgədə yeni reallıqlar formalaşdırmağa həvəslənir, başqa nə etməliyik? İndi oturub gözləməliyik ki, erməni qövmü güclənsin və başımıza əvvəl açdığı oyunları təkrarlasın? Axı nə Paşinyan, nə Simonyan bunun bir daha baş verməyəcəyinə dair hansısa təminat vermir. Nəinki təminat vermir, üstəlik, erməni iqtidarı, demək olar, hər gün min oyundan çıxır. Hələ Ermənistandakı qatı revanşist və şovinist kəsimi demirik. Həmin sürü tam ayrı bir mövzudur... 

A.Simonyanın açıqlamasındakı növbəti həyasızlıq isə onun azərbaycanlıların tarixi vətən axtarışında Altay dağlarına göndərilməli olduğunu dilə gətirməsi, daha doğrusu, sərsəmləməsidir. Güman edirik, əvvəldə diqqətə çatdırdığımız tarixi məqamlarla Simonyanın, əslində, vətənsiz olduğunu sübuta yetirdik. Əlbəttə, demək çətindir ki, erməni spikerin əcdadları kimlərdir. Yəni, Azərbaycan torpaqlarına Türkiyədənmi, İrandanmı, Suriyadanmı və ya başqa haradan gələnlərdir. Güman edirik, o, öz mənşəyi barədə məlumatlı olar. Ululuğu olmayan babalarından bölgədə hansı təxribatçı planı gerçəkləşdirmək əmrinin verildiyini də soruşmamış olmaz. 

Yəni, erməni qövmü bölgəyə yaşamaq, rahat ömür sürmək üçün gətirilməyib. Simonyan dərk etməlidir ki, bu gün onun təmsil olunduğu komanda da eyni “ampluanı” icra etməkdədir. Ondan əvvəlki erməni hakimiyyətinin də məramında başqa şey yox idi və bu səbəbdən işğal və faciələr törətmişdi. Simonyanlar, paşinyanlar və başqaları demokrat qiyafəsində iqtidar kürsüsündə əyləşəndə isə qorxunc tendensiyaya son qoymaq şansına malik idilər. Ancaq nə etdilər? “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını eşitdik. Gördük ki, irqçilik və etnik müstəsnalıq ideologiyası özünü demokrat adlandıran baş nazir Nikol Paşinyan hakimiyyətinin də başlıca fəaliyyət dəstxətidir. 

Bilavasitə, Simonyanın adını çəkdiyi Altay dağlarından söz düşmüşkən, qeyd edək ki, son dörd ildə bu deyim artıq ikinci dəfədir işlənir. İlk dəfə 44 günlük müharibə başlayanda, 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı müharibəyə start verəndə, ölkə ordusunun baş qərargah rəisi məqsədlərinin azərbaycanlıları Altay dağlarına qovmaq olduğunu bildirmişdi. Müdafiə naziri isə “yeni ərazilər uğrunda yeni müharibə” şüarını ortaya ataraq erməni varlığının dağıdıcı, sülhdən uzaq mahiyyətini ortaya qoymuşdu. Bu məsxərə dolu həyasızlıqların Ermənistan üçün hansı qorxunc aqibətlə nəticələndiyini bütün dünya gördü. Beynəlxalq aləm erməni qövmünün necə rəzil və miskin duruma düşdüyünə şahidlik etdi. Paşinyanın yalvarmadığı dünya lideri qalmadı. Ölkənin rəhbəri adını daşıyan şəxs gərək indi utandığından üzə çıxmaya. Amma çıxır və arsızcasına İrəvanın küçələrində velosiped sürür, hərdən Simonyanı da yanına alıb veyillənir. Necə deyərlər: utanmasan, oynamağa nə var ki?

Sonda Simonyan, belə demək mümkünsə, Altay dağları məntiqinin onun xalqa çevrilə bilməyən, hələ də tayfa təfəkküründə qalan milləti üçün hansı acınacaqlı durum formalaşdırdığını yaxşı-yaxşı düşünsün. Düşünsün ki, 44 günlük müharibə zamanı gördükləri “dəmir yumruq” yerindədir və hər zaman başlarına enə bilər. Simonyan “dəmir yumruğ”un yeni zərbəsinin daha öldürücü olacağını, Cənubi Qafqazda Ermənistan adlı heç nəyin qalmayacağını götür-qoy eləsin. Onsuz da bugünkü erməni rəhbərliyinin yeritdiyi siyasət erməni varlığını ibtidai mərhələyə doğru geri qaytarmaqdan başqa bir şey deyil. O mərhələdə dünyanın müxtəlif yerlərinə pərən-pərən düşmüş ermənilər var idi, dövlət yox!

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət